Zəngəzur dəhlizinin inkişafı region üçün böyük perspektivlər açır və bu, ümumi yükdaşıma potensialına əlavə 15 milyon tonluq imkan qatacaq. Bu fikri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan nəqliyyat marşrutlarının imkanlarını şaxələndirməkdə maraqlıdır və bu baxımdan Cənub marşrutu – Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır: “Biz, bir ölkə olaraq marşrutların imkanlarını şaxələndirməyə çox maraqlıyıq. Zəngəzur dəhlizi artıq, sadəcə, müzakirə mövzusu deyil, cari il avqustun 8-də bu layihə faktiki olaraq reallaşdı”. R.Nəbiyev onu da bildirib ki, müstəqillik dövründən və Ermənistanla müharibə vəziyyətindən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən bu ölkəyə taxılın tranzitinə icazə verilib.