Yerdən yağdırılan yağış

post-img

Bu texnologiya ümumi su ehtiyatlarını artıracaq, qıtlığı aradan qaldıracaq

XXI əsrdə dünyanın ən ciddi problemlərindən biri kimi önə çıxan su qıtlığı artıq qlobal təhlükəsizlik məsələsinə çevrilib. İqlim dəyişikliyi, quraqlıqların miqyasının genişlənməsi, əhalinin artması və sənaye – kənd təsərrüfatı fəaliyyətinin sürətlənməsi ilə təmiz su tələbatı kəskin həddə yüksəlib. BMT-nin məlumatına görə, bu gün dünyada 2 milyarddan çox insan təhlükəsiz içməli su çatışmazlığı ilə üzləşib. Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionu bu problemin təsirinə məruz qalıb.

Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında iqlim dəyişikliyi nəticəsində ölkəmizin yerli və transsərhəd su ehtiyatlarının 15-20 faiz azaldığı, bununla da respublika ərazisindəki su potensialının ümumi həcminin, təxminən, 19 milyard kubmetr təşkil etdiyi bildirilib. Eyni zamanda çaylarda da su səviyyəsinin getdikcə aşağı düşəcəyi, temperatur artımının qarşısı alınmasa gələcəkdə su ehtiyatlarının 20-30 faiz azala biləcəyi, beləliklə, respublikamızın ciddi problemlərlə üzləşəcəyi diqqətə çatdırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkənin kənd təsərrüfatında istifadə olunan suyun həcmi 6 milyard kubmetr olub, səmərəsiz suvarma sistemləri səbəbindən isə bu həcmin, təqribən, 35 – 40 faizi itki kimi qeydə alınıb.

Beynəlxalq Təbii Ehtiyatlar İnstitutunun 2040-cı il üçün hazırladığı hesabata əsasən Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxu ölkə xaricində formalaşır. Quraqlıqdan əziyyət çəkən 33 ölkə siyahısında Azərbaycan 18-ci yerdə qərarlaşır. Respublikada təqribən 1,4 milyon hektar suvarma sahəsi var. 2023-cü ildə suvarılan sahələrin 4 faizində, hazırda isə təxminən 11 faizində becərmə işləri müasir suvarma sistemi ilə reallaşır. Mütəxəssislərin fikrincə, belə bir göstərici çox aşağıdır. Ona görə də bu istiqamətdə önəmli layihələr həyata keçirilir, fermerlərə yetərincə subsidiya dəstəyi verilir.

Yeri gəlmişkən, son 6 ildə təqribən 40 min hektardan çox, bu ilin ilk yarısında isə 2 min hektardan artıq sahədə müasir suvarma sistemləri qurulub. Kənd təsərrüfatında müasir suvarma mexanizmləri, qurğuları və avadanlıqlarının subsidiyalaşdırılması, eləcə də maliyyələşdirilməsi diqqətdə saxlanılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su təsərrüfatı siyasətinə əsasən 2025–2027-ci illər ərzində icrası nəzərdə tutulan yeni texnologiyaların tətbiqinə başlanılıb. Belə ki, cari ilin sonuna qədər süni yağış və havadan su əldə edilməsi ilə bağlı texniki – iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması, 2026-cı ildə pilot ərazilərin seçilməsi və sınaq planlarının hazırlanması, 2027-ci ildə isə ilk pilot layihənin icrası, eləcə də real nəticələrin qiymətləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı, paralel istiqamət kimi yeraltı suların təmizlənməsi və istifadəyə cəlb olunması da qərara alınıb. Yüksək minerallaşmış suların təmizlənməsi və istifadəsi sayəsində su təminatı zəif olan kənd və qəsəbələrin problemlərinin də həlli qarşıya mühüm vəzifə kimi qoyulub.

Diqqətə çatdırılan rəqəmlər də göstərir ki, son illərdə su ehtiyatlarının azalması daha çox kənd təsərrüfatı və məişət sektorunda özünü daha qabarıq büruzə verir. Bu səbəbdən dövlət səviyyəsində alternativ həll mexanizmlərinin hazırlanması qarşıda mühüm vəzifə kimi durur. Onlardan ən səmərəli üsul isə yağış texnologiyasının tətbiqidir.

Xatırladaq ki, qlobal miqyasda süni yağış texnologiyasının ən uğurlu tətbiq edildiyi ölkələrdən biri İsraildir. 1972-ci ildən indiyədək bu ölkədə “bulud toxumlama” (cloud seeding) üsulundan geniş istifadə olunur. İsrailin Milli Su Qurumu (“Mekorot”) şirkətinin Azərbaycana süni yağış layihəsi təqdim etməsi də onun bu sahədə zəngin təcrübəsi ilə bağlıdır.

Mütəxəssislərin fikrincə, süni yağış texnologiyasının prinsipi sadəliyi ilə seçilir. Belə ki, buludların içərisinə gümüş yodid kristalları səpilir, bu, aerozolların kütləsini artıraraq yağışın düşməsini sürətləndirir. Lakin uğurlu tətbiq üçün yüksək dəqiqlikli radar sistemləri, iqlim və hava axınlarının proqnozlaşdırılması, eyni zamanda peşəkar idarəetmə zəruridir.

Ekspertlərin qənaətinə görə, Azərbaycanda süni yağış layihəsinin həyata keçirilməsi ilə quraqlığın mənfi təsirləri azalacaq, bu, daha çox Kür – Araz ovalığı və Aran zonalarında hiss olunacaq. Nəticədə suvarma imkanlarının genişlənməsi hesabına kənd təsərrüfatında məhsuldarlıq artacaq. Bu cür əlavə süni mənbələrin hesabına yeraltı su ehtiyatlarının qorunması da gerçəkləşəcək. Şəhər və kəndlərdə su təminatının yaxşılaşması isə sosial rifahın yüksəlməsinə mühüm töhfə verəcək. Nəhayət, süni yağış layihəsinin reallaşdırılması ekoloji balansın qorunmasını, iqlim dəyişikliyinin yaratdığı təsirlərin yumşaldılmasını şərtləndirəcək.

Təbii ki, sadalanan bu müsbət nəticələrlə yanaşı, sözügedən layihənin bəzi risklərinin də müşahidə ediləcəyi gözlənilir:

– ilkin mərhələdə radar sistemləri, aviasiya vasitələri və texniki infrastruktur böyük investisiya tələb edir;

– süni yağış layihəsində səmərəlilik, yəni texnologiyanın yalnız müəyyən hava şəraitində işləməsi, buludlu havanın mövcudluğu əsas şərtlərdən biridir;

– bu məsələdə ekoloji təsirlərin, məsələn, gümüş yodidin uzunmüddətli ekosistem təsirləri barədə müxtəlif elmi fikirlərin mövcudluğu da diqqət çəkir.

Yeri gəlmişkən, İsrailin “Mekorot” şirkəti tərəfindən ölkəmizə təqdim olunan süni yağış layihəsi ilkin mərhələdə milyonlarla dollar investisiya tələb etsə də uzunmüddətli perspektivdə iqtisadi səmərəli sayılır. Hesablamalara görə, bu təşəbbüsün gerçəkləşməsi ilə 1 kubmetr əlavə suyun maya dəyəri duzsuzlaşdırma və digər alternativ üsullarla müqayisədə 2–3 dəfə ucuz başa gəlir. ABŞ-da aparılan araşdırmalara əsasən kənd təsərrüfatında süni yağış vasitəsilə məhsuldarlığın artımı hər il 10–15 faiz əlavə gəlir gətirir.

Bu məqamda beynəlxalq təcrübəyə, inkişaf etmiş ölkələrin yanaşmasına da xüsusi diqqət yetirilməlidir. Mütəxəssislərin fikrincə, Azərbaycanın bu sahədə ilk addımlar atdığı dövrdə digər ölkələrin təcrübəsi də diqqət mərkəzində saxlanılmalıdır. Məsələn, ABŞ dünyada süni yağış texnologiyasının ən çox istifadə edildiyi ölkədir. Kaliforniya, Texas və Kolorado kimi ştatlarda kənd təsərrüfatı və su anbarlarının doldurulması üçün bu üsuldan geniş istifadə olunur. ABŞ-da texnologiyanın idarə edilməsi məqsədilə xüsusi meteoroloji mərkəzlər fəaliyyət göstərir.

Çində də dünyanın ən iri süni yağış proqramı var. Xüsusən Pekin Olimpiadası (2008) ərəfəsində şəhərdə hava şəraitinin idarə olunması üçün “bulud toxumlama”dan geniş istifadə olunub. Çin hazırda bu texnologiyadan quraqlıq bölgələrdə kənd təsərrüfatının inkişafı məqsədilə istifadə edir. Avstraliya da quraqlıqdan əziyyət çəkən ölkələrdən biridir. Burada süni yağış texnologiyasından daha çox su ehtiyatlarını artırmaq üçün sınaq məqsədilə istifadə olunur və əsas məqsəd kənd təsərrüfatı məhsuldarlığının qorunmasıdır.

Süni yağış texnologiyasının ən çox istifadə edildiyi ölkələr sırasında yer alan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının ən quraq ölkələrindən biridir. Burada 2010-cu ildən “bulud toxumlama” texnologiyasına milyardlarla dollar sərmayə yatırıb. BƏƏ-də ən müasir dronlardan və xüsusi aviasiya vasitələrindən istifadə edilir. Sinqapurda isə kiçik əraziyə malik olsa da tropik iqlimdə sudan istifadənin optimallaşdırılması məqsədilə süni yağış və dəniz suyunun duzsuzlaşdırılması kombinə olunur.

Beləliklə, beynəlxalq təcrübə göstərir ki, süni yağış texnologiyası qətiyyən möcüzəli həll deyil, lakin doğru planlama və davamlı yanaşma ilə su qıtlığı probleminin yüngülləşdirilməsində mühüm rol oynaya bilər. Azərbaycan da hazırda bu istiqamətdə mərhələli yanaşmanı seçərək həm texniki-iqtisadi əsaslandırmanı, həm də beynəlxalq tərəfdaşların təcrübəsini nəzərə alır.

Uzunmüddətli perspektivdə süni yağış texnologiyasının yeraltı suların təmizlənməsi, su anbarlarının modernləşdirilməsi, suvarma sistemlərinin səmərələşdirilməsi və iqlim adaptasiyası ilə birlikdə həyata keçirilməsi ölkəmizin su təhlükəsizliyinin təminatında əsas baza rolunu oynaya bilər.

Azərbaycanda gündəmə gətirilən süni yağış texnologiyası həm innovativ, həm də strateji əhəmiyyətə malik bir addımdır. Su qıtlığı problemi yalnız texniki həllərlə deyil, eyni zamanda kompleks dövlət siyasəti, regional əməkdaşlıq və ictimaiyyətin maarifləndirilməsi ilə həll oluna bilər. Beynəlxalq təcrübə sübut edir ki, bu sahədə irəliləyiş üçün həm texnologiyanın, həm də düzgün idarəetmə və maliyyələşmənin paralel şəkildə tətbiqi zəruridir. Beləliklə, qarşıdakı illərdə Azərbaycanda həyata keçiriləcək pilot layihələr ölkəmizin su siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər və gələcəkdə region üçün nümunəvi model formalaşdırmaq potensialına malikdir.

Səid SƏFƏROV,
coğrafiya elmləri doktoru, iqlimşünas

Bir sıra ölkələrdə süni yağış texnologiyalarından daha çox meşə yanğınlarının qarşısının alınması üçün istifadə olunur. Çünki bəzən insanların gücü və hətta təyyarələrin köməyi ilə meşə yanğınlarının söndürülməsi problemə çevrilir. Belə şəraitdə isə həmin əraziyə müəyyən həcmdə yağıntının düşməsi hadisənin qarşısını alır. Bəzi ölkələrdə kənd təsərrüfatının inkişafı məqsədilə süni yağış yağdırılması da artıq aktuallaşıb. Bunun mahiyyəti isə odur ki, bəzən havada qara buludlar olsa da yağıntı düşmür. Çünki yağıntının yaranması üçün bulud zərrəciklərinin ölçüləri müəyyən həddən böyük olmalıdır. Halbuki buludda kristallaşma mərkəzləri yoxdursa, bu, mümkün deyil.

Yer səthindən fərqli olaraq, orta troposferdə təbii kristallaşma mərkəzləri olmur və su damcıları, hətta mənfi temperaturda belə dona bilməyərək ifrat soyumuş vəziyyətdə qalır. Donma prosesi yalnız buludun yuxarı sərhədinin təxminən mənfi 20°C-yə uyğun hündürlükdən yuxarıya qalxdığı hallarda baş verir ki, bu da sinoptik şəraitlə əlaqədar həmişə reallaşmır və beləliklə də yağıntı düşmür.

Buluda daha yuxarı temperaturlarda buz zərrəciklərini əmələ gətirə bilən xüsusi reagentlər göndərməklə, adi halda yağıntı verməyən aşağı buludlarda belə yağışın yaranması reallaşır. Bu məqsədlə adətən xırdalanmış quru buz kristallarından və gümüş – yod reagentindən istifadə edilir. Süni kristallaşdırma mərkəzləri əsasən yerüstü tüstüləmə generatorları, xüsusi təyyarələr və raket – artilleriya sistemləri vasitəsilə buluda çatdırılır.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat