Erməni millətçiliyinin təməl prinsipləri

post-img

(əvvəli https://xalqqazeti.az/az/siyaset/190208-ermeni-milletciliyinin-temel-prinsipleri)

Njdenin tsexakronizmi – türklərə nifrət təlimi

“Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, türksevər ermənilər var­dır.” Bu fikir də Garegin Njdeyə aiddir. Doğrudan da, ermənilər arasında türksevərlər varmı? Bunu demək çətindir. Ermənistanda türkə simpatiya olan bu ölkədə yaşaya bilməz – həqiqətinə söy­kənərək demək mümkündür ki, bu­rada bir nəfər belə türk yaşamırsa, deməli, xalqın ideoloji təlimi irqçi təlimdir. Çünki Njdenin ideologi­yası bu ölkədə türkün yaşamasını mümkün etmir. Njdenin təlimi uzun illər iqtidarda olan Ermənis­tan Respublikaçılar partiyasının rəsmi ideoloji kursu olub və bu xətt indi də davam etdirilir. 

Njde 1932-ci ildə Bolqarıs­tanda nəşr etdirdiyi “Soy ruhu­nun hərəkatı” adlı kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Tsexakronutyun bir zəfər gücü­dür” adlı məqaləsi ilə erməni na­sional-sosializminin əsaslarını or­taya qoyub.

1933-cü ildə Parisdə “Daşnak­sütyun” partiyasının 12-ci kon-qresi keçirilməli idi. Amma, o, baş tutmadı. Njde tərəfindən konqresə təqdim edilən erməni diasporunun antitürk ruhunda olan sənədlə­ri, bəyanatları, təlimatları erməni mətbuatında yayılmışdı. Bunlar üç əsas prinsipi ehtiva edirdi: 

1. Erməniliyin xaricdə funksi­onal fəaliyyətini genişləndirərək onu Ermənistanı müdafiə etmək qabilyyəti durumuna gətirmək.

2. Erməni gəncliyinin partiya­dan kənar fəaliyyətini gücləndir­mək.

3. Bütün gücləri Türkiyəyə qarşı bir cəbhədə səfərbər etmək.

Bu tezisləri həyata keçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-yə ezam edilmişdi. Artıq Njdeye iki vəzifə verilmiş və o, qısa müddət ərzində Birləşmiş Ştatlarda Tsexakron hərəkatını yaratmalı idi. Bundan başqa, ona əlavə tapşırıq da verilmişdi: Ermə­ni terrorçu Kopernik Tandırçyan­la birlikdə Türkiyənin ABŞ-dəki səfiri Muxtar bəyə sui-qəsd təşkil etmək. 

“Mən Yer kürəsindəki ilahi iz­ləri öz soyumda oxudum, gördüm, öpdüm, təzim etdim və tsexakrona çevrildim” – deyərkən Njde ermə­nilərin ilahi soydan gəldiyini iddia edir və deyirdi: “Soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi əsrlərin şahididir, o, əbədi olaraq ermənidir və Allahın orta­ğıdır”. 

Njdeyə görə, soy ruhun və qa­nın sintezidir, psixoloji anbardır və eyni zamanda, bioloji quruluşdur, insan etnosuna bir-birindən fərq­lilik, özünəxaslıq xarakteri verir. Onun fikrincə, tsexakronutyun bu cəhətləri qoruyub saxlamaq üçün soyun əlində bir əbədi varlıqdır. Bu erməni varlığını “əbədiləşdirmək” və erməni kimi yaşamağı özündə ehtiva edir. Erməninin özünüdərki üçün bu təlimə inam da aşılanma­lıdır. Kronçular bunu etməlidirlər. 

Tsexakron müqəddəs soyu ta­nıyır və erməni xalqı ilə bağlı bun­ları elan edir: “Erməni olmağa o adam layiq deyildir ki, onun üçün bizim planetdə “erməni” kimi ya­şamaqdan daha üstün şeylər var­dır” və yaxud, “erməni olmaqdan əvvəl də sən erməni olmalısan!”, “erməni öz tarixində ermənidən daha öncə adam olmuşdur, bu xü­susiyyətinə görə də onun faciələri qaçılmaz olmuşdur”. 

Njdeyə görə, erməni xalqı aşağıda izahını verəcəyimiz kult­larla öz həyatını davam etməlidir. Bunlar: Vətən kultu, qan kultu, dil kultu, torpaq uğrunda öz həyatını qurban etmə kultu, ulular kultu, güc kultu, öndərlik kultudur. 

Erməni üçün dəyişməyən prin­siplər bunlardan ibarətdir: 

Vətən kultu: Erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci bütün səyini Ermənistanın ərazisini genişləndirməyə sərf et­məli və onun bundan böyük xoş­bəxtliyi olmamalıdır. 

Qan kultu: Tsexakronutyun qan təmizliyini əsas kimi qəbul edir, digər xalqlarla evlilikləri qə­bul etmir. 

Dil kultu: Tsexakronutyun hər bir erməninin bir-birilə danışarkən yalnız erməni dilini istifadəni tələb edir. Erməni dilini bilməyənlər so­yun nümayəndəsi sayıla bilməzlər. Yəni, erməni düşüncəsi böyük öl­çüdə dillə bağlıdır, əgər dil olmasa xaricə dağılmış ermənilərin birli­yini təmin etmək mümkün olmaz. (Njde SSRİ dövründə bolşevik zülmü altında yaşayan erməniləri özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diaspora bağ­layırdı).

Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək şərəfdir və “... Aslan kimi mübarizə etməliyik”.

Ulular kultu: Tsexakronutyun nəsillər arasında əlaqənin davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir. Xüsusilə, ana vətən torpaqları üzərində fəaliyyə­tin davamı, yeni nəsil üçün mənəvi qida qaynağı olmalıdır.

Güc kultu: Njdeye görə, güclü qazanan olar, amma haqlı olmaz; dünya güclü olanın qarşısında bo­yun əyər.

Öndərlik kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. Tsexakro­nutyun soy üzvlərinin öndərin ira­dəsinə tabe olmalarını tələb edir. O yazırdı: “Ermənilik nə vaxtsa türkləri bağışlayacaq, amma onun qarşısında diz çökmədən, onu diz çökdürərək…”

Njdeyə görə, ermənilik (arme­nizm) hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqündədir!”. 

Buna görə də tsexakronutyun ermənilərin maraqlarını hansısa xalqın mənfəətindən daha üstün tutar. Məsələn, Tsexakron hərəka­tının ilk nizamnaməsinin ana sə­hifəsi bu şüarla başlayır: “Lozan­na? (1923-cü Lozanna müqaviləsi nəzərdə tutulur – red.) Xeyr, heç bir zaman qəbul edilə bilməz”. Və fikir belə davam edir: “Bir xalqın ana torpağı digər xalqın daimi vətəni ola bilməz”. “Erməni dü­şüncəsinə görə, Lozanna konfran­sında ermənilərin Sevr anlaşması ilə onlara verilməsi nəzərdə tutulan torpaqlar Türkiyəyə keçdi, erməni iddialarına birdəfəlik son qoyuldu. Erməni heyəti Türkiyənin təkidi ilə Lozanna konfransına daxil edil­mədi. Onlar ümid etdiklərinin heç birini ala bilmədilər. 

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət