İrəvan Moskvaya arxadan zərbə vurur

post-img

Qərbdən müasir silah alışının gizlinləri

Son illərdə silahlanma məsələsinə böyük diqqət ayıran, Hindistandan, Fransadan və digər Qərb ölkələrindən müasir silahlar, o cümlədən, hava hücumundan müdafiə vasitələri alan Ermənistan, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinə sovet istehsalı olan raketləri və zenit-raket komplekslərini verir. Bu barədə Rusiya mənbələri məlumat yayıblar.

Məsələn, “Fighterbomber” (qırıcı bombardmançı) ləqəbi ilə tanınan rusiyalı keçmiş hərbi pilot və bloger İlya Tumanov özü­nün “Telegram” kanalında yazır ki, Ermənistan hava hücumundan müdafiə vasitələrinin əhəmiyyətli hissəsini ukraynalılara verib. Xüsusilə, söhbət S-300, “Buk”, “Osa” və “Tor” komplekslərindən, eləcə də bu sistemlər üçün müvafiq raketlərdən gedir. Tumanov ironik şəkildə qeyd edir ki, Ermənistan hava hücumundan müdafiə komplekslərini Kiyevə təhvil verməklə uzun illər göstərmiş olduğu dəstəyə görə Rusiyaya məhz bu cür “təşəkkür” edib. Keçmiş hərbi pilot İrəvanın qərarını “Ukraynada müharibə fonunda Rusiyanın maraqlarına qarşı atılmış addım” adlandırıb.

Hələlik Rusiyanın Müdafiə Nazirliyi və digər strukturları, rəs­mi şəxsləri bu məsələ ilə bağlı heç bir şərh verməyiblər. Halbu­ki, Tumanovdan əvvəl də bir sıra Rusiya mənbələri Ermənistanın öz ehtiyatlarından Ukraynaya bir neçə ədəd S-125 “Peçora” zenit raket kompleksi və “Toçka-U” raketləri verdiyi barədə məlumat yaymışdılar.

İrəvandakı mənbələr isə daxili və xa­rici çağırışlarla üzləşən Ermənistanın köhnəlmiş hava hücumundan müdafiə vasitələrini və raket komplekslərini öz ar­senalından çıxararaq, Ukraynaya vermək barədə qərar qəbul etməsinin tamamilə mümkün olduğunu qeyd edirlər. Onlar öz fikirlərini bununla əsaslandırırlar ki, İrə­van bu yolla Vaşinqtondan dəstək almağı və müdafiəsini təmin etməyi hədəfləyir. Hərbi ekspertlər iddia edirlər ki, S-125 “Peçora” sistemləri və “Toçka-U” komp­leksləri müasir ordular üçün öz aktuallığını çoxdan itirib. Lakin eyni zamanda, onlar hava hücumundan müdafiə vasitələri və sursatların xroniki çatışmazlığını yaşayan Ukrayna Silahlı Qüvvələri üçün də tama­milə gərəkli ola bilər.

Onu da qeyd etmək lazımdır ki, İkin­ci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Ermənistan və Azərbaycan sərhəd­çiləri arasında baş verən toqquşmalar za­manı sovet zenit-raket komplekslərindən ibarət Ermənistanın hava hücumundan müdafiə sistemi Azərbaycan ordusunun pilotsuz uçuş aparatları və yüksək dəqiq silahları qarşısında tamamilə aciz qalıb. Nəticədə, onların böyük hissəsi sıradan çıxarılıb. Ermənistan isə yenidən silah­lanma proqramı çərçivəsində son illərdə Hindistan, Fransa və digər ölkələrdən daha müasir hava hücumundan müdafiə sistem­ləri və radarlar almağa başlayıb. Xüsusilə, ötən il Ermənistan Hindistandan müasir “Akash 1S” zenit-raket komplekslərinin böyük partiyasını sifariş edib. Yeri gəl­mişkən, qeyd edək ki, “Akash 1S” Sovet İttifaqının S-125 “Peçora” hava hücumun­dan müdafiə sistemləri əsasında hazırla­nıb. Hindistanın hərbi-sənaye kompleksi ilə bağlı xəbərləri işıqlandıran “Indian Defense Research Wing” adlı sayt yazır ki, Nyu-Dehli artıq bu il onları Ermənistana tədarük etməyi planlaşdırır.

Öz növbəsində, Fransa 2023-cü ilin payızında imzalanmış müqavilə əsasın­da İrəvana üç ədəd “Ground Master 200” radarını verib. Bundan əlavə, Parisdəki mənbələr Ermənistanın Fransadan “Mist­ral” qısamənzilli zenit-raket kompleksləri almağa hazırlaşdığı barədə məlumat yayıb.

Bundan çıxış edərək ehtimal etmək olar ki, köhnəlmiş hava hücumundan mü­dafiə sistemlərinin və sovet istehsalı olan raketlərin Ukraynaya təhvil verilməsi İrə­vanın fransız və amerikalı tərəfdaşları ilə sövdələşməsinin bir hissəsi ola bilər. Bu sövdələşmə Qərbdə avtomobil satıcıları arasında dəbdə olan kampaniyanın ruhuna uyğun gəlir: Bir təzəsini almaq üçün beş köhnə modeli təhvil ver!

Rusiyalı hərbi ekspert, bloger və jur­nalist Yuri Podolyak Ermənistanın Ukray­naya silah tədarükü ilə bağlı məlumatlara cavab olaraq anti-Rusiya siyasəti ucbatın­dan Ermənistanın artıq öz ərazilərini də itirəcəyini bildirib.

İnternetdəki Rusiya ictimai səhifələri (pablik) yazırlar ki, Ermənistan hökuməti ilə Avropa Komissiyası 2024-cü il avqus­tun 28-də müqavilə imzalayıblar. Müqa­viləyə əsasən, İrəvan Gürcüstan limanları vasitəsilə Avropaya 210 milyon avro dəyə­rində sovet istehsalı olan tanklar və hava hücumundan müdafiə vasitələri üçün sur­sat göndərəcək. Bundan əlavə, Ermənistan yenə də sovet istehsalı olan 152 mm-lik mərmilərlə birgə artilleriya da göndərmə­yi öhdəsinə götürüb. İrəvan bundan əvvəl Ukrayna ilə əməkdaşlığı gücləndirmək arzusunu bildirmişdi. Eyni zamanda, ölkə KTMT-nin bütün orqanlarında iştirakını da dondurub.

Sözsüz ki, Ermənistanın bu addımı Rusiyaya arxadan zərbə vurmağa bənzə­yir. Rusiyanın Ermənistan qarşısında tarixi xidmətləri var. Ermənistan öz dövlətçiliyi­nin yaranmasına görə Rusiyaya borcludur. Moskva hər zaman Ermənistanın hamisi, arxa-dayağı kimi çıxış edib. Azərbaycan rəhbərliyinin yürütdüyü uzaqgörən siyasət nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi və ötən il keçirilən lokal xarak­terli antiterror tədbirləri zamanı Rusiyanın beynəlxalq hüquqa uyğun davranması hay­ların xoşuna gəlməyib. Onlar əsasən bu ha­disələrdən sonra Rusiyadan incik düşərək, üzlərini Qərbə tərəf çeviriblər.

Ümumiyyətlə, döyüşən tərəflərə si­lah-sursat vermək dünyada yaxşı qarşı­lanmayan haldır. Bu məsələ beynəlxalq qayda-qanunlarla qadağan olunur, müvafiq konvensiyalarla tənzimlənir. Burada da Azərbaycanın ləyaqətli davranışı nümunə hesab oluna bilər. 2024-cü il aprelin 23-ü ADA Universitetində “COP29 və Azər­baycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdi: “Azərbaycan nə edə bilər? Heç nə. Tama­milə praktiki baxımdan heç nə. Biz Ukray­naya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbay­can diasporunun olduğu və bir çox sosial infrastrukturun Azərbaycan tərəfindən bər­pa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcə­yik. Humanitar yardım – bəli, silah – yox, bu, mənim cavabımdır. Etnik, dini baxım­dan bir-birinə çox yaxın olan iki xalq üçün bu, böyük faciədir. Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə nor­mal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi. Bəli, mən indicə Rusiya–Azərbaycan münasibətlərindən danışırdım. Biz qonşuyuq. Biz güclü tərəf­daşlıq əlaqələri qurmuşuq. Biz bir-biri­mizin suverenliyinə hörmət edirik. Biz bir-birimizin işinə qarışmırıq. Rusiya ilə Ukrayna arasında belə ola bilməzdimi? Əl­bəttə, mümkün idi. Ruslar Ukraynaya çox yaxın insanlardır. Niyə baş vermədi? Kim­dir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım. Amma məncə, 2000-ci ilin əvvəllərində şans əldən verildi. Uk­raynanın güclü dövlət qurmaq şansı əldən verildi. Bu, mənim təcrübəmə və biliyimə əsaslanan şəxsi fikrimdir. Mən ilk prezi­dentdən başqa bütün Ukrayna prezidentlə­rini tanıyırdım və onlarla işləmişəm. Mən 2003-cü ildən bu kürsüdəyəm. Mən bir şey deyəndə bilirəm və təcrübəm olduğu üçün deyirəm, kimsə mənə nəsə deməyib. Mən Rusiya–Ukrayna münasibətlərində bir çox məqamların şahidi olmuşam: gərginlik, dostluq, düşmənçilik, lakin heç vaxt bu gün gördüyümüz səviyyəyə qədər çatma­mışdı. Təəssüf ki, bu, faciəli vəziyyətdir və hər gün insanlar ölür. Dayandırılmalıdır. Kim dayandıra bilər? Mən bilmirəm. Yad­daşımdan bəzi epizodları açıqlaya bildiyim üçün maksimum dərəcədə açıq olmağa ça­lışdım”.

Mövzu ilə bağlı “XQ”yə şərh verən Dövlət İdarəçilik Akademiyasının mü­şaviri, politoloq Zaur Məmmədov bil­dirdi ki, Ermənistan hökumətinin ordunun arsenalındakı sovet istehsalı olan müxtəlif silahları və hərbi texnikaları Rusiya–Uk­rayna müharibəsi fonunda Kiyevə verməsi, bununla bağlı Qərblə gizli razılaşmalar əldə etdiyi barədə müxtəlif media orqanlarında yayılan xəbərlər, əlbəttə, ciddi məsələdir. Onun sözlərinə görə, Ermənistanın hələ də rəsmən Rusiya ilə strateji tərəfdaş oldu­ğunu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi qaldığını nəzərdən qaçırmaq olmaz: “Ermənistanın Ukrayna­ya hərbi texnika verməsi KTMT-nin ni­zamnaməsinə birbaşa ziddir. Eyni zaman­da, İrəvanla Qərbdəki müəyyən qüvvələr arasında gizli danışıqların hansı səviyyədə olmasından xəbər verir. Hətta, bu silahla­rın növləri, istehsal tarixləri barədə media orqanlarında dəqiq məlumatlar yayılıb. Ümumiyyətlə, Ermənistan hakimiyyətinin bu cür hərəkətlər etməsi ölkənin əvvəlki kimi müstəqil siyasət yürütmək imkanına malik olmadığından xəbər verir”.

Z.Məmmədov qeyd etdi ki, Ermənis­tan uzun illər işğalçı siyasət yürütmüş, ölkəmizin ərazi bütövlüyünü pozmuş, indi də konstitusiyasında Azərbaycana qarşı iddiaları saxlayan dövlətdir. Belə bir ölkənin özünü ərazi bütövlüyü pozul­muş Ukraynanın, guya, yanında imiş kimi göstərməsi ikiüzlülükdən başqa bir şey deyil. Rəsmi İrəvan bir tərəfdən Ukrayna­nın yanında olduğunu göstərir və bununla Qərbdən müəyyən dividendlər əldə edir. Digər tərəfdən isə biz bilirik ki, müharibə başlanandan sonra Rusiyanın sanksiyalar­dan yayınması üçün ermənilərin apardıq­ları müxtəlif maxinasiyalar nəticəsində Ermənistanın dövlət büdcəsinin gəlirləri dəfələrlə artıb. Bu, heç kəsə sirr deyil. Bu­rada da biz yenə ikiüzlü, ikibaşlı siyasətin şahidi oluruq. Həmçinin, bu, iki stulda eyni vaxtda əyləşməyə cəhd etməkdir.

Səxavət HƏMİD
XQ





Siyasət