Görkəmli sənətkarın arxivi zənginləşir

post-img

Azərbaycan Dövlət Film Fondu­na şəxsi arxivdən Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun nadir fotoları daxil olub. Fotoların ikisində “Azərbay­canfilm” kinostudiyasına yenicə direktor təyin edilən görkəmli aktyorun (1966–1974-cü ildə kinostudiyaya rəhbərlik edib) “İs­tintaq davam edir” bədii filminin çəkilişlərini izləməsi əks olunub.

Bu barədə XQ-yə Dövlət Film Fondu­nun direktor müavini Rəşad Qasımov mə­lumat verərək qeyd etdi:

– Ssenari müəllifləri Cəmşid Əmirov, Mixail Maklyarski, quruluşçu rejissoru Əlisəttar Atakişiyev, quruluşçu operatoru Əlihüseyn Hüseynov olan filmdə sovet təh­lükəsizlik orqanları tərəfindən xarici kəş­fiyyatın apardığı əməliyyatın açılmasından, Azərbaycan çekistlərinin və milisinin fəa­liyyətindən bəhs olunur. Fotolarda aktrisa­lar Larisa Xələfova (Dilarə Bayramova) və Lyudmila Şlyaxturun (Tatyana Ostapenko) iştirakı ilə dəniz sahilində epizodun çəkili­şini görürük.

Bundan əlavə, Dövlət Film Fondunun saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun “Qanun naminə” fil­mində Kamilov obrazını canlandırarkən çəkilmiş kadrarxası görüntülər də yayım­lanıb. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkilən (sse­nari müəllifi və quruluşçu rejissor Muxtar Dadaşov, quruluşçu operator Əlihüseyn Hüseynov) filmdə görkəmli sənətkar əsas rollardan birini oynayıb. Fotoşəkillər kino­rejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.

Qeyd edək ki, Adil İsgəndərovun “Azərbaycanfilm”ə rəhbərlik etdiyi dövr­də milli kinomuzun bir sıra dəyərli ekran əsərləri ərsəyə gəlib. O, bu müddətdə çə­kilən dörd bədii filmdə yaddaqalan rollar oynayıb.

C.BALABƏY 
XQ



Mədəniyyət