Dünya şöhrətli alimlərimizin Vətən sevgisi

post-img

Sentyabrın 10-da Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu Aynur Quliyeva və Reyhan Həsənovanın moderatorluğu ilə işini müxtəlif mövzularda davam etdirib.

Əvvəlcə “Azərbaycan ilə Skandinavi­ya və digər Qərbi Avropa dövlətləri arasın­da elm və təhsil münasibətləri” mövzusu ətrafında danışılıb.

Çıxış edənlər beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında elmi tədqiqatla­rın rolunu vurğulayıblar. İsveçdən olan azərbaycanlı alim Səadət Kərimi yaşadığı ölkənin elmi-tədqiqat sahəsindəki təcrübə­sindən bəhs edib. 

“Proqnozlaşdırılma və insan mü­daxilələrinin təsirinin qiymətləndirilmə­sində riyazi modellərin rolu” mövzusun­da çıxış edən Yulduz Rəhimov (Kanada) diqqətə çatdırıb ki, 1968-ci ilə nisbətən 2023-cü ildə adambaşına düşən enerji is­tehsalı 10,6 dəfə artıb. Bərpaolunan enerji mənbələri ilə bağlı fikirlərini bölüşən alim insanların tələblərinin azaldılması, istifadə edilən mənbələrin sayının artırılmasının vacibliyini vurğulayıb.

“Məlumat elminin (data science) in­kişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər” mövzusunda çıxış edən Asəf Salmanov (ABŞ) dəqiq elmlərə tələbin art­dığını vurğulayaraq informatikanın müasir dövrdə inkişafından danışıb. O, süni intel­lekt və yeni informasiya texnologiyaları ilə bağlı fikirlərini bölüşüb.

Mehdi Gəncəli isə (Türkiyə) “1918–1920-ci illərdə nəşr olunmuş “Azərbay­can” qəzetinin müasir zamanda əks-sədası” mövzusu ətrafında danışıb. Azərbaycanın müstəqillik tarixinə nəzər salan alim həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzetinin əhəmiyyətini vurğulayıb. 

Azərbaycanın Misirdə Diaspor Təş­kilatları Birliyinin sədri Seymur Nəsirov (Misir) “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar” mövzusunda fikirlərini bölüşüb. Alim 500-dən çox ərəb mənbəsini araşdırdığını və orada Bərdədən Zəncana qədər ərazilərin Azərbaycana aid olması faktı ilə rastlaşdığını diqqətə çatdırıb.

“Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələlə­ri üzrə hazırkı yanaşma” mövzusunda fi­kirlərini bölüşən Toğrul İsmayıl (Türkiyə) iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Tür­kiyədə təhsil alan gənclərimizin sayının ki­fayət qədər olduğunu deyən T.İsmayıl qar­daş ölkədə çalışan azərbaycanlı alimlərin sayının da xeyli artdığını diqqətə çatdırıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində çalışan Nigar Məsimova (Rusiya) “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və pers­pektivləri” mövzusu ətrafında danışıb. 

Nobel mükafatçısı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov (Avstriya) “Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəa­liyyəti” ilə bağlı geniş məzmunlu çıxış edib.

DAAB-ın fəaliyyət planı haqqında danışan B.Siracov Xaricdə Yaşayan Azər­baycanlı Alimlərin Forumunun əhəmiy­yətini qeyd edib. Strateji planların qəbul ediləcəyini bir daha vurğulayan Nobel mükafatçısı Forumla bağlı bir il ərzində konkret nəticənin ortaya qoyulmalı oldu­ğunu bildirib. Vurğulayıb ki, Azərbaycan hökuməti, Elm və Təhsil Nazirliyi konkret layihələr üçün kredit ayırmağa hazırdır və biz ortaya konkret iş qoyaraq bu etimadı doğrultmalıyıq.

Forumda müxtəlif mövzularda sessi­yalar təşkil edilib. Elm sahələri üzrə qrup­laşdırılmış iştirakçılar müzakirə olunan prioritet mövzular və ali məktəb rəhbərlə­rinin məruzələrində toxunulmuş məsələləri nəzərə alaraq, DAAB-ın strateji planları­nın hazırlanması üzərində işləyiblər.

Tədbirin sonunda təşkil edilən yekun iclasda qısa, orta və uzaq müddətli strate­giya planı hazırlanaraq qəbul edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dər­nəyinin təşkilatçılığı ilə keçirilən tədbirə bu gün yekun vurulacaq.

Forumda 23 ölkədən 80-dən çox azər­baycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

XQ

Son xəbərlər