Yaxud, köhnə-yeni məqamlar və sülhə təhdid
Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirdikləri, onun nəinki anti-Azərbaycan, eyni zamanda, anti-Rusiya ritorikasını növbəti dəfə nümayişə çıxarmasından başqa bir şey deyildi. Yazımızda, əsasən, ikinci məsələ üzərində dayanacağıq. Əlbəttə, birinci məqamla bağlı da qeydlər mütləqdir. Çünki hər iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır.
Diqqət yetirək, erməni baş nazir Rusiyaya təşəkkür edir ki, ölkə illər ərzində “Zvarnots” hava limanında sərhəd xidmətini həyata keçirib və erməni sərhədçiləri öyrədib. Bu ifadənin uşaq başı aldatmaq xatirinə olduğu hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, rus hərb-çilərinin İrəvanın hava limanından çıxarılması, ümumən, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu aradan qaldırmaq üçün həyata keçirilən ilk gedişdir. Müəyyən müddətdən sonra Paşinyan Türkiyə və İran sərhədindən də rusların çıxarılmasını tələb etsə və bunu erməni hərbçilərin artıq peşəkarlıq vərdişlərinə yiyələnmələri ilə əsaslandırsa, qətiyyən təəccüblənmərik. Yəqin ki, Moskvada da Nikoldan gələcəkdə bu sözləri eşidəcəklərinə hazırlıq gedir.
Ancaq Paşinyan, öz aləmində, diplomatikliyini qoruyur. Onun sözlərindən belə çıxır ki, indiki mürəkkəb beynəlxalq şəraitdə Kremlin resursları məhdud idi və ona görə rus hərbçilərinin hava limanındakı xidməti davam etdirmələri çətinlik törədirdi. Guya, öz ölkəsinin resursları çox böyükdür. Digər tərəfdən, Rusiyanın rəsmi dairələrindən heç kəs açıqlama verməyib ki, “Zvarnots”da xidmət aparmaqda problem yaranmışdı. Onlar problem qondaranın Paşinyan olduğunu gözəl anlayırdılar və yenə eyni düşüncədədirlər.
Bu yerdə Paşinyan iqtidarı təmsilçilərinin vaxtilə Qarabağdakı Rusiya sülhməramlıları barədə bildirdiklərini yada salaq. Haylar rusların öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini vurğulayırdılar. Hazırda, təxminən, eyni ritorika Kremlin hakim rol oynadığı və Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı fonunda işə salınır. Paşinyan vaxtilə bu barədə çox söz açıb və mətbuat konfransında da məsələyə toxunaraq bildirdi ki, ölkəsi KTMT-dəki fəaliyyətini dondurub.
Onu da deyək ki, rəsmi İrəvanın son iki ildəki anti-KTMT xəttində, bir qayda olaraq, qurumdan çıxmaq üçün bəhanələrin işə salındığı görünürdü. Paşinyan bu dəfə həmin bəhanələri təkrarlamadı. Məsələn, demədi ki, qurum Ermənistan torpaqlarının Azərbaycan tərəfindən qəsbinə göz yumub, məsələyə dair siyasi qərar verməyib, ümumən Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarından uzaqdır. Paşinyan indi bildirdi ki, KTMT-dəki fəaliyyətini donduran Ermənistan mövcud istiqamətdə “başqa vaxt və başqa qərar” da verə bilər.
Aydındır ki, başqa qərar olmayacaq. Sadəcə, Paşinyanın hazırkı anti-Rusiya xəttində bütün fraqmentlər dolub. O, KTMT fraqmentini ehtiyat variant kimi saxlayır və hələlik ona güc vermək istəmir ki, qərəzli tərəf qismində görünməsin. Ancaq onun güc verdiyi istiqamətlər yetərincədir. Məsələn, Paşinyan deyir ki, Ermənistan, guya, forpost deyil, dövlətdir və sülh gündəmi, eyni zamanda, bu məsələyə aiddir. Belə bir ifadənin seçilməsi o deməkdir ki, Rusiya, heç bir halda, sülh gündəmi ilə ölkəyə təsir göstərməli deyil. Görəsən, Nikol hazırda Ermənistanı Qərbin forpostuna çevirdiyinin fərqindədirmi?
Bəli, özünün anti-Rusiya ritorikasını davam etdirən erməni baş nazir son günlərin Bakı – İrəvan münasibətlərinin nizamlanması baxımından populyar olan tezis üzərində dayanır. Söhbət 10 noyabr 2020-ciil tarixli üçtərəfli Bəyanatdan gedir. Hazırda rəsmi İrəvanın tutduğu kurs onu deməyə əsas verir ki, Ermənistan üçtərəfli bəyanata məhəl qoymur. İş o yerə çatıb ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın rəsmi şəkildə sənəddən imtinası məsələsini qabardır. Daha doğrusu, Zaxarova, təxminən, belə deyir: Ermənistan bəyanata əməl etmirsə, bunu açıq bildirsin. Paşinyan isə yenə, guya, diplomatik davranır və bildirir ki, imzasını üçtərəfli bəyanatdan götürməsinə hansısa səbəb görmür. “Sənəddən imtina o təəssürat yaradar ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməyə hazır deyil. Öhdəliklərin yerinə yetirilməsindən tərəf və ya tərəflər boyun qaçırıb”, – deyən erməni baş nazirin “tərəf və ya tərəflər” məntiqindəki hədəfin Azərbaycan və Rusiya olduğu şübhəsizdir.
Bəli, üçtərəfli Bəyanata məhəl qoymayan Ermənistan nəinki 10 noyabr 2020-ci il tarixli, ümumən 2020–2022-ci illərin üçtərəfli sazişlərinin heç birini saya salmır. Məsələn, 2023-cü ilin sentyabrına – ölkəmizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinədək qeyri-qanuni erməni silahlı birləşmələri Qarabağda qalırdı. Rəsmi İrəvan hər vasitə ilə çalışırdı ki, bölgəmizdəki separatçı rejim varlığını sürdürsün. Paşinyan iqtidarı, habelə, Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələlərini qaldırırdı ki, bu isə özlüyündə Azərbaycan yurisdiksiyasını heçə saymaq, ən əsası separatizmi dəstəkləmək idi.
Yəni, indi Paşinyan Azərbaycanda erməni əsirlərinin mövcudluğu kimi sərsəm iddianı əldə bayraq tutub deyə bilməz ki, üçtərəfli bəyanata kompleks yanaşmaq lazımdır, ayrı-ayrı detallar üzərində dayanmaq olmaz. Birincisi, həmin əsir dediyi şəxslər üçtərfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirən cinayətkarlardır. Qarabağdakı keçmiş separatçı rejimin “liderlərinə” gəldikdə isə onlar canilərdir və layiqli cəzalarını alacaqlar.
İkincisi, söhbət, bilavasitə, əsirlərdən gedirsə, minlərlə azərbaycanlı var ki, ermənilər tərəfindən əsir götürülüblər və bu gün də onların talelərindən heç bir xəbər-ətər yoxdur. Nəzərə alsaq ki, üçtərəfli Bəyanatda bütün hərbi əsir və girovlardan söz açılırdı, o zaman rəsmi İrəvan həmin azərbaycanlılar barədə, ən azından, məlumat verməlidir, amma susur.
Üçüncüsü, Paşinyanın məntiqinə görə, əgər üçtərəfli bəyanata kompleks yanaşılması, ayrı-ayrı detallar üzərində dayanılmaması vacibdirsə, Ermənistan Ağdam, Laçın və Kəlbəcərin ölkəmizə təhvil verilməsindən başqa, sənədin heç bir müddəasına əməl etməyib. Yəni, yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan rayonları geri qaytarmaqla kifayətlənib, ancaq ümumən Qarabağ avantürasını davam etdirib. Yada salaq ki, antiterror tədbirlərinədək Nikolun ən son bəyanatı bu olmuşdu ki, Qarabağın özünün seçkili hakimiyyəti var. O, bir tərəfdən bölgə də daxil Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirirdisə, digər tərəfdən sərsəmləyirdi.
Üstəlik, Qarabağ ermənilərinə beynəlxalq təhlükəsizlikdən dəm vururdu. Bir sözlə, Paşinyanda səmimiyyətdən əsər-əlamət yox idi. Elə indi də yoxdur və onun bildirdiklərindən belə çıxır ki, üçtərəfli bəyanat Qarabağdakı separatizmi dəstəkləmək vasitəsi imiş. “Qarabağda baş verənlər üçtərəfli bəyanatda istifadə edilən bütün formulların çərçivəsini aşdı”, – deyən Paşinyanın Rusiyanı günahlandırdığı gün kimi aydındır.
Əlqərəz, erməni baş nazir anti-Rusiya ritorikası məsələsində təzadlı fikirlər səsləndirir. Məsələn, o, ölkəsinin prinsipial olaraq heç bir vasitəçiliyə qarşı çıxmadığını vurğulayır. Sonra isə bildirir ki, sonuncu danışıqlar zamanı vasitəçilər olsaydı, nizamlama prosesi sıradan çıxardı. Bu deyimdə incəlik var. Məlumdur ki, sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlar Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirlərinin müavinləri arasında gedirdi. Erməni iqtidarı məhz bu xətti sıradan çıxardı. Daha dəqiq desək, Rusiyanı kənarda saxladı və Azərbaycanla birbaşa danışıqlar apararaq imkan vermədi ki, əldə olunacaq razılaşmada Moskvanın mövqeyi vurğulansın. Paşinyançılar indi də təxminən onu deyirlər ki, əgər prosesdə Rusiya iştirak etsəydi, nəticə olmayacaqdı.
Mövcud trayektoriyada “prinsipial olaraq heç bir vasitəçiliyə qarşı çıxmamağa” gəlincə, rəsmi İrəvanın Qərb vasitəçiliyi fazasını aktiv saxlamağa çalışdığı ortadadır. Son zamanlar bu “aktivliyə” daha bir seqment əlavə olunub – ATƏT-in canını tapşırmış Minsk qrupu. Yeri gəlmişkən, Paşinyan mətbuat konfransında qurumun ləğvi ilə bağlı Azərbaycanın tələbini yerinə yetirməyəcəyini açıqladı. Deməli, Qarabağ avantürasını diri saxlamaq niyyəti var. Çünki Minsk qrupunun gündəliyi Qarabağ danışıqları müstəvisində idi. Halbuki, Nikolun ötən il qrupun həmsədr ölkələr arasındakı ziddiyyətlər səbəbindən fəaliyyət göstərməsinin mümkünsüzlüyünü bildirən açıqlaması olmuşdu. İndi həmin ziddiyyətlər aradan qalxıbmı? Xeyr! Bəs niyə rəsmi İrəvan sözügedən təsisatın vasitəçilik missiyasını qabardır? Ona görə ki, Ermənistan iqtidarı, ümumən, Qərb vasitəçiliyi xəttinin bütün seqmentlərini aktiv saxlamaq niyyətindədir. Ölkə rəsmiləri hesab edirlər ki, məhz bu yolla hansısa üstünlüklər qazana biləcək, regiondakı reallıqları öz xeyirlərinə dəyişməyi bacaracaqlar. Bir sözlə, illüziyaya qapılırlar.
N.Paşinyanın “üçtərəfli bəyanata kompleks yanaşma” ritorikası ilə anti-Rusiya davranışındakı növbəti məqam regional kommunikasiyaların açılması ilə əlaqədardır. Məlum olduğu kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Ermənistanın regional kommunikasiyaların blokdan çıxarılmasını sabotaj etdiyini vurğulamışdı. Nikol isə bildirir ki, durumun belə alınması rusiyalı həmkarlarının bəzi sənədlərlə bağlı ziddiyyətli şərhlərinə görədir.
Əslində, reallıq ortadadır. İrəvan üçtərfli bəyanatın 9-cu bəndini yerinə yetirmək istəmir. Rəsmi Moskvanın üzərində dayandığı da elə budur. Axı həmin 9-cu bənddə konkret göstərilib ki, Ermənistan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yolun açılmasını təmin etməlidir. Yolda təhlükəsizliyi isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri həyata keçirməlidirlər. Erməni iqtidarının nümayəndələri bunu ölkələrinin ərazi bütövlüyü və suverenliyi baxımından yolverilməz sayırlar. Maraqlı nüans var: Gümrü istiqamətində Türkiyə ilə sərhəddə rus sərhədçiləri dayanır, bu, ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması olmur, amma 40 kilometrlik yolda rusların olmaları təhdid imiş...
Tam aydındır ki, Ermənistan Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq yönümlü direktivlərini reallaşdırmağa qol çırmayıb. Nəzərə alsaq ki, sözügedən məsələ həm də Azərbaycanla nizamlama prosesinin vacib elementidir, rəsmi İrəvanın nəyə görə sülhdən yayındığı aşkardır. Necə deyərlər, bütün daşlar yerinə oturur. Paşinyan və komandası bir şeyi anlamaq istəmirlər ki, 2020-ci il müharibəsi zamanı acınacaqlı duruma düşən Ermənistan idi. Acınacaqlı duruma düşdü ki, məcbur qalıb kapitulyasiya sənədinə imza atdı və qoyulan tələbi qəbul etdi. Həmin tələbi Azərbaycan da səsləndirir: Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, orada hansısa sərhəd və gömrük nəzarətinin tətbiqi qəbuledilməzdir. Paşinyan isə mətbuat konfransında ənənəvi tezisləri təkrarlayır və deyir ki, Ermənistan regional kommunikasiyaların açılmasını sabotaj etmir, əksinə dəstəkləyir: “Siz “Dünyanın kəsişməsi” layihəsindən xəbərdarsınız”.
Göründüyü kimi, Paşinyan regional kommunikasiyaların yalnız rəsmi İrəvan tərəfindən irəli sürülmüş “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində açılmasının mümkünlüyünə dair mövqeyini bir daha təkrarlayır. Təkrarlamanın, həmçinin ərazi bütövlüyü və suverenlik klişesinin üzərində dayanılmasının Ermənistanın anti-Rusiya ritorikasının da tərkib hissəsi olduğunu görmək çətin deyil. Bu baxımdan Rusiya XİN-in rəsmi nümayəndəsi M.Zaxarovanın bir müddət əvvəl səsləndirdiyi fikirlərin üzərində dayanmağı vacib sayırıq. Xanım Zaxarova haqqında söz açdığımız Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə formalaşmış üçtərəfli işçi qrupu çərçivəsindəki proqresdən söz açmış və bildirmişdi ki, həmin formatdakı müzakirələrlə beynəlxalq yurisdiksiyaya əsaslanan, Ermənistanın ərazi bütövlüyünə xələl gətirməyən variant razılaşdırılmışdı. Ancaq son anda erməni tərəf absurd fikir irəli sürüb: Rusiya hərbçiləri Ermənistan ərazisində olduğu kimi, Azərbaycan ərazisində də keşik çəksinlər.
Beləliklə, danışıqlar dalana dirənib. ...Bəli, “Dünyanın kəsişməsi” avantüradır və məsələdən Rusiyada da yaxşı xəbərdardırlar. Prinsipcə, layihənin avantürist mahiyyəti barədə Bakı və Moskva arasında mövqe ortaqlığı mövcuddur. Ümumən, “Dünyanın kəsişməsi” yox, məhz Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsü müstəvisində beynəlxalq aləmdə konsensus var. Paşinyan isə təxribat yolu tutur və bildirir ki, guya, Rusiyadakı tərəfdaşları “Dünyanın kəsişməsi”ni alqışladıqlarını bəyan ediblər. Ardınca isə o, Rusiyanın hakimiyyət orqanları arasında məsələyə yanaşmada fikir ayrılıqlarının olduğuna dair cəfəngiyata varıb, bunu anlaşılmazlıq kimi dəyərləndirir. Heç şübhəsiz, belə yanaşma Bakı ilə Moskva arasında inamsızlıq formalaşdırmağa hesablanmış ucuz erməni fitnəsidir.
Sonda Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlərin anti-Rusiya tezisinə dair daha bir məqamın üzərində dayanaq. Baş nazir deyir ki, Qarabağ məsələsi Ermənistana təsir göstərmək, onu müstəqilliyindən məhrum etmək üçün alət kimi istifadə edilib. Şübhəsiz, bu fikirdə də hədəf Moskvadır. “Qarabağ məsələsindən Ermənistanı müstəqilliyindən məhrum etmək üçün istifadənin konkret tərəfdarları ölkə daxilində də var. Onların adları hər kəsə yaxşı məlumdur”, – deyən Nikolun ruspərəstlərə fokuslandığı aşkardır. Ruspərəstlərdən söz düşmüşkən, Paşinyan Qarabağın itirilməsi xüsusunda Rusiyaya köklənərkən Ruben Vardanyan faktorundan söz açıb: “Hesab edirəm ki, Ruben Vardanyan məsələsində aydın olmayan məqamlar var. Necə oldu ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Onu kim Ermənistana və Qarabağa göndərdi? Hansı təminatlar alımışdı? Yekunda kim dedi ki, onu o qədər də yaxşı tanımır və ölkəsinin vətəndaşı deyil? (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur – red.)”
Paşinyan dilə gətirməsə də, dediklərindən gəlinən qənaət budur ki, R.Vardanyan “Qarabağ kartı” ilə Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirmək istəyənlərin layihəsi olub. Yada salaq ki, vaxtilə, o və komandasındakı bir sıra şəxslər Rusiyanın Ermənistanda çevriliş etmək niyyətindən söz açmışdılar. Elə Rubenin özü də Nikolu devirmək çağırışları səsləndirmişdi. Nəticədə belə təəssürat yaranmışdı ki, Vardanyanı Ermənistana və Qarabağa göndərən elə Rusiya dairələridir. Paşinyan da mətbuat konfransında dolayısı ilə məhz bunu bildirdi.
Ən sonda belə qənaətə gəlirik ki, erməni baş nazirin mətbuat konfransında bildirdikləri rəsmi İrəvanın anti-Rusiya xəttini diri saxlamaq niyyətinin növbəti dəfə ifadə olunmasıdır. O da tam aydındır ki, anti-Rusiya xətti Ermənistan üçün, eyni zamanda, Azərbaycanla sülhdən yayınmaq vasitəsidir. Paşinyan həmişə Moskvanın Bakıya tərəfkeşliyi məsələsində beynəlxalq ictimaiyyətdən ölkəsinin avantürası üçün dəstək qazanmağa çalışıb və indi də çalışır. Onun heç nəyə nail ola bilməyəcəyi şübhəsizdir.
Ə.CAHANGİROĞLU
XQ