Azərbaycanın xarici siyasəti və beynəlxalq təşkilatlar

post-img

BRİKS və ŞƏT kontekstində

I MƏQALƏ

Xarici siyasət və regionalizm

Azərbaycanın xarici siyasəti mahiyyət­cə çoxistiqamətli və çoxaspektlidir. Rəsmi Bakı bu özəlliyi davamlı olaraq saxlayır, inkişaf etdirir və geosiyasi dinamikadan asılı olaraq ona yeni məzmun çalarları ve­rir. Azərbaycan Prezidentinin yeni tarixi mərhələnin başlaması haqqında məlum bəyanatından sonra həmin istiqamətdə ölkənin xarici siyasətində fəallığın daha da artdığını görürük. Bu, həm siyasi-nəzəri hadisə, həm də praktiki siyasi-diplomatik proses kimi olduqca əhəmiyyətli və ma­raqlıdır. Ən azı üç prizmadan baxanda bu tezisin əsaslılığını görə bilərik.

Birincisi, yeni tarixi mərhələyə Azər­baycan Ermənistanla sülh müqaviləsi bağ­lamaq zərurəti fonunda qədəm qoymuşdur. Ermənistanla sülh müqaviləsi məsələsi ilə regional və qlobal kontekstdə uğurlu olmağı da tələb edir. Buna görə də rəsmi Bakının xarici siyasətində yeni məqamlar yaranmalıdır. 

İkincisi, yeni tarixi mərhələyə Azər­baycan güclü regional lider kimi başlamış­dır. Bu da Bakının üzərinə Cənubi Qafqa­zın təhlükəsizliyinin və inkişafının təmin edilməsində aparıcı rol oynamaq məsuliy­yətini qoymaqdadır. Eyni zamanda, regi­onal sabitlik, əməkdaşlıq və təhlükəsizlik üçün regionlararası geosiyasi məkanda fəal olmaq ehtiyacı meydana gəlmişdir. 

Üçüncüsü, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı üzvü kimi digər regional təşkilatlarla əlaqələrin fəlsəfəsini, siyasi-diplomatik məzmununu müəyyən etməlidir. 

Bu üç istiqamətin sintezi rəsmi Ba­kının xarici siyasətdə çoxistiqamətliliklə əlaqələrin çoxaspektliliyini yeni səviyyədə təmin etməsi tələbini ortaya çıxarır. Hazır­da məhz həmin kontekstdə Azərbaycanın BRİKS və ŞƏT (Şanxay Əməkdaşlıq Təş­kilatı) münasibətləri aktuallaşmışdır. Rusi­ya prezidentinin Azərbaycana son səfərinə də bu kontekstdə baxmaq aktual görünür. BRİKS və ŞƏT-in təşkilat kimi struktur və funksional özəlliklərinin işığında məsələ­nin bu tərəfi aydınlaşır. 

BRİKS və ŞƏT dünya siyasətində 

BRİKS təşkilatını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respub­likası 2006-cı ildə yaratmışlar. İndi ora İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də üzv olmuşlar. Əsas məqsədi iqtisadi əməkdaşlıqdır. Fəaliyyət prinsip­ləri sırasına qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq və bərabərhüquqluluqdur. 

Bu təşkilatın yaradılmasının kökün­də dünya siyasətində Qərbin birtərəfli və ədalətsiz mövqe tutması dayanır. BRİKS üzvləri alternativ, lakin ədalətli geosiya­si güc formalaşdırmaq məqsədindədirlər. Təşkilat kifayət qədər geniş əraziyə, iqtisa­di gücə və maliyyəyə malikdir. 

ŞƏT isə 2001-ci ildə yaradılmışdır. Bu təşkilata Çin, Rusiya, Qazaxıstan, Taci­kistan, Qırğızıstan və Özbəkistan daxildir. 2017-ci ildə Hindistan və Pakistan da ona üzv olmuşlar. 2022-ci ildən İran ŞƏT-in üz­vüdür. 2024-cü ildən isə Belarus ora daxil olmuşdur. Beləliklə, hazırda ŞƏT-in 10 üzvü vardır. Bu, Avrasiyanın ərazisinin 65 faizini təşkil edir. Ərazinin ümumi sahəsi 35 milyon kvadratkilometrdir. Burada 3,5 milyard civarında əhali yaşayır. 

Əgər BRİKS əsasən iqtisadi yönlü təşkilatdırsa, ŞƏT daha sərbəst fəaliyyət göstərən və daha çox təhlükəsizliyə, ter­rorla mübarizəyə istiqamətlənmiş qurum­dur. Eyni zamanda, iqtisadiyyat, müdafiə məsələləri və siyasət də fəaliyyətində yer almışdır.

Bu iki təşkilatı müqayisə etsək görərik ki, BRİKS daha geniş coğrafi ərazini əhatə edir, lakin həm də regional qaynaqlıdır. ŞƏT isə əsasən Mərkəzi Asiya nüvəli regi­onal təşkilatdır. Onları funksional aspektdə iqtisadiyyat, təhlükəsizlik və əməkdaşlıq birləşdirir. Bu parametrlər üzrə əməkdaş­lıq təşkilatları dünya miqyasında təsirli gücə çevirməlidir. Etiraf edək ki, hələlik bu istiqamətdə tam nəticə əldə edilməmiş­dir. BRİKS və ŞƏT güc toplamaqda və perspektivini artırmaqdadır. Bunun üçün onlara yeni dinamik dövlətlər və ya döv­lətlər qrupu lazımdır. BRİKS-in aparıcı dövlətlərinin rəsmiləri bu istiqamətdə da­imi diplomatik təşəbbüslər göstərirlər. Ru­siya Prezidentinin Azərbaycana təklifi də bu qəbildəndir. Eyni zamanda, rəsmi Bakı bir qədər öncə, BRİKS-ə üzv olmaq istəyi­ni bəyan etmişdir. Deməli, qarşılıqlı arzu artıq vardır. Bunun necə reallaşa biləcəyi üzərində düşünmək olar. Çünki Azərbay­canla bağlı burada bir sıra özəl məqamlar mövcuddur.

Azərbaycanın cəlbediciliyi

Azərbaycanın BRİKS və ŞƏT-in diqqə­tini çəkməsinin başlıca səbəbi ölkənin re­gional lider kimi yeni inkişaf dinamikası səviyyəsinə yüksəlməsidir. Burada “inki­şaf” dedikdə Bakının daxili və xarici si­yasətdə əldə etdiyi uğurların cəmini nəzər­də tuturuq. Əhəmiyyətlidir ki, Azərbaycan həm inkişafın substantiv aspektində, həm funksionallıqda, həm də kommunikativ as­pektdə ciddi uğurlar əldə etmişdir. 

Azərbaycanın inkişafının substantiv tərəfini həyata keçirdiyi konkret inkişaf la­yihələrində, əldə etdiyi sosial-iqtisadi na­iliyyətlərdə, ordu quruculuğu və müdafiə sahəsində yeni səviyyəyə yüksəlməsində və idarəetmə institutlarını daha da təkmil­ləşdirməsində görmək olar. 

İnkişafın funksional aspektini Bakının daha dinamik, çevik və nəticəverici addım­lar atması təşkil edir. Bu cəhət özünü daxi­li və xarici siyasətin bütün aspektlərində bir-biri ilə uyğunlaşmış formada göstərir. Nümunə kimi, Azərbaycanda sosial-iqtisa­di islahatlarla enerji layihələrinin və regio­nal əməkdaşlıq platformalarının çeşidləri­nin artmasını göstərmək olar. 

Kommunikativ tərəf isə Azərbayca­nın geniş bir geosiyasi–coğrafi məkanda müxtəlif kommunikasiya proseslərində iştirakı, qarşılıqlı fayda verən nəqliyyat–loqistika layihələrini reallaşdırması təşkil edir. Bu baxımdan Azərbaycanın Şimal–Cənub, Şərq–Qərb və Orta dəhliz marş­rutları üzrə son dərəcə fəal olması diqqəti çəkir. Azərbaycan həyata keçirdiyi müasir layihələrlə geniş bir məkanda dövlətləri bir-birinə bağlayır. 

Bütün bunlar Azərbaycanı dünya üçün cəlbedici edir.

Regional təşkilatlarda fəallıq

Bakının yeritdiyi xarici siyasətdə regi­onal təşkilatlarda təşəbbüskarlıq və fəallıq xüsusi yer tutur. Bu mənzərə MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qo­şulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatı və TDT-də özünü qabarıq şəkildə göstərir. Artıq bütün dünya Azərbaycanın regional təşkilatlar çərçivəsində konkret nəticəverici, kreativ, dinamik və aktiv fəa­liyyət göstərdiyini həqiqət kimi göstərir. Bu zaman, rəsmi Bakının, bir qayda ola­raq, əməkdaşlığa, qarşılıqlı yardımlaşmaya və paylaşmağa istiqamətləndiyi aydın gö­rünür. Azərbaycan kimsəyə qarşı olan heç bir məsələni müzakirə etmir. Bakı əmək­daşlıq və təhlükəsizliyi daha da inkişaf et­dirməyin yollarını təşkilatlarda müzakirə edər. Azərbaycan tərəfdən zərrə qədər də neqativ təşəbbüs olmur. Bunu dünyanın güclü dövətləri də görürlər və ona uyğun münasibət göstərirlər. Rusiya Prezidenti də həmin siyasətçilər sırasındadır. 

TDT-nin fəal üzvü

Azərbaycanın yeni tarixi mərhələdə istənilən regional miqyaslı təşkilatda iş­tirakına TDT faktorunu nəzərə almadan adekvat qiymət vermək mümkün deyildir. Çünki indi Azərbaycan faktiki olaraq iki səviyyəni – Cənubi Qafqazın liderliyini və regionlararası miqyasda TDT-nin aparıcı üzvlüyünü təmsil edir. Bu məqamı biz ar­tıq Azərbaycanın geosiyasi obrazının əsas xüsusiyyəti adlandıra bilərik. Yəni burada Azərbaycanın geosiyasi statusunda üç ele­ment üzvi surətdə birləşmişdir – milli, re­gional və multiregional (TDT timsalında).

Bu özəllik həm Azərbaycanın müstəqil dövlət kimi geosiyasi yüksəlişini ifadə edir, həm də onun siyasi-diplomatik funk­sionallığında nəticəverici aspektin multire­gional miqyas aldığını göstərir. Biz BRİKS və ŞƏT məsələsinə yalnız bu prizmadan baxanda həm V.Putinin bu məsələyə müna­sibətinin, həm də Azərbaycan faktorunun regionlararası əlaqələrdə oynadığı rolun miqyasını, möhtəşəmliyini və səmərəliliy­ni adekvat anlaya bilərik.

Bu kontekstdə sonuncu faktor kimi Ru­siya–Azərbaycan və İran–Azərbaycan mü­nasibətlərinin transformasiyasına da diqqət yetirməliyik. Çünki BRİKS və ŞƏT-in geosiyasi-coğrafi özəllikləri ilə yanaşı, tərkibinin çeşidi də əhəmiyyət kəsb edir. Bu təşkilatların əhatə etdiyi dövlətlərin və TDT-nin struktur-funksional xüsusiyyətlə­rinin qarşılıqlı müqayisəsi bir sıra aktual məqama işıq salacaqdır. 

Azərbaycan–Rusiya və Azərbaycan–İran münasibətləri

Qətiyyətlə vurğulamaq olar ki, hər iki istiqamətdə münasibətlərin müsbət aspektdə mürəkkəb və çətin transforma­siyalarının təşəbbüskarı Azərbaycan Pre­zidentidir. Bu prosesin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bütün yersiz inadkarlıqlarına və etirazlarına baxma­yaraq, Heydər Əliyev Rusiya və İran rəhbərliyinə Azərbaycanla əməkdaşlığın ancaq xeyirli olacağını prinsipcə inandıra bilmişdi. 

Xatirimizdədir, keçən əsrin 90-cı il­lərində Vladimir Putin Rusiya prezidenti kimi Azərbaycana ilk səfəri zamanı səmi­mi bir etiraf etmişdi (səhv etmirəmsə, Bakı Slavyan Universitetindəki görüşündə). O demişdi ki, Azərbaycana səfərinin təşəb­büskarı Heydər Əliyevdir. Heydər Əliyev mənə (yəni V.Putinə) zəng edərək, “Azər­baycana gəl, hələ sən gəncsən, gəlib görə­cəksən ki, bu, lazımlıdır¸ yaxşı olacaq” –dedi. Sonra sözlərinə davam edən V.Putin Azərbaycan dilində “çox yaxşıdır”,– dedi. 

O zamandan iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. XXI əsrdə isə İlham Əliyev siyasi-diplomatik və lider­lik məharəti ilə rəsmi Moskvanı çox şey­lərə inandıra bildi. Azərbaycan Prezidenti konkret nəticələr aldı. A.Karavayev yazır ki, bu prosesdə Azərbaycan Prezidentinin diplomatik məharəti, siyasi ritorikası və ümumilikdə, kommunikabelliyi əsas rol oynadı. 

Yəni Azərbaycanla Rusiyanı dost edən Heydər Əliyev–İlham Əliyev xəttidir! Buna görə də V.Putinin son səfərində Ba­kını “oazis” adlandırmasının ekolojidən başqa, siyasi və geosiyasi anlamı da vardır. Rusiya bu “oazisin” təmiz, faydalı, “oksi­geni bol ab-havasından” faydalanmaq ar­zusundadır. Buna görə də BRİKS və ŞƏT məsələsində rəsmi Moskva ciddidir.

İran məsələsində situasiya müsbətə doğru daha ləng dəyişmişdir. Rəsmi Teh­ran Rusiyadan fərqli olaraq öncə Azərbay­canı tam inkar etməkdən başladı. Sonra təhdidlərə keçdi. Heydər Əliyevin səfə­rindən sonra bir qədər yumşaldı, lakin aqressiv ritorikası qalırdı. İlham Əliyevin səmimi təşəbbüsləri rəsmi Tehranı da za­man-zaman reallığı dərk etməyə stimullaş­dırdı. Nəhayət, Rəisidən başlayan müsbət tendensiyanı Məsud Pezeşkianın davam etdirəcəyinə ümid çoxdur. İran isə Cənu­bi Qarfqaza tarixən bağlıdır, BRİKS və ŞƏT-in üzvüdür. 

Vurğulanan məqamların işığında Azər­baycanın BRİKS və ŞƏT-ə üzvlüyünün çox mühüm aspektlərini aydınlaşdırmaq olar. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət