Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yenidən təşkili ciddi yeniliklər yaradacaq
Azərbaycan Prezidenti İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərman imzalayıb. Sənədə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki, adıçəkilən agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlər Kabinetinə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində, eləcə də qurumun yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim edilməsi tapşırılıb.
Bundan başqa, Nazirlər Kabineti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin balansındakı dövlət əmlakının yeni yaradılan agentliyin balansına verilməsini təmin etməli və Azərbaycan Prezidentinin 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı fərmanında adıçəkilən Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin yeni yaradılan agentliyə ayrılmasını gerçəkləşdirməlidir.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov dövlət başçısı İlham Əliyevin imzaladığı sözügedən fərmanla bağlı mediaya bildirib ki, sənədə əsasən, antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, standartlaşma, uyğunluğun qiymətləndirilməsi, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiə olunması, istehlak bazarlarına nəzarət və digər sahələrdə dövlət nəzarətinin, eləcə də tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması qərara alınıb. Təbii ki, bu istiqamətlər içərisində mühüm önəm daşıyan ən əsas amil iqtisadiyyatda sağlam rəqabətin reallaşdırılmasına nail olmaqdır. Bazar iqtisadiyyatı şəraitində sağlam rəqabətin inkişafın və səmərəliliyin yüksəldilməsinin əsas cəhətlərindən biri olması inkar olunmaz fakt kimi qəbul edilib.
Yeri gəlmişkən, xatırladaq ki, istər yeni qəbul edilən Rəqabət Məcəlləsində, istərsə də “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”da respublikamızda rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Onu da deyək ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”n ikisi məhz rəqabətin inkişafı problemlərini özlərində ehtiva edir. Burada şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, rəqabətə davamlılıq, sağlam rəqabət qaydalarının müəyyənləşdirilməsi, rəqabət mühitinin təmin edilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub.
Yeni sosial – iqtisadi çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı gerçəkləşdirmək, müasir tənzimləmə metodlarının tətbiqi zərurətindən irəli gələrək hazırlanan Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin reallaşdırılması önə çəkilib. Bundan başqa, məcəllədə kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri də diqqətdə saxlanılıb.
Rəqabət Məcəlləsində sahibkarlığın inkişafını stimullaşdıracaq digər məqamlar da diqqət çəkir. Bu məqamlar vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını genişləndirir.
Beləliklə, yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtləndirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsinə, onun liberallaşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq.
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün rəqabət orqanına daha yüksək səlahiyyətlər verilməli idi.
Artıq ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıb. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal “monopoliyası” ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və onlarla digər böyük işlər görmək məhz bu yeni agentliyin vəzifə öhdəlikləri olacaq.