Razılaşdırılmamış məsələlərlə saziş imzalanması mümkün deyil
Rəsmi İrəvan sülhə aparan yolun üzərində ən müxtəlif və bəzən ağlagəlməz maneələr yaratmaqla prosesi qeyri-müəyyən müddətədək uzatmağa çalışır. Bundan ötrü Ermənistan rəhbərliyi boynuna götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, yeni “diplomatik gedişlər” edir, beynəlxalq ictimaiyyətin gözündə özünü “sülhə meyilli” tərəf kimi göstərir. Hayların baş diplomatı Ararat Mirzoyanın mətbuat konfransında İrəvanın razılaşdırılmış 80 faiz məsələlərlə sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməsi isə lümpen kütləyə hesablanmış diplomatik jestdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalarla bağlı fikirləri ilə əlaqədar verdiyi şərhdə birmənalı şəkildə qeyd edilir ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür. “Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən, 70 gün sonra öz şərhlərini göndərib”. Qeyd olunan şərhdə Ermənistan tərəfinin Azərbaycanın təqdim etdiyi təklifə adekvat reaksiya vermək əvəzinə, layihədə əks olunması zəruri sayılan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərdiyi bildirilir.
Azərbaycan XİN rəsmisi haqlı olaraq qeyd edir ki, sülh sazişi üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən, 80 faiz razılaşdırılsa da, bəzi müddəalar üzrə razılıq əldə edilməyib: “Ancaq, bu, o demək deyil ki, Ermənistan tərəfinin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə aydınlıq gətirilməlidir”.
Bu zaman A.Hacızadə onu da nəzərə çatdırır ki, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu istənilən formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyətinə şübhələr yaradır: “Saziş layihəsinin imzalanması üçün Ermənistan, ilk növbədə, Azərbaycana qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir”.
* * *
“Azərbaycanla sülh sazişini imzalamağa hazırıq” məzmununda diplomatik feyk-tezisin davamı dünən “İrəvan dialoqu” forumunun açılışında baş nazir Nikol Paşinyanın ifasında səsləndirildi. Baş diplomatının başladığı “sülh demarşı”nı yeni siyasi çalarlarla “zənginlşdirən” baş nazir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin təxminən 80 faiz razılaşdırıldığını bəyan edib. O, hətta artıq razılaşdırılanları kağıza köçürməyi, müqaviləni imzalamağı təklif edib. “Bu bir təsis sənədi olsun, sonra qalan məsələləri müzakirə edərik”, – deyən Paşinyan Ermənistan və Azərbaycanın sülh müqaviləsində nəzarət payından başqa bir şeyin olmasından da danışıb: “Biz təklif edirik ki, 13+3 (?) sazişinin bəndləri masaya qoyulsun və indi “sülh müqaviləsi” kimi imzalansın”.
Hayların baş naziri “sülhpərvər” çıxışına davam edərək, “heç vaxt heç yerdə bütün məsələləri birdəfəyə həll edən saziş olmayıb” kimi fəlsəfi mülahizələrini də auditoriyaya ərz edib: “Belə bir razılaşma yoxdur. 20 deyil, 50 maddəni nəzərdən keçirsək belə, sənəddə yenə də həllini tapmayan məqamlar olacaq. Münasibətləri bir müqavilə ilə tənzimləyən tərəflər olmayıb”.
Bir neçə gün öncə sülh sazişindəki 17 bənddən 14-nün razılaşdırıldığını bildirən Ermənistan baş naziri “İrəvan dialoqu” forumunun tribunasından Azərbaycanın və bölgədə maraqlı aktorların ünvanına üfürdüyü “sülh mesajları” ilə “sülh göyərçini” cildində görünməyə çalışır. O, auditoriya qarşısındakı populist çıxışında bir az da irəli gedərək, artıq neçənci dəfədir ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının yer aldığını bildirib. Paşinyanın istər tarixi, istərsə də hüquqi cəhətdən nonsens sayılan iddiasına görə, Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktı Ermənistanın indiki coğrafiyasının Azərbaycan ərazisi hesab edildiyi 1918-ci il Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edir. “Ancaq qeyd etmək lazımdır ki, biz bunu danışıqların predmetinə çevirmirik. Çünki sülh müqaviləsinin razılaşdırılmış mətnində deyilir ki, heç bir tərəf öz daxili qanunvericiliyinin müddəalarını uğursuzluğuna bəhanə kimi əsaslandıra bilməz”. Onun iki ölkənin baş qanunlarında paralellər aparmaq niyyətinin, sadəcə, sülh danışıqlarında paritetə nail olmaq cəhdindən başqa bir şey olmadığı hamıya gün kimi aydındır. Üstəlik, bu qondarma iddiadan müharibədə məğlub tərəfin qalibə qarşı istifadə etməsinin adı siyasi avantüradır.
* * *
Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən siyasi icmalçı Fərhad Məmmədovun fikirləri maraq doğurur: “Ararat Mirzoyan, Nikol Paşinyan deyirlər ki, bugünədək razılaşdırılmış maddələr əsasında sülh sazişini imzalayaq. Azərbaycan tərəfi hələ bu ilin may ayında əsas prinsiplər üzrə ilkin çərçivə sənədinin, daha sonra isə sülh müqaviləsinin imzalanmasını təklif etmişdi. Yəni, sülhə mərhələli şəkildə gəlməyin yol xəritəsini ortaya qoymuşdu. Burada ən vacib məsələ Azərbaycanın Ermənistan konstitusiyasında ərazi iddialarının yer aldığı müddəaların aradan qaldırılması ilə bağlı tələbidir. Bu tələbi yerinə yetirməkdən boyun qaçırmaq üçün 2027-ci ildə referendum keçiriləcək. Artıq bu, Azərbaycana, o cümlədən, proseslə yaxından maraqlanan qüvvələrə açıq mesajdır ki, yaxın üç il ərzində sülh saşinin imzalanması baş tutmayacaq. Rəsmi İrəvan Bakının təklif etdiyi yolu, bir növ, bəhanə kimi ortaya atır. Azərbaycan rəhbərliyi isə ən yüksək səviyədə bildirib ki, sülh müqaviləsi yalnız konstitusiyada dəyişiklik ediləndən sonra imzalana bilər”.
Amma indiki dövrdə, referenduma qədər ümumi prinsiplərin əsasında hansısa sazişi imzalamaq və kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, ikitərəfli münasibətlərin normallaşması istiqamətində müəyyən addımların atıldığını nəzərə çatdıran siyasi icmalçı üç ildən sonra davamlı və uzunmüddətli sülhün yaranması perspektivindən də danışdı: “İki məqam COP29-la Qərbin gözləntiləri ilə bağlıdır. İstək ondan ibarətdir ki, ya tədbirdən əvvəl, ya da onun gedişində tərəflər bir sənəd imzalasınlar və onun da adını sülh müqaviləsi qoysunlar. Nikol Paşinyan Qərbin məhz bu gözləntilərinə cavab olaraq, “Nədə razılığa gəlmişiksə, onun altından imza ataq və bunu dünyaya göstərək” kimi oyununu aparır. Əfsuslar olsun ki, Ermənistan baş naziri yenə də konyukturaya uyur, olduqca dar çərçivədə fikirləşir. Azərbaycan isə sağlam və uzunmüddətli təkliflərlə çıxış edir. Söhbətin məğzi odur ki, biz hər hansı tədbirin xatirinə Ermənistanla 30 ildir davam edən münaqişəni bir dəfəyə yekunlaşdıra bilmərik. Tədbirlər gəldi-gedərdi, amma qalan problemlər, münasibətlər daimidir. Bu mənada, rəsmi Bakı məsələlərə köklü şəkildə, İrəvan isə perspektiv və konyuktura xatirinə yanaşır. Fərq bundadır”.
* * *
Nikol Paşinyanın dünənki çıxışında səsləndirdiyi “maraqlı tezislər”dən daha birinin üzərində dayanmağa ehtiyac duyuruq. O, bildirib ki, sülh müqaviləsinin razılaşdırılmış bəndlərindən biri hər iki tərəfə danışıqları davam etdirməyə imkan verəcək birgə mexanizmi nəzərdə tutur. “Sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan faktı demirəm. Həmin mexanizmə görə, belə qərarlar verə bilərik. Biz bu təklifi açıq və rəsmi şəkildə vermişik. Mən sülh müqaviləsinin razılaşdırılmış mətnini və münasibətlərin qurulması haqqında sazişi ən qısa zamanda imzalamağa hazır olduğumu bildirirəm”.
Bakı artıq belə köhnəlmiş hay nağıllarına inanmır. Bəli, “diplomatik demarşı”nın eyforiyasına uyan Paşinyan tezliklə Bakı ilə diplomatik münasibətlərin qurulmasından dəm vurur. Sanki, o, özünü Azərbaycanın sülh sazişindəki müddəaların razılaşdırılmış 80 faizindən özü üçün daha önəmli saydığı qalan 20 faizə daxil olan tələblərini yerinə yetirmiş kimi qələmə verir. Yəni, öz ölkəsinə və dünyaya özünü “sülh carçısı” kimi sırımağa çalışır və bununla, guya, Bakının mövqeyində yumşalmaya nail olacağına ümid edir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev hesab edir ki, ortaya qoyulan hər bir sənədin öz fəlsəfəsi və prinsipləri var: “Sülhə nail olmaqdan ötrü hazırlanan sülh müqaviləsi də hərtərəfli, davamlı və tutarlı olmaldır. Məhz belə bir sülhə nail olmaqdan ötrü ən əsas, prinsipial məsələlər sazişin mətnində öz əksini tapmalıdır. Misal üçün, sərhədlərin delimitasiyası üzrə iki ölkə arasında ayrı bir sənəd mövcuddur və orada müəyyən bəndlər üzrə razılıq əldə edilib. İki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması prinsipinə əsaslanan delimitasiya bunsuz üzünmüddətli ola bilməz. Yəni, proses hansısa mərhələdə dayana bilər. Ona görə ki, ərazi bütövlüyünün qarşılıqlı tanınmaması sonradan müəyyən problemlərin ortaya çıxması ilə nəticələnə bilər. Amma tanınma varsa, yerdə qalanlar texniki məsələlərdir. 50 metr o tərəfdə, 30 metr bu tərəfdə, bunlar demarkasiya prosesinin suallarıdır”.
Ermənistan tərəfinin sülh sazişindən üç-dörd maddənin çıxarılması təklifinə toxunan mərkəz rəhbəri həmin istiqamətdə də gələcəkdə yeni problemlərin yarana biləcəyini istisna etmədi: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, imzalanacaq sənəd bütöv, bütün müddəalar üzrə tərəflərin öz aralarında razılaşdırdığı müqavilə olmalıdır. Əks təqdirdə, sülhün əldə olunmasından danışmağa dəyməz”.
Göründüyü kimi, bütün üsul və vasitələrinin tükəndiyi Hayastan rəhbərliyi sülhdənqaçma yolunda sonuncu “patronlarını” xərcləməkdədir. Qərblə Rusiya, reallıqla daşnak-revanşizmi arasında qalan Paşinyanın “İrəvan dialoqu” forumunda dünənki çıxışı isə nədənsə bizə “Qu quşunun son nəğməsi”ni xatırlatdı...
İmran BƏDİRXANLI
XQ