Erməni silahlı quldurların cinayətləri sübuta yetirilir

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 12-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası istintaq sənədlərinin elan olunması ilə davam etdirilib. Sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavən–Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Kamal Rəhimovun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin olduğu avtobus ermənilər tərəfindən müxtəlifçaplı odlu silahlarla atəşə tutulub.

1991-ci il yanvarın 28-də Fəranə Nəzərova Xocavənd rayonunun Xocavənd kəndində qətlə yetirilib, 7-ci sinif şagirdi Azər Məmmədov xəsarət alıb. 1991-ci il fevralın 15-də isə Camal Nəbiyev Goranboy rayonunun Buzluq kəndinin yaxınlığında qətlə yetirilib.

1991-ci il fevralın 24-də Xankəndi şəhərinində sərnişinlərlə dolu avtobusa basqın olub, bir neçə mülki şəxs xəsarətlər alıb. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Qorxmaz Muradov 1991-ci il fevralın 25-də girov götürülüb, bir gün sonra qətlə yetirilib.

1991-ci il martın 2-də Xocavənd rayonunun sakini Haqverdi Yusifov, martın 8-də isə Qaradağlı kənd sakinləri Əkbər Quliyev və Zülfüqar Hüseynov qətlə yetiriliblər. 1991-ci il aprelin 4-də içərisində Ali Sovetin deputatları olan vertolyot Şuşa rayonunun Göytala kəndinə uçuş zamanı atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndinə məcburi eniş edərək qəzaya uğrayıb, bəzi sərnişinlər yaralanıb.

1991-ci il fevralın 20-də “QAZ-469” markalı avtomobilin atəşə tutulması, Daşdəmir İmanovun və Gürzalı Musayevin öldürülməsi faktları üzrə materiallar və fotolar da diqqətə çatdırılıb. Bundan başqa, azərbaycanlıların öldürülməsi, evlərinin dağıdılması və sair məqsədlə silahlı dəstələr yaradılması, 1991-ci il aprelin 18-də Şuşa rayonunun Nəbilər kəndinin, aprelin 23-də Şuşa şəhərinin atəşə tutulması, aprelin 19-da Şuşa-Ağdam marşrutu ilə hərəkət edən avtomobil karvanına hücum edilməsi üzrə faktlar da elan olunub.

Digər sənəddə bildirilib ki, 1991-ci il aprelin 26-da milis əməkdaşları Azər Xametov, Səlimxan Rəhimxanov, Nəcəf Verdiyev öldürülüb, Emin Bayramov isə yaralanıb.

Sədərək 1991-ci il aprelin 26-dan 28-dək toplardan, minaatanlardan atəşə tutulub, 26 nəfər kənd sakini, o cümlədən 3 nəfər milis işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İclasda 1988-1991-ci illərdə Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, azərbaycanlı sakinlərin evlərinin dağıdılması və dinc insanların öldürülməsi faktları da diqqətə çatdırılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qurgen Stepanyanın müdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

Məhkəmə prosesi sentyabrın 15-də davam etdiriləcək.

XQ



Son xəbərlər