Azərbaycan Prezidentinin köməkçisi hansı mesajları verdi?
Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir neçə gün əvvəlki açıqlaması Ermənistan baş naziri Nikol Paşinyanın timsalında bu ölkənin Bakı–İrəvan sülh nizamlamasına kənar oyunçuları cəlb etmək məramına cavab idi. Nəzərə alaq ki, Paşinyan ikitərəfli danışıqların effektivliyindən söz açsa da, onun Qərb vasitəçilik xəttini daim aktiv saxlamaq istəyi duyulmaqdadır.
Onu da nəzərə alaq ki, son zamanlar bu xəttə fərqli elementləri daxil etməyə yönələn cəhdlər var. Azərbaycan dövləti H.Hacıyevin dili ilə Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədindəki mülki müşahidə missiyasına fokuslanaraq, əslində, həmin fərqli elementlərin qeyri-məqbulluğunu vurğulayır, mövcud istiqamətdə, bir növ, immunitet yaradır. Məsələn, canını tapşırmış ATƏT-in Minsk qrupunu “diriltmək” meyillərini götürək. Bu barədə söz açacağıq. Hələlik isə...
Bəli, H.Hacıyev bildirir ki, artıq Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Ümumən, sözügedən missiyaya nəinki indi, heç vaxt ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu təsisatın, prinsip etibarilə, təxribat törətməyə hesablandığı məlum idi. Müşahidəçilərlə bağlı Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “regionda əlavə qıcıqlandırıcılar” ifadəsi yerinə düşürdü.
Ancaq bir məqam da var ki, “qıcıqlandırıcılar” tam mənada fəaliyyət göstərə bilmədilər. Mahiyyətcə, heç Ermənistanın özünün də etimadını doğrultmadılar ki, rəsmi İrəvan bu barədə susdu. Ona görə susdu ki, əslində, məsələ böyük ölçüdə etimadda deyildi. Axı avropalılar regiona İrəvanın onlardan gözləntisi olduğu üçün gəlməmişdilər. Bu gəliş Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz müstəvisindəki fəaliyyətinin bir hissəsi idi. Yəni, heç kəs bu barədə Paşinyandan heç nə soruşmamış, onun razılığını almamışdı. Necə deyərlər, qərar yuxarıdan verilmişdi və məqsəd erməni iqtidarının payına düşən məsələnin faydaları ilə bağlı sabun köpüyü yaratmaq olmuşdu. Mövcud anlamda rəsmi İrəvan öz missiyasının öhdəsindən gəldi. Paşinyan və komandasının üzvləri özlərinə yaxın media orqanlarında və ekspert dairələrində Aİ-nin missiyasının boğazdanyuxarı təriflənməsini həyata keçirdilər, təsisatı sanki brend məhsul kimi göstərdilər.
Əlbəttə, quyuya su tökməklə sulu olmur. Avropalı müşahidəçilər bu deyimin “haqqını” lazımınca verdilər. Onlar hesabatlarında sərhəd zolağı boyu neçə kilometr yol qət etdiklərini, haradan hara getdiklərini açıqlamaqla, gülüş predmetinə çevrildilər. Hər kəs yaxşı anladı ki, missiya, əslində, vaxt keçirməklə məşğul olub. Əlbəttə, belə durumun yaranmasında Azərbaycanın da tutduğu siyasi xətt başlıca rol oynadı. Məlumdur ki, Aİ ölkəmizlə enerji sahəsində sıx əməkdaşlığa malikdir və Azərbaycan Avropanın qazla təminatında mühüm yer tutur. Hesab edirik ki, məhz bu məqam da Aİ-nin mülki müşahidə missiyasının aşkar təxribatçılıq kimi ehtimal edilən fəaliyyətinin gerçəkləşməsinə maneçilik törətdi. Maraqlıdır ki, Ermənistanda da bu məqamı qabardanlar oldu, lakin Paşinyan və tərəfdarları yenə susdular.
Bəs görəsən, indi H.Hacıyev nəyə görə missiyanın üzərinə köklənir? Hər halda, bildiyi hansısa konkret məqam olduğundan, məsələyə yer verir. Əlbəttə, həmin məqamdan indilik yalnız ehtimal şəklində söz açmaq mümkündür. Məsələn, cənab Hacıyev fikrini əsaslandırarkən deyir ki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh, qarşılıqlı anlaşma şəraitində gedişatı var. Sitata diqqət yetirək və nəticə çıxaraq: “Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.
Əvvəldə Ermənistanın ATƏT-in Minsk qrupunu danışıqlar prosesinə cəlb etmək istəklərindən təsadüfən söz açmadıq. Məsələ ondadır ki, ölkəmizin bu təsisatın ləğvi üçün Ermənistanla birgə müraciət ünvanlamasına dair tələbi var. Qarşı tərəfin cavabı isə budur ki, həmsədrlik institutu aradan qaldırılmamalıdır. Paşinyanın mətbuat konfransında mövcud xüsusda söylədiklərini yada salaq.
Erməni baş nazir vurğulamışdı ki, nizamlama prosesi başa çatmadığından, ATƏT-in Minsk qrupu buraxıla bilməz. Onun fikirlərində məntiqsizlik yaranır. Bir halda ki, Nikol ikitərəfli danışıqlar formatının effektivliyini dilə gətirir, sözügedən təsisat onun (Ermənistanın) nəyinə lazımdır? Axı hazırda ATƏT-in Minsk qrupunun effektivliyin əldə olunmasında heç bir rolu yoxdur. Heç olmayıb da. Ümumən, qrup tam ölü vəziyyətdədir. Digər yandan, Minsk qrupu Qarabağ məsələsinin aktual olduğu dövrün məhsuludur. Paşinyan ölkəsinin, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edirsə, bu halda da hazırda harada olduqları bilinməyən həmsədrlərə ehtiyac yoxdur.
Eyni prizmadan yanaşsaq, Aİ müşahidəçilərinin də harada olduqları, real hansı işi gördükləri barədə təsəvvür yoxdur. Yəqin, razılaşarsınız ki, “Pikap” avtomobillərlə sərhədin bir başından vurub, o biri başından çıxmaq, durbinlə Azərbaycan ərazilərinə baxmaq iş sayıla bilməz. Ancaq istər Aİ müşahidəçiləri, istərsə də ATƏT-in kağız üzərində qalan Minsk qrupu Azərbaycan–Ermənistan danışıqlarında kənar elementlər, alətlər kimi çıxış etməkdədirlər. Ona görə də ölkəmiz hər iki təsisata qarşı çıxır.
Azərbaycan dövləti, həmçinin onu da yaxşı görür ki, hazırda Qərb dairələri tərəfindən Ermənistanı sülh yolundan daşındırmaq üçün müxtəlif planlar qurulur. İkinci istənilən an bu planlara alət olma təbiətindəki təmayülləri göstərir. Sanki, özünün avantürizmi, xəstə mahiyyəti üçün tutacaq yer axtarır. Ümumən, belə axtarışların nəticəsidir ki, dörd ildir Cənubi Qafqazda sülh şəraiti qərarlaşmır. Rəsmi Bakı isə anti-sülh meyilli istənilən məsələyə qarşı cəbhə açır. Deməli, belə qənaətə gəlmək mümkündür ki, H.Hacıyevin Aİ müşahidəçiliyinin lazımsızlığına dair fikirləri də sözügedən cəbhəni aktiv saxlamaq məqsədilə səslənmiş vacib siyasi tezisdir.
Digər tərəfdən, Azərbaycan Prezidentinin köməkçisi səmimiyyət nümayişinin vacibliyinə dair çağırış edir. Diqqət yetirək, o, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlamentin razılaşdırıldığını, razılaşmaya uyğun olaraq delimitasiya prosesinin aparılması üçün zəmin və çərçivə yaradıldığını vurğulayır. O, eyni zamanda, qarşılıqlı anlaşma şəraitində prosesin bundan sonra da ikitərəfli əsasda davam edəcəyini vurğulayır və sərhədlərin delimitasiyasının sırf ikitərəfli xarakter daşıdığını önə çəkir.
Sonda bir daha səmimiyyət barədə söz açaq. Daha doğrusu, səmimiyyətsizlik haqqında. Bir halda ki, indiki durumda tərəflər özləri razılığa gəlib hansısa problemləri həll edirlər, o zaman haqqında söz açdığımız Aİ müşahidəçilərinin, eləcə də ATƏT-in Minsk qrupunun meydana çıxmasına yer olmadığı kimi, Ermənistanın silahlanmasına da lüzum yoxdur. Ancaq ölkənin millitarizasiya siyasəti gerçəkləşdirdiyini görürük və istər-istəməz qarşı tərəfin səmimi olmadığına dair dolğun rəy formalaşır. H.Hacıyevin baş nazir Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibətində də bu məqam yer alırdı: “Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir”.
Aydındır ki, qeyri-səmimi mühit və gərginlik doğuracaq faktorlar qaldıqca, Bakı və İrəvan arasında görüntüsü yalnız üfüqdə közərən sülhün real məcraya qədəm qoyması mümkünsüzə çevriləcək. Bundan itirən tərəfin isə Ermənistan olacağı şübhəsizdir.
Ə.RÜSTƏMOV
XQ