(əvvəli https://xalqqazeti.az/az/siyaset/190207-azerbaycanin-xarici-siyaseti-ve-beynelxalq-teskilatlar)
II MƏQALƏ
Mən Yer kürəsinin patriotuyam. Mənim üçün hansı insanın harada yaşamasının heç bir əhəmiyyəti yoxdur... Mən öz evimi – Yer planetimi sevirəm.
Jak FRESKO
Amerikalı futuroloq
Təşkilatlararası yeni yanaşma
I məqalədə Azərbaycanın beynəlxalq və regional təşkilatlanmaya və bu təşkilatlar arasında münasibətlərə yeni yanaşma sərgilədiyini vurğulamışdıq. BRICS və ŞƏT məsələsinə də bu prizmada yanaşmasaq, Bakının məqsədini anlaya bilmərik. Bizim müşahidəyə görə, bir neçə prinsip vardır ki, rəsmi Bakı beynəlxalq və regional təşkilatlara münasibətdə daim gözləyir.
Birincisi, istənilən təşkilata münasibətdə Azərbaycan ön sıraya ölkənin milli və dövləti maraqlarını qoyur. Bu, Türk Dövlətləri Təşkilatına da (TDT) aiddir. Yəni rəsmi Bakı kimə və ya hansısa kənar təsirə görə addım atmır.
İkincisi, Azərbaycan, birmənalı olaraq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənir. Bu, o deməkdir ki, Azərbaycan üzv olduğu regional təşkilatlarda konkret və real proqramlar üzrə işləyir. Boş vədlərə inanmır və kimsəyə belə bir vəd vermir. Qarşılıqlı fayda verən əlaqələrin yaradılması mümkün olan təşkilatla əməkdaşlıq edə bilər.
Üçüncüsü, rəsmi Bakı üçün təhlükəsizlik məsələsi çox önəmlidir. Azərbaycan təhlükəsizliyinə risk yarada biləcək heç bir təşkilata üzv olmaz. Bu məsələnin digər tərəfi Azərbaycanın hərbi bloklaşmadan tam kənarda durmasıdır. Buna görə də Bakı sosial, iqtisadi, mədəni, informasiya, nəqliyyat, loqistika, energetika və s. sferalarda əməkdaşlığa proqramlar prizmasında baxır.
Konkret BRICS və ŞƏT məsələsinə də Bakının yanaşması yuxarıda vurğulanan prinsiplər çərçivəsindədir. İlk rəsmi məlumatlara görə, BRICS-də Azərbaycanın müraciətinə müsbət yanaşırlar, lakin hüquqi prosedurlara ehtiyacın olduğunu da vurğulayırlar. Bunun da faktiki olaraq bir neçə il cəkməsi istisna deyildir. Deməli, real üzvlük məsələsi yaxın perspektivin işidir. Bununla yanaşı, Azərbaycan üçün BRICS fövqəladə addım ata bilər. Bunu da zaman göstərəcək.
Burada rəsmi Bakının Avropa İttifaqı (Aİ) deyil, BRICS istiqamətini seçdiyinə də aydınlıq gətirmək lazımdır.
Niyə Avropa İttifaqı yox?
Avropa İttifaqı BRICS-dən fərqli təşkilatdır. Bu təşkilata üzvlük məsələsində Türkiyənin acı təcrübəsi vardır. Rəsmi Ankara 50 ildən çoxdur ki, Aİ-nin qapısı ağzında gözləməsinin səbəbini bir neçə dəfə onun mahiyyətcə “xristian klubu” olması ilə izah etmişdir. Bu anlamda Aİ ədalətli seçim etmir, özünü bəri başdan müəyyən üzvlərə “bağlayır”. İndi aydın olur ki, Aİ, hətta xristian Gürcüstana da ittihamlar yağdırır. Gürcüstanın Baş naziri isə deyir ki, “biz Türkiyə kimi 50 il də gözlyə bilərik”!
Düşünmürəm ki, dövlətçilik baxımından bu cür yanaşma praqmatik və faydalıdır. Məsələn, Azərbaycan nə üçün 50 il kiminsə qapısı ağzında gözləməlidir?! Dinamik inkişaf edən dövlət kimi Azərbaycan özü yeni təşkilatlar yaradıb və mövcud olanlarla çevik əlaqələr qurub inkişafına davam edə bilər.
Başqa tərəfdən, Qərb universal xoşbəxtlik, çiçəklənmə, demokratiya və insan azadlığı məkanı deyildir. Bəlkə də Aİ-ni yaradanda hansısa həqiqi demokratik və ədalətli məqsəd olmuşdur, lakin hazırkı mərhələdə Avropa İttifaqı özündənrazı, xəbis və başqalarının güclü inkişafına qısqanclıqla yanaşan təşkilat təsiri bağışlayır.
Bundan başqa, Aİ-nin hərbi blok kimi formalaşması ehtimalı az deyildir. Avropa hər bir qonşusuna sırf özünün maraqları aspektində yanaşmışdır. Buna görə də onun hansı beynəlxalq təşkilatla əlaqələri avtonom istiqamət kimi inkişaf edir? Heç biri ilə. Aİ özününü liderliyi və həllediciliyinı qəbul edən regional təşkilatla hansısa əlaqə qura bilər. Onun həyata keçirdiyi proqramlara səthi nəzər salsaq belə, bunu aydın görə bilərik. Bütün bunlara görə, Azərbaycan üçün həmin istiqamət müəyyən çərçivədə maraqlı ola bilər.
Regionlararası yeni dönəm
Azərbaycanı əsas olaraq regionlararası əlaqələrin inkişafı kontekstində nəzərə almaq lazımdır. Çünki indi Bakı həm bir regionun lideri, həm də Yaxın Şərq, Balkanlar, Qafqaz və Mərkəzi Asiyanı əhatə edən potensiallı bir təşkilatın aparıcı ölkəsi (TDT) kimi qlobal geosiyasi və siyasi aktordur. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatda ciddi əməkdaşlıq təcrübəsi vardır. Bu baxımdan BRICS və ŞƏT məsələsində maraqlı və əhəmiyyətli bir detal vardır.
BRICS-də Azərbaycanın iki böyük qonşusu – Rusiya və İran təmsil olunurlar. Qardaş Pakistan da ora daxildir. “Yeni İpək Yolu” layihəsi ilə sıx bağlı olduğumuz və strateji tərəfdaşlıq prosesinə başladığımız Çin də BRICS-in güclü dövlətidir
ŞƏT-də isə Azərbaycan və Türkiyədən başqa, TDT üzvləri təmsil olunmuşlar. Bundan başqa, Rusiya, İran, Çin və Pakistan həmin təşkilata üzvdürlər. Onu da unutmaq olmaz ki, bir-birindən fərqli olsalar da BRICS və ŞƏT eyni istiqamətə yönəlmiş təşkilatlardır (məsələn BRICS iqtisadi əlaqələrə üstünlük verirsə, ŞƏT təhlükəsizliyə və terrorla mübarizəyə daha çox istiqamətlənmişdir).
Deməli, BRICS və ŞƏT-in həm üzvlərdə, həm də qarşıya qoyulan strateji məqsədlərdə ortaq fəaliyyət sahələri vardır. Onların idarə edilməsində də eyni geosiyasi güc aparıcılıq edir (Çin). Bu məqamı TDT ilə müqayisə edək.
TDT-nin Mərkəzi Asiyadan olan üzvləri sıx surətdə BRICS və ŞƏT-ə bağlıdırlar. Xüsusilə, Çin, Rusiya, İran məsələsində eyni mövqeyə malikdirlər. TDT ilə fəaliyyət məkanında da kəsişən sahələr çoxdur. BRICS, ŞƏT və TDT faktiki olaraq, üzvlərin kimliyi, fəaliyyət məqsədləri və geosiyasi mənsubluq baxımından bir-biri ilə qarışılıqlı kəsişmə “sahələrinə” malik təşkilatlardır. Bu anlamda onların regionlararası təşkilatlanma şəbəkəsi yarada biləcəkləri nəticəsini çıxarmaq olar. Bu isə çoxtərəfli və çoxistiqamətli əməkdaşlıqda yeni platformadır.
Azərbaycan yeni platformada
Yuxarıdakı müqayisələrdən təbii bir sual meydana çıxır: Mövcud şəraitdə regionlararası əməkdaşlıq platformasını yeni kriteriyalara görə ortaq məxrəcə gətirib, işlək əməkdaşlıq şəbəkəsi yaratmaq mümkün deyildirmi? Azərbaycanın xarici siyasətində bu məqam, düşünrük ki, ciddi yer tutur. Ölkə rəhbərliyinin incə diplomatik gedişlərində yekun olaraq əməkdaşlıq və təhlükəsizliyin təminində təşkilatların səylərini birləşdirmək naxışı əhəmiyyətli dərəcədə özünü göstərir. Bu istiqamətin uğurlu ola biləcəyinin əsası müasir geosiyasi, siyai və diplomatik gerçəkliklərə söykənir. Nəyi nəzərdə tuturuq?
Dünyanın tanınmış fikir sahibləri və siyasi liderləri əmindirlər ki, indi dünyada mütləq müstəqillik anlayışı yoxdur. V.Putin bu tezisi belə ifadə etmişdir: Hazırda heç kimdən asılı olmayan müstəqil dövlət yoxdur, onlar bir-birindən asılıdrlar. Türkiyə Prezidenti R.T.Ərdoğan daha lakonik fikir söyləşmişdir: “Dünya beşdən böyükdür”!
Bu mənzərəni qloballaşma yaratmışdır. Onun sıradan çıxacağına dəlalət edən heç bir fakt yoxdur – dövlətlərarası əlaqələr daha da dərinləşəcək və genişlənəcəkdir.
Bu cür ümumi geosiyasi dinamikada uğurlu siyasi-diplomatik fəaliyyət necə ola bilər? Təbii ki, əsas siyasi və diplomatik fəaliyyət dövlətlərin qarşılıqlı əlaqəsində pozitiv məqamların üstünlüyünü təmin etməyə yönəlməlidir. Praktiki olaraq, bu, çox sayda faktorların elə struktur-funksional sistemdə birləşməsini tələb edir ki, yekunda milli, regional, multiregional və qlobal özünütəşkil bir-birini tamamlasın.
Bu nəticənin reallaşması isə milli miqyasdan regionala, oradan multregionala və, nəhayət, qlobal miqyasa uyğun olan əməkdaşlıq və təhlükəsizlik platformasını hazırlamaqdan birbaşa asılıdır. Etiraf edək ki, Azərbaycan bu istiqamətdə, sözün həqiqi mənasında, öncüllərdən biridir. Faktlara baxaq.
Rəsmi Bakı Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizliyi 44 günün içində yeni məcraya yönəltdi. Təcavüzkarı darmadağın edərək şüurlara yeritdi ki, artıq qarşılıqlı fayda verəcək əməkdaşlıq və təhlükəsizlik platforması Cənubi Qafqaz üçün əsasdır. Bunun fonunda “3+3” platforması rəsmi Bakının regional təhlükəsizliyə konkret töhfəsidir.
Azərbaycan region sərhədində dayanmadı. Türk Dövlətləri Təşkilatında (TDT) inteqrasiyanı konkret proqramlar və layihələr vasitəsilə sürətlə stimullaşdırdı. İndi təşkilat üzvlərinin hər biri məhz həmin əməkdaşlıq layihələri üzrə real əlaqələri inkişaf etdirirlər. Son Astana toplantısında Qazaxstanın regional təhlükəsizliyi birlikdə yaratmaqla bağlı verdiyi bəyanat da rəsmi Bakının təşəbbüskarı olduğu platformanın məntiqi nəticəsidir.
Nəhayət, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində qlobal miqyasda əməkdaşlıq, təhlükəsizlik və hüquqilik (insan haqları da daxil olmaqla) aspektlərində aparıcı rol oynaya bildiyini təsdiq etməkdədir. Bura pandemiya mərhələsində Azərbaycanın yardımlaşmada və paylaşmada dünyanı ədalətə səsləməsi və özünün çox sayda kasıb ölkəyə yardımlar göndərməsi daxildir. BMT səviyyəsində bu məsələni müzakirəyə çıxarması ayrıca uğurdur. İndi isə müstəmləkəçiliyə və irqçiliyə qarşı beynəlxalq mübarizənin önündə gedən, Fransanı hesab verməyə məcbur edən dövlətdir!
Azərbaycanın bu reallıqları BRICS və ŞƏT-i seçim qarşısında qoyur.
BRICS və ŞƏT-in seçimi
Azərbaycan istəyini ifadə etmişdir. BRICS-ə üzv olmaqla faktiki surətdə geniş bir regionda yüksək potensiala malik TDT ilə Avrasiyanın iki böyük təşkilatı əlaqə qurma imkanı əldə edə bilər. Bunun əsası təbii və məntiqidir. TDT-yə daxil olan üzvlərin hamısı həm də BRICS və ŞƏT-də təmsil oluna bilərlər. Türkiyə və Azərbaycanın BRICS və ŞƏT-ə üzv olması yetərlidir.
Reallıq ondan ibrətdir ki, qlobal miqyasda BRICS və ŞƏT təsirli və həlledici uğur əldə edə bilməmişdir. Bəyanatlar, sözlər səsləndirilir, lakin real olaraq dünya geosiyasətində nə BRICS-in, nə də ŞƏT-in töhfəsi gözə dəymir. Bu cür durğunluq vəziyyətindən bu iki təşkilatı ancaq TDT çıxara biləri. Dinamik, potensiallı, ədalətli, humanitar xarakterli, təbii resurslarla zəngin, perspektivli demoqrafik dinamikaya malik, passionar və yeni üzvlərə açıq Türk Dövlətləri Təşkilatı! BRICS və ŞƏT TDT ilə birlikdə regonlararası perspektivli əməkdaşlıq şəbəkəsi yarada bilərlər. Və ya TDT ilə birləşə bilərlər! Seçim onlarındır! Bunlara görə, Azərbaycan öz müraciəti ilə faktiki olaraq yeni strateji əməkdaşlıq və tərəfdaşlıq platformasının yaranmasına yol açır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru