Qocaman avanqard nəşr yubileyini gənclik axtarışları ilə qarşılayır
Xalqın qəzeti – “Xalq qəzeti”nin 105 yaşı tamam olur. Özünün yüz illik fəaliyyətinin bir sıra dönəmlərində çətin sınaqlardan keçmiş bu qəzet, sözün həqiqi mənasında klassik mətbuatımızın məktəb səviyyəsində olan bir nümunəsidir. Əlbəttə, biz bəzən keşməkeşli illərin ideoloji kanonlarını nəzərə almadan sovet mətbuat sisteminin “günahkarını” asanlıqla tənqid edirik. Amma belə yerdə zamanın tələblərini də mütləq nəzərə almalıyıq. Bu gün yaradıcı kollektivin keçmiş “Kommunist” qəzetinə seçdiyi “Xalq qəzeti” adı, bu mətbuat orqanının tarix və müasirlik prinsipinin çox düzgün və ədalətli istiqamətini müəyyən edir.
“Xalq qəzeti”nin tarixi kökü olan “Kommunist” qəzeti həyata vəsiqə aldığı 1919-cu ildən başlayaraq, 1930-cu illərin repressiya çağını, 1940-cı illərin II Dünya müharibəsi illərini, 1950-ci illərin demokratik istiləşmə prosesini bir çox hallarda şərəflə keçmiş və nə qədər çətin olsa da, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında, milli mədəniyyətimizin, ədəbiyyatımızın, bir sıra hallarda milli azadlıq ideyasının təbliğində misilsiz rol oynamışdır. Təkcə bunu nəzərə almaq lazımdır ki, Əziz Şərif, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Mir Cəlal kimi klassik yazıçılarımız bu qəzetin milli məzmun daşıyan yaradıcı şəxsiyyətləri olublar. Ümummilli lider Heydər Əliyevin bu qəzetin 75 illik yubileyi münasibətilə dediyi fikirlərini heç vaxt nəzərə almamaq olmaz: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”.
Heydər Əliyevin bu sətirlərdəki hər sözü “Xalq qəzeti”nin tarixi xidmətinin qiymətli tezisləridir. Həqiqətən də, “Kommunist” qəzeti tipoloji statusuna görə rəzmi-ofisioz mətbuat nümunəsi olmaqla, xüsusilə Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik dövrünün başlanması ilə əsl həqiqəti heç vaxt gizlətmədi. O zamankı ali məktəblər sistemində tələbə qəbulu zamanı baş alıb gedən rüşvətxorluğun qarşısını almaq üçün H. Əliyevin “Literaturnaya qazeta”dan sonra bu qəzetdə dərc olunan “Qoy ədalət zəfər çalsın” genişmiqyaslı müsahibəsi ilə bu sahədə rüşvətxorluq hiss olunacaq dərəcədə aradan qaldırıldı. Qəzetin səhifələrində belə yazıları çox görürdük.
İllər keçdi və Azərbaycan özünün yeni müstəqillik dövrünə qədəm qoyduqdan sonra sovet ideologiyasından tam imtina çağında “Kommunist” qəzeti “Xalq qəzeti” adı ilə nəşr olunmağa başladı. “Xalq qəzeti” tamamilə yeni tipoloji xarakter aldı, Prezidentin İşlər İdarəsinin və redaksiya heyətinin qəzeti kimi fəaliyyətə başladı. Elə buradaca qeyd edək ki, 1970-1980-ci illərdə bu qəzetin Ağababa Rzayev, Rəşid Mahmudov, Nəriman Zeynalov, Hacı Həsənov, Ramiz Əhmədov, Tofiq Rüstəmov kimi redaktorları, Əli İldırımoğlu, Hacı Həsənov, Əhməd İsayev, Hidayət Nağıyev, Musa Əliyev, Telman Əliyev, Sərdar Əliyev, Piri Məmmədov və s. kimi öz peşəkarlığı və üslubu ilə sayılıb-seçilən əməkdaşlarının yaratdığı jurnalistika məktəbi qəzetin müasir kollektivi tərəfindən ustalıqla daha da təkmilləşdi. “Xalq qəzeti”nin yeni rəhbərliyi və onun yaradıcı kollektivi sübut etməkdədir ki, qəzet – print jurnalistikası heç də bəzilərinin düşündüyü kimi, asanlıqla sıradan çıxmayacaq. Hələ altı il bundan əvvəl “Vaşinqton post” qəzeti bir ildən sonra elektron varianta keçəcəyini planlaşdırmışdı. Lakin ilkin təcrübələr göstərdi ki, “Vaşinqton post”un oxucuları elektron varianta əhəmiyyət vermədilər və beləliklə, bu qəzet kağız formatda bu gün öz fəaliyyətini həmişəki uğurla davam etdirməkdədir.
Jurnalistikadakı nəzəri və praktik yaradıcılığı ilə ictimai rəydə və media mühitində xüsusi etimad qazanmış Əflatun Amaşovun baş redaktor təyin edilməsindən dərhal sonra “Xalq qəzeti” özünün tipoloji xarakterini genişləndirdi və xeyli dərəcədə yeni yaradıcılıq formatlarını işə saldı. “Xalq qəzeti”, ilk növbədə, həm peşəkarlıq baxımından, həm də texnoloji baxımdan özünə yeni yol xəritəsi seçdi. İlk növbədə, hadisələrə, fakta obyektiv yanaşma prosesi başladı. Jurnalistikanın obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq, balanslılıq kimi yaradıcılıq prinsipləri “Xalq qəzeti” redaksiyasının aparıcı xətti oldu. Ən əsası da, belə bir məqam diqqətə alındı ki, indiyə qədər milli mediamızın “pənah gətirdiyi” Qərb jurnalistikasının saxta prinsipləri, iflasa uğramaqda olan “kanonları”ndan “Xalq qəzeti” imtina edərək birbaşa milli mətbuatımızın yaradıcılıq prinsiplərini media məktəbi səviyyəsində qəbul etməyi qərara aldı.
“Xalq qəzeti” özünün informasiya siyasətini təkmilləşdirdi. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə jurnalistlərlə görüşündə dediyi “Bütün tənqidi düşüncəni heç də tamamilə müxalifyönlü qəzetlərin öhdəsinə buraxmaq olmaz, iqtidaryönlü mediamız da tənqidə xüsusi diqqət yetirməlidir” sözləri “Xalq qəzeti”nin yeni informasiya siyasətinin diqqətində oldu. Qəzetin səhifələrində vaxtaşırı olaraq yer alan qida təhlükəsizliyi ilə bağlı özünü göstərən problemlərdən tutmuş Gözdən Əlillər Cəmiyyəti, telekanallarda efirə çıxarılan məzmunsuz və mənasız proqram formatlarının daxili sirlərini ifşa edən yazılarda araşdırılan problemlərin həm də həllini diqqət mərkəzində saxlamaqdadır.
“Xalq qəzeti” bütün yaradıcılıq istiqamətində dövlətçilik və milli maraqlar sistemini daimi olaraq ön planda saxlayır. Qəzetin tematika zənginliyi birbaşa bu iki amilin üzərində qurulur. Əlbəttə, hər bir normal mətbuat qurumu üçün vacib olan ictimai maraq prinsipi də “Xalq qəzeti”nin diqqət dairəsindədir. Lakin bu prinsipin özü də milli maraqlar sisteminə xidmət edir.
Qeyd etdiyimiz tematika zənginliyi həm də aktuallığı ilə diqqəti cəlb edir. Bu aktuallıq keyfiyyəti özünü Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşası fonunda aydın göstərdi və bu gün də göstərməkdədir. Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründəki parlaq qələbəsi və bu qələbə yolunda Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun misli görünməmiş uğurları “Xalq qəzeti”nin analitik materiallarında xalq və hakimiyyətin birliyi fonunda təqdim olunmaqdadır. Qəzet özünün, bütövlükdə, informasiya siyasətində və xüsusilə Vətən müharibəsindəki qələbəmiz fonunda bu qələbənin elmi-nəzəri və praktik rəhbəri, Prezident İlham Əliyevin diplomatik bacarığını birmənalı olaraq ön planda təqdim edir. “Xalq qəzeti” peşəkar publisistikasında bu günün və sabahın tədqiqatçıları üçün Azərbaycan Prezidenti İlham Əliyevin zamana sığmayan diplomatik obrazını tarixə yazmış və yazmaqdadır.
Qarabağ mövzusuna bir də qayıtsaq, cəsarətlə deyə bilərik ki, bu gün “Xalq qəzeti” üçün Vətən Qarabağdan başlayır. Azərbaycan Prezidentinin başçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinə dair yazılar qəzetin prioritet materiallarıdır. Qarabağ mövzusu qəzetdə sonsuz istiqamətlərdən işıqlandırılır. Bu istiqamət fonunda Prezidentin Qarabağda təşkil etdiyi beynəlxalq tədbirlər, bu tədbirlərdə dünya jurnalistlərinin erməni vandalizmini öz gözləri ilə görməsi və əməkdaşlıq etdikləri xarici mətbuatda işıqlandırması kimi qiymətlidir və bütün bunlar “Xalq qəzeti”nin prioritetləri sırasındadır.
“Xalq qəzeti”ndə şəhid mövzusu ön sıradadır. Həm də bu mövzu elə maraqlı detallarla təqdim olunur ki, Vətən uğrunda canını qurban vermiş oğullarımızın qəhrəmanlıq dünyası hər bir oxucuda Vətənə sevgi hisslərini yenidən oyadır və bu duyğular ciddi bir maarifçilik funksiyasını yerinə yetirir. Oxucu yaddaşının müqəddəs faktoruna çevrilən bu yazılar daha çox esse janrında olub, bütövlükdə, xalqın qan yaddaşına yazılmaqdadır.
Müasir Azərbaycanın dövlətçilik siyasəti birbaşa bu dövlətin arxitektoru Heydər Əliyevlə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Ümummilli liderimizin yüz illik yubileyini - 2023-cü ili rəsmi sərəncamla Heydər Əliyev ili elan etdi. Azərbaycan jurnalistikası 2023-cü ildə Heydər Əliyev ilini Ulu öndərə böyük sevgi ilə qeyd etdi. Amma bir faktı vurğulamaq lazımdır ki, “Xalq qəzeti” üçün ötən və gələn illərin hamısı Heydər Əliyev ilidir. Bu faktın təsdiqi üçün qeyd edək ki, “Heydər Əliyev ili”nin bitməsinə baxmayaraq “Xalq qəzeti” özünün, az qala, hər nömrəsində bu tarixi şəxsiyyətin xidmətləri ilə bağlı çeşidli yazılar dərc etməkdədir. Deməli, bu qəzet üçün Heydər Əliyev şəxsiyyətinin ömür yolu ədəbi bir mövzudur.
“Xalq qəzeti”nin tematika zənginliyində Azərbaycanın elmə dövlət səviyyəsində münasibəti də mühüm yer tutur. Bu mənada qəzetin elmə sıravi alimdən tutmuş akademik səviyyədə münasibətini əks etdirən silsilə yazılar xüsusi qeyd edilməlidir. Qəzet hər hansı bir azərbaycanlının beynəlxalq arenada özünü göstərən elmi uğurlarını, yaradıcılığını dərhal öz oxucusuna təqdim etməklə onda həm milli qürur hissini ucaldır, həm də onu elmə istiqamətləndirir. “Xalq qəzeti” bu sahədə ilklərə imza atan bir mətbuat orqanıdır. Təkcə Nobel Sülh mükafatçısı olan Bəxtiyar Siracovla və çoxumuzun tanımadığımız, amma beynəlxalq arenada şöhrət qazanmış azərbaycanlı alimlər haqqında yazılar və hətta redaksiyada onların görüşlərinin təşkili bu faktın təsdiqinə misal ola bilər.
“Xalq qəzeti” qeyd etdiyimiz və etmədiyimiz bu geniş tematikanı çox yüksək peşəkarlıqla fəaliyyət proqramına çevirir. Bu peşəkarlığın bir çox istiqamətləri var. Məsələn, qəzetin materiallarının aydın dili və üslubu, ifadə tərzində oxucunun bütün təbəqələrinin nəzərə alınması, mövzudan, mövzunun obyektindən asılı olaraq janrın seçilməsi, publisistikada ədəbi-bədii üsluba müraciətlə maraqlı məqamların yaradılması, insanı olduğu kimi təsvir etməyi bacarmaq və s. onlarca peşəkarlıq fəaliyyəti “Xalq qəzeti”nin populyarlığını, nüfuzunu artıran faktlardır. Biz bu məqamda qəzetdə özünü göstərən çox maraqlı və ilk baxışdan da oxucuların diqqətini cəlb edən və məqalələri oxumağa “vadar edən” sərlövhələri – yazı başlıqlarını xüsusi qeyd etmək istərdik.
Aydındır ki, sərlövhə - başlıq ifadə olunan mövzunun ən qısa tezisidir. Çox ciddi peşəkarlıq, hətta deyərdik ki, çox böyük sənətkarlıq tələb edir. Çünki sərlövhə oxucunu həmin materialı oxumağa çağıran əsas elementdir. Peşəkar jurnalist həm də sərlövhəni saxta çağırışdan uzaq tutur. “Xalq qəzeti”nin sərlövhələri həm oxucunu diqqətə çağırışı ilə, həm də peşəkarlığın yüksək göstəricisi kimi maraq doğurur. Belə sərlövhələrdən bir neçəsinə diqqət edək: “Ulu öndərin Naxçıvandan başlanan xilaskarlıq marafonu”, “Heydər Əliyev – dövlətçilik zirvəsi”, “Azərbaycan-Gürcüstan dostluğu”, “Qafqaz evinin möhkəm özülüdür”, “İrəvan “va-bank” gedir?”, “Soyqırımı yaddaşımız: dövlətsizliyin cəzası və bütöv Azərbaycan”, “Yalançı bayraq altında amansız terror”, “Köhnə qitə necə islamlaşır?”, “Makron dünyanı müharibəyə sürükləyir”, “Demokratiyanın tələbi, yoxsa Qərbin saxta silahı?”, “Dağların daş nağılı - Lahıc”, “Daha nağılları nənələr demir”, “Bir parça daş Vətəndir”, “Şəhid anasının poetik duyğuları”, “Naxçıvanda çalınan “Qərbi Azərbaycana qayıdış” zəngi”, “Kosmosun azərbaycanlı əfsanəsi”, “Azərbaycanın Əl-Cəzirədəki səsi” və s. kimi onlarca bu tipli sərlövhənin altında milli dəyərlərimizə, milli maraqlarımıza sonsuz jurnalist sevgisi dayanır.
“Xalq qəzeti”nin yeni dönəm fəaliyyətində onun poliqrafik mənzərəsi də diqqəti cəlb edir. Çoxsəhifəli formatda nəşr edilən qəzetin rəngli siması, hər səhifənin tematik sərlövhəsi, mətnlərin yığımı və yerləşdiyi sütunların kontentə uyğun tərtibi kimi məsələlər də oxucuya xidmət olaraq qiymətləndirilməlidir.
Sual oluna bilər: bəs bu qəzetin müasir media sistemində yerini möhkəmləndirən hansı faktordur? Birbaşa cavab: qəzetin yaradıcı kollektivi – redaksiya əməkdaşları. Əlbəttə, məlumdur ki, hər bir media qurumunun iki mühüm yaradıcı kollektivi var: birincisi, qəzetin müəllifləri – yəni oxucu, ziyalı kontingenti – redaksiyaya, qəzetə marağı olan ədəbi qüvvələr. Bu sırada biz Azərbaycanın Anar, Elçin kimi yazıçı-publisistləri, İsa Həbibbəyli, Kamal Abdulla, Nizaməddin Şəmsizadə və s. kimi onlarla filoloq-alimləri qeyd edə bilərik. Eləcə də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış Həsən Həsənov, Abid Şərifov, Əhməd Əhmədzadə kimi dövlət xadimlərinin qəzetdə yer alması redaksiyanın cəmiyyətdə baş verən hadisələrə canlı münasibətinin təsdiqidir.
Redaksiyanın digər və əlbəttə, əsas yaradıcı qrupu qəzetin birbaşa əməkdaşlarıdır. “Xalq qəzeti” əməkdaşlarının böyük əksəriyyəti birbaşa jurnalistika ixtisasına sahib yazarlardır. Qəzetin Baş redaktoru Əflatun Amaşov Moskva Dövlət Universitetində jurnalistika ixtisasına yiyələnmişdir. Ə. Amaşov bu qəzetə redaktor təyin olunanadək AZƏRTAC kimi mötəbər bir təşkilatda çalışmış, daha sonra uzun illər "RUH" Jurnalistləri Müdafiə Komitəsi kimi bir qeyri-hökumət təşkilatına, Jurnalistləri Müdafiə kimi bir quruma, “Mətbuat Şurası”na rəhbərlik etmişdir. Onun rəhbərlik səriştəsinə ölkə jurnalistləri yaxşı bələddirlər. Son vaxtlar bu sənətkar jurnalistin biz həm də çox maraqlı yazıçı qələminin şahidi olduq. Onun “Qanıq, Hasan, bir də Qaragöz” povestinin “Ulduz” jurnalında dərcindən dərhal sonra ədəbi tənqid və geniş ictimaiyyət bu əsəri “ədəbi hadisə” kimi qiymətləndirdi.
Ə. Amaşovu bu sətirlərin müəllifləri də yaxşı tanıyırlar. Onun rəhbərlik etdiyi təşkilatlarda kollektivə münasibətinin özü çox maraqlı mühit yaradır.
“Xalq qəzeti”nin kollektivi müntəzəm olaraq, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə yaradıcılıq əlaqəsi saxlayır. Redaksiya rəhbərliyi və Bakı Dövlət Universitetinin birgə qərarı ilə Jurnalistika fakültəsində “Xalq qəzeti” auditoriyası yaradılmışdır. Yeni dərs ilinin lap ilk günlərində açılışını gözlədiyimiz bu auditoriyada jurnalistlərlə dəyirmi masa, ustad media nümayəndələri ilə tələbələrin görüşləri keçiriləcək. Bütün bu faktlar redaksiya kollektivinin yeni yaradıcılıq göstəriciləridir və qəzetin hər nömrəsinin buraxılışında bu yeniliklər oxucuya hörmət, qəzetin nüfuzunu qaldırmaq üçün atılan addımlardır. Bu çətin, amma şərəfli yaradıcılıq yolunda “Xalq qəzeti”nə - xalqımızın qəzetinə uğurlar arzusu ilə...
Vüqar ƏLİYEV,
BDU jurnalistika fakültəsinin dekanı, professor;
Cahangir MƏMMƏDLİ,
BDU milli mətbuat tarixi kafedrasının müdiri, professor