Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri getdikcə sürətlənir. Artıq işğaldan azad olunmuş ərazilərimizdə həyat tədricən əvvəlki məcrasına qayıdır, düşmənin 30 il ərzində viran qoyduğu torpaqlarda möhtəşəm yaşayış kompleksləri inşa olunur, yeni kənd və qəsəbələr salınır. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda indi infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması və onların təhlükəsizliyi üçün hər cür şərait yaradılır.
Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışın təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunub. Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir. Ölkəmizin maliyyə gücünün artması bərpa və quruculuq işləri üçün daha çox vəsait ayırmağa imkan yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub. Bu da 2022-ci illə müqayisədə 19,5 faiz çoxdur. Ümumi investisiyanın 747 milyon 332 min manatı Füzuli, 626 milyon 67 min manatı Şuşa, 589 milyon 564 min manatı isə Ağdam rayonlarının payına düşüb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədiyə 76 milyon 613 min manat, Bərdəyə 10 milyon 647 min manat, Xocalıya 5 milyon 304 min manat, Xocavəndə 112 milyon 88 min manat, Tərtərə isə 86 milyon 151 min manat sərmayə ayrılıb. Ötən il Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə yönəldilib.
Bununla yanaşı, ötən il Şərqi Zəngəzur iqtisadi rayonuna 4 milyard 11 milyon 125 min manat investisiya qoyulub. Bu isə 2022-ci illə müqayisədə 80,7 faiz çoxdur. Ümumi sərmayənin 1 milyard 550 milyon 708 min manatı Laçın, 671 milyon 783 min manatı Cəbrayıl, 919 milyon 85 min manatı Kəlbəcər, 280 milyon 964 min manatı Qubadlı, 587 milyon 821 min manatı isə Zəngilan rayonlarının payına düşüb. Ümumilikdə isə, bərpa-quruculuq işlərinin ilk vaxtlarından etibarən Qarabağ və Şərqi Zəngəzurda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən, təqribən, 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü iln dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari il iyulun 1-dək Qarabağ iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 456 milyon 441 min manata çatıb. İlin əvvəlində isə bu məbləğ 404 milyon 983 min manat olub. Beləliklə, ilin əvvəlindən iqtisadi rayon üzrə kredit portfeli 51 milyon 459 min manat və ya 13 faiz çoxalıb. Qarabağda kreditlərin böyük hissəsi manatla verilib və həcm 455 milyon 627 min manat, orta faiz dərəcəsi isə 18,87 faiz olub. Bu da özəl sektorun bərpa və yenidənqurma işlərinin daha böyük sürətlə aparılmasında yaxından iştirakına əlverişli imkanlar yaradır.
Yeri gəlmişkən, ölkə başçısı bu ərazilərə hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin icrasına start verilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndirilir. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunaraq bildirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılmasının təmin olunması nəzərdə tutulur. Andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunan ölkə Prezidenti keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla davam etdiyini vurğulayaraq deyib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir”.
Bu məqsədlə, Qarabağ və Şərqi Zəngəzurda, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması planlaşdırılıb. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağlı işlərin 2024–2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Artıq bir çox şəhər və kəndlərdə inşaat işləri başlanılıb. Böyük Qayıdış proqramının birinci mərhələsi isə 2026-cı ilin sonunda başa çatdırılacaq.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması, yaşayış məskənlərinin salınması isə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına səbəb olur. Əhali məskunlaşması ilə yanaşı, bu ərazilərdə məşğulluğun təmin edilməsi də xüsusi diqqətdə saxlanılır. Bu da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni iş yerlərinin yaradılması prosesini sürətləndirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu, 2022-ci illə müqayisədə 25,7 faiz çoxdur. Sənaye müəssisələrinin 82,4 faizii və ya 117-si Qarabağ, 17,6 faizi və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Eyni zamanda, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1 faiz artaraq 1218-ə çatıb. Fərdi sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 11,6 faiz artaraq 1070, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148 olub.
Komitənin məlumatına görə, ötən il işğaldan azad edilmiş ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri 298 milyon 679 min manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274 milyon 772 min manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 milyon 908 min manat təşkil edib. Bu da, 2022-ci illə müqayisədə müfaviq olaraq 48,6 faiz, 41,8 faiz və 3,4 dəfə çoxdur.