Ey ağlıma gəlməyən,
könlümə xoş gəlmisən,
Allah bəndəsi, salam,
gör kimə tuş gəlmisən.
İnqilab İSAQ
Elə bu çağlar idi. Bakı qaynar günlərini yaşayırdı. İnsanlar gecə yarıyadək parklardan evə yığışmırdılar. Sakit yay axşamları daha bürkülü olurdu. Belə günlərdə gecədən xeyli keçənədək Akademiya bağındakı böyük fəvvarənin (Hacıbala müəllimin mer işləyən vaxtları idi və fəvvarəni də o, inşa etdirmişdi. Hətta Milli Elmlər Akademiyasının Cavid prospektinə baxan daş hasarlarını da sökdürüb, xeyli abadlıq işləri apartdırmışdı...) ətrafında oturur, o ərazidə gəzişirdim.
Mənim illərlə qazandığım vərdişim vardı – həmişə işə tez gedərdim. O gün də elə oldu. Saat yeddi olmamış çayımı içib, evdən çıxdım. Əvvəlcə, Akademiya bağını seyr elədim, orada hər səhər cüt-cüt, dəstə-dəstə binanın başına dolanan dostlarla salamlaşdım. Sonra fəvvarənin yaxınlığındakı uzun oturacaqların birində əyləşdim. Orada bir soydaşımız da oturmuşdu, mürgüləyirdi. Yol çantasını da bərk-bərk tutmuşdu. Görən fikirləşərdi ki, yəqin çantada çox qiymətli nəsə var.
Az sonra qonşum gözlərini açıb məndən üzr istədi və əlavə etdi ki, gecə yol gəlib, yuxusuzdur. Arada ordan-burdan söhbət elədik. Bir azdan mən işə tələsdiyimi söyləyib, həmsöhbətimdən ayrıldım...
Nahar fasiləsi bitmişdi. İş yoldaşlarımdan kimsə dedi ki, sizi soruşan var. Deyir ki, Gəncədən gəlmişəm, “Tumurcuq”un redaktoru ilə görüşmək istəyir. Dedim gəlsin, gözləyirəm. Qapıdan girən adam səhər Akademiya bağında tanış olduğum soydaşımız idi. Hər ikimiz bu qəribə tanışlığa güldük. Çay içə-içə yenidən tanış olduq – müəllim-şair İnqilab İsaq idi.
Səhər mürgüləyəndə bərk-bərk tutduğu çantasını açıb kitabını mənə verdi. Kitabda olan şeirlərin hamısı uşaqlar üçün yazılmışdı. Əlyazma şeirlərini də təqdim elədi. Ayrılanda ərklə dedi ki, Gəncəyə yolum düşsə, mütləq onu axtarım, yaxşı bağı var, orada oturub çay içərik...
Növbəti sayda İnqilab müəllimin şeirlərini məktəbli oxuculara təqdim etdik.
Bir il keçmiş olardı. Bir gün Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım zəng elədi. Dedi ki, İnqilab müəllimin yubileyidir, uşaqlarla görüşünü keçiririk, sizin də iştirak eləmənizi istəyirəm. Getdim. Hətta çıxış da elədim. Görüşdən sonra İnqilab müəllim bildirdi ki, bilməzdim, mənim yazdıqlarımın çoxunu oxuyursan. O, bu dəfə “İndi elə təkəm ki...” şeirlər kitabını mənə bağışladı.
İnqilab İsaq gözəl şair idi. Bir-birindən fərqli 14 kitabı çıxıb. “Deməyə sözüm var”, “Ümidə borclu dünya”, “Aləm cənnətə dönsə”, “Canım sənə desin”, uşaqlar üçün “Aydan axan bulaq”, “Bir çəmənin çiçəkləri”, “Obaları gəzə-gəzə”, “Nərgizin nərgizləri”, “İndi elə təkəm ki”, “Gizli buluşmalar” (İstanbulda nəşr edilib), “Sözün nəbzi” (gürcü dilində) və digər kitabları çap olunub. Prezident təqaüdünə, Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb. Həm ictimai mövzuda olan, həm də sevgi şeirləri ürəyəyatan, düşündürücüdür. Bu şeirlər İnqilab müəllimin təbiətinə xas - səmimiyyətlə yoğrulub. Şeirlərinin birində yazdığı kimi, o, su kimi, bulud kimi adam idi və taleyin ağrılarını çox yaşamışdı, onları misra-misra düzmüşdü. Onun poetik ovqatı daha çox narahat dünyanın dərdlərindən, insanlığın sevincindən, kədərindən şirə çəkirdi:
Bu gedənin, gələnin
Yanında otur bir az.
Böyüsün bu dünyanın
Qaranlıqda işığı,
Çiçəyi, otu bir az...
Filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə şair İnqilab İsaqın bir sıra şeirlərini gələcəyə atılan xəyal toxumu kimi dəyərləndirir: “Onun şeirləri diridir, canlıdır. İnsanı xəyallar aləminə aparır. Bu əsl şair fəzilətidir. “Xəyal gerçəkliyə atılan toxumdur”- deyir böyük türk oğlu R.T. Ərdoğan. İnqilabın şeirləri tarixə səpilmiş xəyal toxumlarına bənzəyir, onlar gələcəkdə cücərib gülşənə çevriləcək”.
İnqilab müəllimlə son illər üzbəz görüşə bilməsək də, tez-tez zəngləşirdik. Çünki ürək adamı idi. Hərdən deyirdi ki, sən gəlmədin, ancaq bir gün görəcəksən ki, qapını döyən mənəm. Mən bu ünsiyyətdən məmnun idim və onun gəlişini gözləyirdim.
Bu il mayın ortaları idi. İnqilab müəllimin ziyalı dostları yazmışdılar ki, şair səhhətində yaranan problemlə bağlı Göygöl Mərkəzi Xəstəxanasında yatır...
Mayın 18-də isə eşitdik ki…
Dəyərli insana Allahdan rəhmət diləyirik!
Səməd MƏLİKZADƏ