“Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına ciddi maneə olaraq qalır”.
AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsinin başa çatması ilə dünya ictimaiyyəti regionda uzunmüddətli sülh və sabitliyin əsasını qoyacaq sazişin bağlanmasını gözləyir. “Eyni zamanda, sülh sazişi yolunda mühüm maneələr qalmaqdadır, onlardan ən əsası Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı redaksiyasıdır”, - deyə ekspert bildirib. O, həmçinin, İrəvanda 2027-ci ilin ölkənin Əsas Qanununa dəyişikliklərlə bağlı referendumun keçirilməsi vaxtı kimi elan olunduğunu qeyd edib.
Tuğçe Tecimer vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan qonşu ölkələrə ərazi iddialarının olmamasında nə qədər israr etsə də, Ermənistan-Türkiyə protokolları təcrübəsi bunun əksini göstərir.
Ekspert Ermənistan Konstitusiya Məhkəməsinin 2009-cu ildə imzalanmış protokollarla bağlı çıxardığı qərarı xatırladıb: “Məhkəmənin Ermənistanın Müstəqillik Bəyannaməsinin məzmununa əsaslanan qərarı Ermənistan-Türkiyə protokollarının icrasını qeyri-mümkün etdi. Nəticə olaraq İrəvan protokolları ləğv etdi. Bütün bunlar deməyə əsas verir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadlar çıxarılmadan nə Türkiyə ilə Ermənistan arasında dialoqun təşviqi, nə də İrəvanla Bakı arasında münasibətlərin normallaşması real görünmür”.
O vurğulayıb ki, yuxarıda deyilənləri nəzərə alaraq açıq şəkildə bildirmək olar ki, Azərbaycanın erməni Konstitusiyasının hazırkı redaksiyası ilə bağlı narahatlığı haqlıdır: “Dövlət sisteminin fəaliyyətinin əsasını məhz Konstitusiya müəyyən edir. Yəni, Ermənistanın Əsas Qanununda Azərbaycana qarşı ərazi iddialarına istinad varsa, o zaman qonşu ölkənin bütövlüyünə birbaşa təhlükə var. Eyni zamanda, Ermənistan hakimiyyətinin konstitusiya referendumunu 2027-ci ilə təxirə salmaq qərarı o deməkdir ki, sülh sazişi yəqin ki, bu vaxtdan tez imzalanmayacaq”, - deyə AVİM eksperti hesab edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara