Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə olunub

post-img

Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatı sədrinin müavini Nur Cazlan Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, Milli Məclisə növbədənkənar seçkilər prosesi və nəticələri, habelə regional məsələlər müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi, parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulanıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.

Görüşdə Azərbaycan ilə Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf perspektivləri nəzərdən keçirilib. Ötən ilin iyulunda Xarici İşlər nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda növbəti məsləhətləşmələrin Bakıda keçiriləcəyi bildirilib. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasət