Bir var ağac ev, bir də var ağacdakı ev

post-img

Bu günlərdə türkiyəli həmkar­larımızın işləyib hazırladığı www.seturday.com saytının “Natural­li” bölümündə adı göstərilməyən bir müəllifin “Ağacın dallarında uyanmaya ne dersiniz?” (“Ağac budaqlarında yuxudan oyanmaq­la aranız necədir?”) adlı yazısını oxudum. 

Müəllif yazır ki, çoxumuz uşaqlıq illə­rində hansısa filmdə ağacda yatmış adam­ları görəndə həmin xəyalla yaşayırdıq ki, kaş mənim də ağacda evim olaydı. Zaman sürətlə dəyişdi və artıq təkcə uşaqlar deyil, böyüklər də ağac budaqlarında tikilmiş evlərdə yaşamağı arzulayır və buna nail olurlar. 

Sonra rus saytlarına da baxdım. Sən demə, ruslar türklərdən, avropalılar isə ruslardan əvvəl bu “yeni yaşayış məskən­lərini” yaradıblarmış. Xatırladım ki, ağac ev layihələrini hamıdan tez Sibirdə və Ru­siyanın digər soyuq ərazilərində yaşayan­lar icad eləmişdilər. Ağacdakı ev məsələsi isə yenidir.

Sayt yazır ki, mükəmməl şəkildə ha­zırlanan ağacda tikilmiş evlərdə yatmaq, gecələmək bir yana, onları görmək belə in­sanın daxilinə sakitlik, rahatlıq gətirir. Belə evlərə Türkiyənin Qara dəniz bölgəsində daha çox rast gəlmək mümkündür. Ancaq budaqlar arasında tikilən evlər təkcə Tür­kiyədə deyil, dünyanın bir çox ölkələrin­də turistlər tərəfindən heyranlıqla qarşıla­nır. Bu gün dünyanın bütün ölkələrini öz “əsarəti altına almış” daş-beton evlərdən fərqli olaraq, ağacda tikilmiş evlər təbiətin bir parçası kimi dəyərlidir. 

Xatırladılır ki, Danimarkadan Kana­daya, Amerikadan Yaponiyaya qədər olan coğrafiyada, üstəlik, Belçika, İsveç, Cənu­bi Afrika və Yeni Zelandiyada rast gəlinən belə evlərin hər biri hansısa mütəxəssisin fantaziyasına uyğun şəkildə gözəlləşdi­rilib. Ümumilikdə isə, təbii ki, kimsə bu ideyanın ilk müəllifi olub və həmin adam yəqin ki, indi kimdənsə patent istəyə bil­mir. Çünki onun ideyası təbiətin toxunul­mazlığını pozub. 

Yapon mütəxəssislərin fikrincə, quşla­rın yuva qurub nəsil artırmalı olduğu bu­daqlarda insanların yaşaması üçün ev inşa edilməsi təbiətin Ana Yasasına müdaxilə deməkdir. 

Bu ideyanı müdafiə edənlər deyirlər ki, ağacda ev tikmək düşüncəsi, ilk növbədə, qorxudan yaranıb. Yəni meşədə gecələmə­li olan insanlar vəhşi heyvanlardan və sü­rünənlərdən qorunmaq üçün bu üsuldan istifadə ediblər. Onların bu arqumentinə qarşı çıxanlar isə bildirirlər ki, pişikkimilər və sürünənlər ən uca ağacın zirvəsinə qə­dər çıxa bilirlər. 

Yuxarıda qeyd etdiyimiz sayt, həmçi­nin yazır ki, İsveç ölkəsi ağacda ev tikil­məsi məsələsində xeyli irəliləyib. Orada hər yeni ev özünəməxsus memarlıq əsəri təsiri bağışlayır. İsveç meşələrindəki ağac­larda tikilmiş evlərin heç biri özündən əv­vəlki evə bənzəmir. Orada ətrafı şüşələrlə əhatələnmiş evlər də var, kosmos gəmisinə bənzəyən evlər də. Yaponiyada bu evlər ənənəvi yapon evləri kimi inşa edilir. Ka­nada və Amerikada isə ən böyük ağac evlə­rinə rast gəlmək mümkündür. Çünki orada irigövdəli ağaclar çoxdur. 

Doğrudur, həmin evlər əhli-kef adam­ların, turistlərin, səyyahların, jurnalistlərin marağına səbəb olur. Ancaq narahatlıq gə­tirən məsələ odur ki, yüz illər boyu ağacla­rın gövdəsindən min bir məqsədlə istifadə edən insan oğlu indi də onun uca budaq­larını mənimsəyir. Bütün hallarda zərər çəkən ana təbiətdir. Məhz həmin zərərlərin nəticəsidir ki, bu gün dünya başdan-başa ekoloji problemlərlə üz-üzədir. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat