Yazıldı tarixə qızıl bir xətlə...

post-img

1918-ci ilin sentyabrın 15-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Məhz həmin gün qəhrəman Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu Bakı şəhərini erməni–daşnak işğalından azad edib. Bu, Azərbaycan–Türkiyə qardaşlığının ən parlaq və unudulmaz səhifələrindən biridir.

28 yaşlı Nuru Paşa o gündən hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldıb. Bu gün də adı dillər əzbəri olan türk fatehinə həsr etdiyi “Nuru Paşa” poemasında Nəriman Həsənzadə necə də gözəl yazıb:

“Nuru Paşa at belində
Türkiyədən – Qarsdan gəlir.
“Azərbaycan” deyə-deyə,
Yaralanmış aslan gəlir...”

Xatırladaq ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı elan olunmuşdu. Müsəlman Şərqində ilk dəfə sivil, demokratik respublikanın təməli qoyulurdu. Yeni dövlətin qurucuları olduqca böyük və şərəfli bir missiyaya başladıqlarının fərqində idilər. Bununla bərabər, qarşıda son dərəcə çətin vəzifələr dayanırdı. Çünki düşmənlər AXC-ni beşikdəcə boğmaq niyyətində idilər.

İlk növbədə, Azərbaycanın həm düşünən beyni, həm də ürəyi olan Bakını erməni daşnaklarından azad etmək lazım idi. Həmin dövrdə özünün üzləşdiyi çox sayda bir-birindən ağır problemlərə rəğmən, Türkiyə xalqımıza əsl qardaşlıq köməyi göstərməyi qərara aldı. Nəyin bahasına olursa-olsun, Bakı azad olunmalı idi. Azərbaycan bütövlükdə Türk dünyası üçün həyati əhəmiyyət kəsb edirdi.

General Nuru Paşanın komandanlığı altında türk ordusu Azərbaycana göndərildi. İki hərbi qrupdan ibarət 5-ci Qafqaz diviziyası vaxt itirmədən Gümrü–Dilican–Qazax istiqamətində hərəkət etdi. Birinci qrup iyunun 11-də, ikinci qrup isə iyunun 12-də Qazaxa çatdı. Türk ordusu yerli əhali tərəfindən sonsuz sevinc və coşqu ilə qarşılandı.

Bunun ardınca 15-ci Çanaqqala diviziyası Gəncəyə gəldi. Nuru Paşanın komandanlığı altında könüllülərdən ibarət Azərbaycan korpusu ilə birləşən bu hissələr Qafqaz İslam Ordusunu yaratdılar. Azərbaycanın hər bir guşəsindən igidlər türk əsgər və zabitlərinə qoşulmağı özlərinə şərəf bilirdilər. Bəli, milli qeyrət və namus məqamı idi.

Qafqaz İslam Ordusu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyatları keçirdi. İyulun əvvəllərində milli qüvvələr Göyçay ətrafında əsasən, ermənilərdən ibarət Bakı Sovetinin silahlı hərbi birləşmələrini darmadağın etdilər və Bakı şəhəri istiqamətində irəlilədilər. 1918-ci il iyulun sonunda Qafqaz İslam Ordusunun igid əsgər və zabitləri Bakı ətrafına çatdılar. Həmin günlərdə qatı millətçi, bolşevik S.Şaumyanın cinayətkar, quldur dəstəsi Bakıdan qaçmışdı, bolşeviklərin hakimiyyətini “Sentrokaspi” diktaturası əvəz etmişdi.

“Sentrokaspi” diktaturası Böyük Britaniyadan hərbi yardım alsa da, Qafqaz İslam Ordusunun hücumu qarşısında duruş gətirə bilmədi. Şiddətli döyüşlərdən sonra 1918-ci il sentyabrın 15-də – Qurban bayramı günü Azərbaycan–Türkiyə ordu birləşmələri Bakıya daxil oldular. Şəhərin küçələrində erməni-daşnak və bolşevik tör-töküntüləri ilə ağır döyüşlər oldu. Düşmən darmadağın edilərək təslim edildi.

Görkəmli yazıçı Manaf Süleymanov o təlatümlü dönəmi özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində geniş təsvir edərək qeyd etmişdir ki, həmin taleyüklü günlərdə Bakı sakinləri hədsiz sevinc içində idilər. Hər evdə, küçə və meydanlarda böyük bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Bakı Nuru Paşaya xilaskar gözü ilə baxır, ona haqlı olaraq dərin hörmət və ehtiram bəsləyirdi. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Bakının azad edilməsi xəbərini İstanbulda eşitmişdi. O, dərhal Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyskiyə teleqram göndərib, Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmişdi. Fətəli xan Nuru Paşaya xitabən demişdir: Millət sizə minnətdardır!

Acı təəssüf ki, Türkiyənin Birinci Dünyа müharibəsində məğlubiyyəti xalqımızın azadlıq uğrunda mücadiləsini yarımçıq qoydu. 1920-ci ilin 28 aprelində bolşevik Rusiyası Azərbaycanı işğal etdi. 71 il sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini yenidən bərpa etdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 il yaşadı. Amma azadlıq mücahidlərinin qanı hədər getmədi. Onlar xalqımıza milli istiqlalın səadətini yaşatdılar. Həyat sübut etdi ki, Azərbaycan xalqı azad, müstəqil yaşamağa layiq və qadirdir.

...5 il bundan əvvəl, 2020-ci ilin payızında isə müzəffər Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli liderliyi ilə 30 il işğal altında olan əzəli torpaqlarımızı ermənilərdən azad etdi. 1918-ci ildə olduğu kimi, qardaş Türkiyə bu dəfə də “can Azərbaycan”a hərtərəfli dəstək verdi.

Prezident İlham Əliyev dəfələrlə deyib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birilə yaxın ölkə və xalq yoxdur. Bunun danılmaz, qürurverici həqiqət olduğunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın dilindən böyük şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını dinləyəndə bir daha duydum:

“Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!”

...Qafqaz İslam Ordusu Azərbaycanda apardığı ağır döyüşlərdə 1130 şəhid verib. Ölkəmizin əsgər bölgələrində şəhid türk əsgər və zabitlərinin məzarları üzərində qardaşlıq abidələri ucaldılıb. Onlar indi bizim and yerlərimizdir. İnsanlarımız onları sonsuz bir hörmət hissi ilə anırlar, daim yad edirlər.

15 sentyabr Bakının düşmən işğalından qurtuluşunun 107-ci ilini qeyd edərkən, başda Nuru Paşa və silahdaşları olmaq üzrə Birinci və İkinci Qarabağ müharibələrində torpaq, Vətən uğrunda canlarının qurban verən bütün şəhidlərimizi minnətdarlıqla xatırlayır, hamısına rəhmət diləyirik.

Yadımdadır, unudulmaz müəllimimiz, BDU-nun professoru Şirməmməd Hüseynov biz tələbələri ilə söhbətləri zamanı tez-tez deyərdi ki, siz gənclər türk olmağınızla həmişə qürur duymalısınız: Türk ac, susuz qalar, amma bir qarış torpağını düşmənə verməz! Türk üçün torpaq, Vətən şərəf və milli qürur məsələsidir!

Bu gün türk xalqları “İşdə, əməldə, düşüncədə birlik” tövsiyə edən ulu babaları İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp və digərlərinin arzu və xəyallarını reallığa çevirərək, birgə səylərlə Böyük Turan qururlar. Bəli, biz birlikdə güclüyük.

Sonda bir daha vurğulamaq istəyirik ki, türkün 15 sentyabr Bakı zəfəri iki qardaş xalqın əbədi birlik və həmrəylik rəmzi kimi yaşayır. Qərinələr, əsrlər, minillər keçəcək, amma bu zəfəri qazananların adları qədirbilən millətimizin yaddaşından heç vaxt silinməyəcək.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat