Seysmik texnologiyalar yeniləşir

post-img

BP-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıqda keçirdiyi yüksək performanslı hesablama (HPC), hövzənin tədqiqi innovasiyaları, seysmik emal və məlumatların toplanması sahəsində irəliləyişlərə həsr olunmuş ikigünlük texniki seminarda bu qurumların mütəxəssisləri bilik və təcrübə mübadiləsi aparmış, gələcək əməkdaşlıq imkanlarını araşdırmışlar.

Seminarda müzakirə edilən əsas mövzulardan biri Azərbaycanın HPC sahəsində imkanları ilə bağlı olub. İqtisadiyyat Nazirliyinin nümayəndələri ölkədə yeni yaradılmış superkompüter imkanını təqdim edərək onun enerji sektorunda innovasiyaların sürətləndirilməsinə töhfə verə biləcək potensialını vurğulayıblar. Qeyd olunub ki, belə bir imkanın yaradılması ölkənin öz rəqəmsal transformasiyasını dəstəkləmək üçün güclü HPC infrastrukturu qurmaq öhdəliyini əks etdirir.

BP-nin qlobal yüksək performanslı hesablama təcrübəsinin müzakirəsi zamanı qurumun mütəxəssisləri şirkətin Hyustonda yerləşən HPC mərkəzinin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, bu mərkəz BP-nin texniki innovasiyalarını irəli aparmaqla yanaşı, lay simulyasiyası, rəqəmsal süxurlar, data elmi, seysmik görüntüləmə və hövzə modelləşdirilməsi sahələrində imkanlarını genişləndirir. Dövlət Neft Şirkətinin nümayəndələri isə Azərbaycanda seysmik məlumatların toplanması və emalı sahəsində gələcək planları təqdim edərək bu texnologiyaların region üçün strateji əhəmiyyətini vurğulayıblar.

Seminar çərçivəsində əməkdaşlıq layihələrinə də toxunulub. BP şirkəti texniki imkanların artırılması və innovasiyaların sürətləndirilməsi məqsədilə həyata keçirilən mövcud və planlaşdırılan əməkdaşlıq təşəbbüslərini təqdim edib. Sonda isə seysmik texnologiyalarda süni intellektin tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xəzər İnnovasiya Mərkəzinin mütəxəssisləri SOCAR-ın seysmik süni intellekt tətbiqləri sahəsində son nailiyyətlərini göstərərək süni intellektin lay görüntüləməsinə yeniliklər gətirdiyini və qərarların verilməsini sürətləndirdiyini nümayiş etdiriblər.

Seminarda sənaye ilə hökumət arasında davamlı əməkdaşlığın vacibliyini bir daha vurğulamaqla yanaşı, sağlam rəqabətin olmasının da regionun texnoloji irəliləyişində və Azərbaycanın qabaqcıl enerji texnologiyaları sahəsində regional lider mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı da diqqətə çatdırılıb.

 

İqtisadiyyat