Daşbulaqlılar və Seyidbəylilər də doğma yurda qayıtdılar
Qarabağa Böyük Qayıdış prosesi davam edir. Dünən Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç doğma yurda çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən XQ-yə verilən məlumatda bildirilir ki, bu münasibətlə keçirilən şənlikdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Prezidentin bölgədə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşüb. Kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, evlər içməli su, elektrik enerjisi, qazla təmin edilib.
Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Doğma Daşbulaq kəndinə köç edən keçmiş məcburi köçkün Gülçöhrə Əliyeva müxbirimizə deyib:
– 13 sentyabr mənim üçün unudulmaz gündür. Uzun illərdən sonra doğma torpaqlara qayıdıram. Doğma torpaqlardan vəhşiliklə qovulanda gənc qız idim. İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Artıq həsrət dolu illər geridə qalır, qarşıda isə bizi doğma yurdumuzda xoş günlər gözləyir.
***
Həmin gün Xocalı rayonunun Seyidbəyli kəndinə yola düşən ilk köç karvanı ünvana çatıb. Onlara da abad mənzillərin açarları təqdim edilib.
İlk mərhələdə Seyidbəyli kəndinə 9 ailə – 30 nəfər köçürülüb. Öz yurduna qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.
Seyidbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Sultan Əsədov bildirib ki, o məcburi köçkün düşəndə 24 yaşı olub:
– Şəki rayonunda məskunlaşmışdıq. Çətinliklərimiz çox olsa da, dövlət hər zaman dayağımız olub. Bu gün isə doğma torpaqlarda yeni həyata başlayırıq. Çox sevinirik, 33 ildən sonra yenidən bu yerlərə qayıtmışıq. Xocalı torpağı çox müqəddəsdir. Burada həm hərbçilərimizin, həm də mülki əhalinin qanı tökülüb. Allah bizi bu xoşbəxtliyə qovuşduran şəhidlərimizə rəhmət eləsin.
T.RÜSTƏMLİ
XQ