Sentyabrın 11-12-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib. Səfər çərçivəsində nazir müavini ATƏT-in Finlandiya sədrliyi tərəfindən Praqada təşkil olunmuş “Dəyişən iqlim şəraitində dayanıqlı gələcəyin qurulması” adlı forumda iştirak edib, ikitərəfli görüşlər keçirib.
Forumun iqlim məsələlərinə həsr olunan sessiyasında əsas məruzəçi qismində çıxış edən Y.Rəfiyev Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının (COP29) tarixi nəticələri, qəbul olunmuş qərarlar və onların iqlim dəyişikliyi ilə mübarizə prosesinə verəcəyi töhfə barədə ətraflı məlumat verib, ATƏT-in regional təhlükəsizlik təşkilatı olaraq iqlim dəyişikliyi ilə mübarizə prosesində mümkün roluna dair fikirlərini bölüşüb.
Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Çexiyanın xarici işlər nazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüş keçirib.