Azərbaycan XİN-in Paşinyana cavabı

post-img

Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan dialoqu” forumunda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr üçtərəfli Bəyanatı ilə bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Er­mənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaş­dırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.

"Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı for­mada imzalamaq niyyətindən asılı olmaya­raq Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalan­ması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şə­kildə istinad edən Ermənistan Konstitusi­yası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azər­baycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Guya, Azərbaycanın Konstitusiya ak­tında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında pa­ralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Kons­titusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsin­də Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.

Ermənistan tərəfinin sülh müqaviləsi la­yihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanun­vericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz oldu­ğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazi­şin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazi­rin açıqlamasına gəldikdə, baş nazirin təm­sil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.

Kommunikasiyaların açılması məsələ­sində də Ermənistan baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli Bəyanatın 9-cu bən­dində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.

Ümumilikdə, üçtərəfli Bəyanat imza­lanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbay­can ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin, guya, qaçqın və məcburi köçkünlərin geri qayıtmasına ma­neçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hər­bi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərin­dən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənis­tana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.

Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separat­çı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qayta­rıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub.

Müxtəlif platformalardan istifadə et­məklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermə­nistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırı­rıq", – XİN sözçüsü bəyan edib.

XQ

Siyasət