Sankt-Peterburqun Aleksandrinski Teatrının yaradıcı heyəti Bakıya qastrola gələcək. Rusiyanın qocaman sənət ocağı səhnələşdirdiyi Qoqolun məşhur “Evlənmə” pyesini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında azərbaycanlı tamaşaçılara nümayiş etdirəcək.
Bu barədə XQ-yə məlumat verən Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi:
– Milli Dram Teatrı Aleksandrinski Teatrı ilə bu il əməkdaşlıq memorandumu imzalayıb. Bu layihə hər iki ölkənin milli teatrlarının birgə layihəsidir. Rusiya teatrının səfəri sentyabrın 19-20-nə nəzərdə tutulur. Təqdim olunacaq səhnə əsərinə Rusiyanın görkəmli rejissoru, Xalq artisti Valeri Fokinin quruluşunda baxılacaq. Başlıca məqsədimiz dünyanın aparıcı teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrimizi inkişaf etdirmək və təcrübə mübadiləsi aparmaqdır.
Sözügedən qastrol Azərbaycan və Rusiyanın mədəniyyət nazirliklərinin birgə dəstəyi ilə reallaşacaq.
Ceyhun ALIŞLI
XQ