Azərbaycan tarixinin təməl mövzularından biri albanşünaslıqdır. Milli kimliyimizin öyrənilməsində, təsdiqində və bu sahədə uydurmaların cavablandırılmasında albanşünaslıq elminin qarşısında duran vəzifə son illərdə strateji önəmi, fundamental səciyyəsi ilə ikiqat aktuallaşmışdır.
Tədqiqatçılar Cənubi Qafqazın ən qədim dövlətlərindən biri olan Albaniyanın min ildən artıq tarixini 2 dövrə ayırırlar. Birinci qədim mərhələ ellinizmdən antik dövrün sonlarına qədərki (e.ə. IV əsr – b.e. III əsrin əvvəli), ikinci erkən orta əsrlər dövrü isə Sasanilər dövlətinin yaranmasından Qafqazda Alban dövlətinin müstəqilliyinə son qoymuş ərəb işğalına qədərki əsrləri (III əsr – VIII əsrin əvvəlləri) əhatə edir.
Albaniyanın tarixinin ikinci dövrü çoxsaylı Sasani, Bizans, Suriya, ərəb, erməni və gürcü mənbələrində yetərincə yaxşı işıqlandırılsa da, erkən qədim mərhələnin geniş mənbəşünaslıq bazası mövcud deyil. Bu səbəbdən Albaniyanın tarixi keçmişinin öyrənilməsində arxeoloji tədqiqatlar mühüm əhəmiyyət kəsb etmişdir.
Albanlar Cənubi Qafqazın aparıcı və böyük etnoslarından biri olaraq yazılı mənbələrdə ilk dəfə Qavqamel döyüşü (e.ə. 331-ci il) ilə əlaqədar xatırlanırlar. Bu döyüşü təsvir edən Roma tarixçisi Flavi Arrian alban döyüşçülərinin fars şahı III Daranın qoşununun sıralarında yer aldığını qeyd etmişdir. Bu vaxtdan etibarən albanlara və onların e.ə. IV əsrin sonu–III əsrin əvvəllərində Böyük Qafqaz dağlarından Araz çayına qədər geniş ərazidə yaratdıqları dövlətə dair səthi, ziddiyyətli, bəzən isə diametral zidd olan məlumatlara bir sıra yunan və Roma müəlliflərinin – Strabonun “Coğrafiya”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, Dion Kassinin “Roma tarixi” və s. əsərlərində rast gəlinir.
Bütün XIX əsr boyunca Azərbaycanda rus və əcnəbi arxeoloqlar, elmi qazıntılar üzrə metodikası olmayan yerli məmurlar ara-sıra arxeoloji tədqiqatlar aparmışlar. Tunc dövrünə aid qəbir abidələrdə aşkarlanan materiallar Azərbaycandan kənara aparılırdı. 1834-cü ildə isveçrəli səyyah Frederik Dyubua de Monpere indiki Göygöl rayonu ərazisindəki qədim məzarlıqda qazıntılar aparmış, aşkarlanan artefaktları isə Fransaya aparmışdır. Fransalı səyyah Adolf Bernye 1862-ci ildə Muğan düzündə bir sıra qədim abidələri tədqiq etmiş, o da materialları Fransaya daşımışdır.
XIX əsrin sonunda Gədəbəy rayonunda mis istehsalı ilə məşğul olan “Simens və K” alman şirkətinin əməkdaşı V.Belk son tunc-erkən dəmir dövrünə (e.ə. II minilliyin sonu – I minilliyin əvvəli) aid 300-dən artıq “daş qutu” tipli qəbirləri açmışdır. Aşkarlanmış və Almaniyaya göndərilmiş bütün arxeoloji və antropoloji materiallar bu günə qədər orada saxlanılır. Eyni dövrdə fransız arxeoloqu Jak de Morqan Talış dağları ərazisində son tunc və erkən dəmir dövrünə aid 230 qəbri qazmışdır. Bütün arxeoloji materiallar Fransaya göndərilmiş və Sen-Jermen muzeyində saxlanılmaqdadır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya İmperator Arxeologiya Komitəsinin tapşırığına əsasən, E.Resler, Q.Rozendorf, A.İvanovskiy, V.A.Skinder, İ.Qummel, Y.A.Lalayan Qarabağda Gəncəçay vadisində və Azərbaycanın digər rayonlarında çox sayda qədim məzarlıqlarda qazıntılar aparmışlar. Bu qazıntılar zamanı aşkarlanan materiallar Sankt-Peterburqa, Moskvaya aparılmışdır. Elmi hesabatlar isə “İmperator Arxeologiya Komitəsinin Hesabatlarında”, “Arxeologiya Komitəsinin Xəbərlər toplusu”nda və “Qafqaz Arxeologiyası üzrə Materiallarda” dərc olunmuşdur.
1835-ci ildə Fridrix Kruzenin məqaləsində İberiyanın, Albaniyanın, Kolxidanın və Ermənistanın qədim tarixinin öyrənilməsinin, xüsusən Xəzər dənizi və Qara dəniz arasındakı qədim ticarət yolunun bərpa olunması baxımından əhəmiyyəti qeyd olunmuşdur. İmperator Arxeologiya Komitəsi qədim tarixi abidələri aşkarlamaq məqsədilə Aleksandr Yanovskini Cənubi Qafqaza göndərmiş, o, Albaniyanın paytaxtı Qəbələ ərazisində kəşfiyyat qazıntıları aparmışdır. Tədqiqatın nəticəsi olaraq 1846-cı ildə “Qədim Qafqaz Albaniyası haqqında” ilk elmi məqalə dərc olunmuş, amma Albaniyanın cənub sərhədi – Kür çayı qeyd edilmişdir.
XIX əsr – XX əsrin birinci yarısında Albaniyanın tarixi ilə əlaqədar bir sıra məsələlərə rus alimləri İ.Şopen, B.A.Dorn, V.V.Bartold, V.F.Minorski, Y.A.Krımski, S.V.Yuşkovun, avropalı tədqiqatçılar H.Hipert, V.Tomaşek, İ.Markvart və Q.Hyub-şmanın və s. əsərlərində rast gəlinir. Albaniya mövzusuna toxunan ilk azərbaycanlı tədqiqatçı A.A.Bakıxanov olmuşdur. O “Gülüstani-İrəm” əsərində Azərbaycan tarixini qədim dövrlərdən Gülüstan müqaviləsinə qədər (1813-cü il) araşdırmağa çalışıb.
Azərbaycanda arxeologiya elmi XX əsrin birinci yarısında, albanşünaslıq elmi istiqaməti isə XX əsrin ikinci yarısında formalaşmışdır. 1920-ci ildə Azərbaycan Dövlət Tarix Muzeyi, 1923-cü ildə isə Azərbaycan Arxeoloji Komitəsi və Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılmışdır. Bu dövrün arxeoloji materialları əsasında Qafqaz Albaniyasının antik dövr tarixinə dair ilk əsərlər nəşr olunmuşdur. Milli arxeoloq kadrların formalaşması prosesi başlanmışdır.
1926-cı ildə Azərbaycan Dövlət Tarix Muzeyinin ekspedisiyası D.M.Şərifovun rəhbərliyi altında Yaloylutəpə adlı ərazidə antik dövrə aid torpaq qəbirləri tədqiq etmişdir. XX əsrin 20–30-cu illərində antik dövr alban tarixinə aid qəbirlərin ən çox yayılmış növü – küp qəbirlərin tədqiqi üzrə irihəcmli çöl işləri aparılmışdır. Akademik İ.İ.Meşaninov və Ə.K.Ələkbərovun rəhbərlik etdiyi ekspedisiyalar Mil düzündə, Şəki, Göyçay və digər rayonlarda onlarla küp qəbri tədqiq etmişdir.
Mingəçevir ərazisində arxeoloji təd-qiqatlar aparmaq üçün 1934–1938-ci və 1946–1953-cü illərdə 2 ekspedisiya təşkil olunmuşdur. Alban dövrünə aid olan tapıntılar indi Azərbaycan Milli Tarix Muzeyində saxlanılır. 1959-cu ildə Qəbələ arxeoloji ekspedisiyası yaradılmış və bu günədək öz tədqiqatlarını davam etdirir. 1959–1971-ci illərdə ekspedisiyaya S.M.Qazıyev, sonrakı illərdə isə Q.M.Əhmədov və İ.A.Babayev rəhbərlik etmişlər. Müxtəlif illərdə ekspedisiyasının tərkibində R.B.Göyüşov, F.L.Osmanov, O.İsmizadə, T.Qolubkina və A.Qar-əhmədova və b. fəaliyyət göstərmişlər.
1965-ci ildə Ziya Bünyadovun “Azərbaycan VII–IX əsrlərdə” monumental əsəri albanşünaslığın əsasını qoymuşdur. XX əsrin 60-70-ci illərində Moskva və Sankt-Peterburqun aparıcı elmi mərkəzlərində hazırlıq keçmiş tarixçi və arxeoloqların yetişməsi bir çox antik abidələr, ilk növbədə, Albaniyanın şəhərləri üzrə irihəcmli tədqiqatlara başlamağa imkan vermişdir. Beləliklə, tarix, arxeologiya, memarlıq, sənətşünaslıq, antropologiya və s. sahələrdə tədqiqatları özündə ehtiva edən çoxsahəli “albanşünaslıq” formalaşmışdır.
Bu sahənin alimləri sırasında Z.Yampolski, F.Məmmədova, Q.Voroşil, F.Əsədov, R.Məlikov, D.Axundov, G.Məmmədova, İ.Babayev, Ə.Rəcəbli, Y.Nəsibov, V.Piriyev, T.Məmmədov, K.Əliyev, С.Xəlilov, M.Xəlilov, N.Rzayev, R.Vahidov, A.Mustafayev və b. idi. Onların hamısı öz əsərləri ilə Azərbaycanın tarixi torpaqları ilə bağlı erməni konsepsiyalarının qeyri-qanuni və elmə zidd olduğunu sübut etmişlər. Onlar Qafqaz Albaniyasının tarixi və mədəniyyəti üzrə ümumiləşdirici əsərlər yazmışlar. Bu əsərlərdə tarixi problemlərin geniş spektrinin əsaslandırılması üçün arxeoloji materiallardan istifadə olunmuşdur.
Qafqaz Albaniyası tarixinin müxtəlif sahələrinə aid C.Xəlilovun “Qafqaz Albaniyasının maddi mədəniyyəti”, İ.Babayevin “Qafqaz Albaniyasının şəhərləri”, Fəridə Məmmədovanın “Musa Kalankatlının “Alban tarixi” əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi”, “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası”, “Qafqaz Albaniyası və albanlar”, K.Əliyevin “Antik Qafqaz Albaniyası”, Q.Qoşqarlının “Azərbaycan ərazisində antik dövrə aid qəbir abidələrinin tipologiyası”, Q.Cəbiyevin “Girdiman: tarixi və tarixi coğrafiyası” adlı əsərlərini, Albaniyanın numizmatikası barədə Əli Rəcəblinin, memarlıq tarixi haqqında Davud Axundovun, Gülçöhrə Məmmədovanın, Səbinə Hacıyevanın və s. alimlərin əsərləri milli albanşünaslığı zənginləşdirmişdir.
2000–2003-cü illərdə Fəridə Məmmədovanın rəhbərliyi altında Qafqaz Albaniyasının Tədqiqat Mərkəzi yaradılmış və Bakıda 2 beynəlxalq konfrans və 1 elmi seminar təşkil edilmişdir. Elmi məclislərin materialları 2 topluda nəşr edilmişdir. Həmin illərdə ümummilli lider Heydər Əliyev birgə Azərbaycan–Norveç “Kiş” layihəsinin həyata keçirilməsinə dəstək vermişdir. Bu layihədə Gülçöhrə Məmmədovanın (S.Hacıyeva və başqaları) rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarları, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları (V.Kərimov, A.Qarəhmədova və başqaları), Norveç Krallığı və Norveç Humanitar Yardım Cəmiyyətinin dəstəyi ilə Norveç alimləri B.Sturfiel, S.Sturfiel, Tur Heyerdal iştirak etmişdir.
2009-cu ildən isə Seul–Bakı Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə Azərbaycan–Koreya birgə ekspedisiya qrupu Səlbir yaşayış yerində (Albaniyanın paytaxtı Qəbələ şəhərinin ərazilərindən birində) qazıntı işləri aparmışdır. Arxeoloji qazıntılarda Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları və koreyalı arxeoloqlar iştirak etmişlər. 2019-cu ilədək, ümumilikdə, 10 mövsüm çöl-tədqiqat işi aparılmışdır. COVID-19 səbəbindən növbəti 3 ildə heç bir qazıntı işi aparılmamış 2023-cü ildən davam etdirilmişdir. Nəticədə, bir sıra maraqlı və dəyərli məqalələr, “Qafqaz Albaniyası etno-mədəni irsi” topluları nəşr olunmuşdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi həyata keçirilmişdir. Tarix elmləri doktoru Həcər Verdiyevanın rəhbərliyi altında alimlərin və tələbələrin iştirakı ilə müxtəlif görüşlər, seminarlar keçirilmiş, Salesian Pontifik Universiteti ilə birlikdə 2015-ci ildə Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.
2019-cu ildə Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edildikdən sonra bu qurumun təşviqi ilə albanşünaslıq üzrə elmi tədqiqatlar genişlənmişdir. Beynəlxalq konfranslar, seminarlar keçirilmiş, 2019-cu ildən 2023-cü ilə qədər 3 dildə “Qafqaz Albaniyası etno-mədəni irsi” məqalələr toplusunun 4 nömrəsi nəşr olunmuşdur. Elmi redaktorları AMEA-nın müxbir üzvü Fəridə Məmmədova, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, professorlar Kərim Şükürov və Nəcəf Müseyibli olan toplunun redaksiya heyətinə Gürcüstan, Rusiya, İngiltərə, Koreya Respublikası, Litva alimləri daxildir. Bu nəşr ölkəmizdə albanşünaslığın ayrı-ayrı istiqamətlərində tədqiqat aparan xarici və Azərbaycan alimlərinin birgə nəşr edildiyi yeganə elmi topludur.
2023–2024-cü illərdə Avropada, Ermənistanda, Türkiyədə də Albaniyanın ayrı-ayrı problemlərinə aid monoqrafiyalar nəşr olunmuşdur. Təəssüf ki, bu kitablarda və toplularda alban etno-mədəni irsinin, “Kür–Araz ərazisinin erməni tarixinə aid olması” barədə saxta iddialar irəli sürülür. Bu uydurmalara “Qafqaz Albaniyası etno-mədəni irsi” toplusunda layiqli cavab verilmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2021-ci ildə F.Məmmədovanın “Qafqaz Albaniyası və albanları” monoqrafiyasını ingilis dilində nəşr etdirmişdir. 2023-cü ildən AMEA Tarix və Etnologiya İnstitutunun baş direktoru, professor Kərim Şükürovun “Azərbaycan albanşünaslığının (Qafqaz) tarixinə dair” adlı monoqrafiyası dərc edilmiş və bir sıra qiymətli kitablar nəşr olunmuşdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu birgə onlayn qafqazşünaslıq kursu təşkil etmişdir. Bu il aprelin 19-20-də AMEA Tarix və Etnologiya İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Alban-Udi Xristian Dini İcmasının təşkil etdiyi “Qafqaz Albaniyası: etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq Konfransının materialları “Qafqaz Albaniyasının etno-mədəni irsi” məqalələr toplusunun V sayında nəşr olunacaq.
Albanşünaslığın son illərdəki inkişafı onun növbəti illərdə yeni səviyyəyə qaldırılmasını zəruri edir. Lakin bu sahə ilə məşğul olan alimlərin azlığı narahatlıq doğurur. Yeni nəsil arxeoloqlara, memarlara, epiqraflara, numizmatlara, qədim dilləri bilən tarixçilərə və dilçilərə böyük ehtiyac var. Bu istiqamətdə kadr hazırlığına diqqət artırılmalıdır.
Ülviyyə HACIYEVA,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru