Haylar bu əməkdaşlığa öz prizmalarından baxırlar
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən dövlət səfəri regionda və dünyada önəmli hadisələrin baş verdiyi dövrə təsadüf edir. Verilən məlumatlara əsasən, Bakıdakı danışıqlar zamanı Rusiya–Azərbaycan münasibətlərinin gələcək inkişafı məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanat qəbul edəcəkləri, hökumətlərarası bir neçə sənədin imzalanması gözlənilir.
Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında əməkdaşlıq həyatın bütün sahələrini əhatə edir. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və qarşılıqlı münasibətlərin nüvəsində mehriban qonşuluq prinsipləri dayanır. Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də qurulub və əməkdaşlığın hüquqi əsasını 170-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası, o cümlədən iqtisadi sahədə 50-dək müqavilə və saziş təşkil edir. Bunlardan sonuncusu və statusuna görə ən mötəbəri 2022-ci il fevralın 22-də imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yerdədir. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi 2023-cü ilin sonunda əvvəlki illə müqayisədə 17,5 faiz artaraq 4,358 milyard dollara çatıb.
* * *
Azərbaycanın xarici siyasəti həmişə aparıcı güc mərkəzləri – ABŞ, Çin, Aİ və Rusiya və s. ilə normal münasibətlərin saxlanmasına yönəlib. Yəni rəsmi Bakının xarici siyasətinin əsas mahiyyəti budur. Əbəs yerə deyil ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının (QHH) tamhüquqlu üzvü kimi onun fəaliyyətinə mühüm töhfələr verir. İntəhası, etiraf etmək lazımdır ki, hazırda Cənubi Qafqaz özünün heç də dinc və sabit dövrünü yaşamır. Bunun başlıca səbəbi Ermənistanın sülh sazişinin imzalanmasını uzatması və onun hər vasitə ilə kənar aktorları bölgəyə cəlb etmək cəhdləridir. Hazırda Ukraynada miqyası genişlənməkdə olan müharibə, eləcə də Yaxın Şərqdə davam edən hərbi gərginlik Qərblə Rusiya arasında qarşıdurmanı daha da dərinləşdirib. Bu narahatedici geosiyasi atmosferi nəzərə alan Azərbaycan regionu müxtəlif sarsıntılardan qorumaq üçün beynəlxalq aktorlarla daim əlaqə saxlayır. Əslində, postmüharibə dövrü adlandırdığımız son dörd ildə Azərbaycan hakimiyyəti həmişə çevik və hərtərəfli düşünülmüş və balanslaşdırılmış xarici siyasət yürüdür. Bu kontekstdən yanaşsaq, Azərbaycanın beynəlxalq münasibətlərin nizamlanmasına töhfəsini təsdiqləyən misal kimi, Bakının NATO və Rusiya arasında vacib görüşlərin keçirilməsi üçün dəfələrlə öz platformasını təqdim etməsi faktını göstərə bilərik. Azərbaycanın regional və beynəlxalq terrorizmlə mübarizəyə yönəlmiş səylərini isə ayrıca qeyd etmək lazımdır. Hazırda Bakının əsas məqsədi regionda qaynar fazaya daxil olan “böyük güclər” arasında qarşıdurma riskini minimuma endirməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət məhz buna yönəlib.
* * *
Rusiya lideri Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı, aydın məsələdir ki, Bakı–İrəvan münasibətlərinin hazırki durumu, sülh danışıqlarının dinamikası barədə də fikir mübadiləsi aparılacaq. Bu baxımdan Kreml sahibinin Bakıya səfərinin Ermənistanda böyük maraqla izlənməsi normal qəbul edilməlidir. Artıq səfər ərəfəsində bəzi erməni politoloqları, blogerlər müxtəlif ehtimal və versiyalar üzərində “baş sındırırlar”. Onlardan biri sosial şəbəkələrdə fəallığı ilə seçilən bloger Robert Ananyandır. Onun liderlərin Bakı görüşü barədə şərhi belə başlayır: “Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaqdan imtina edərək “Rusiyanın bölgəyə qayıdışına” zəmin hazırlayır. Amma bu taktika iflasa uğrayacaq və mənfi təsirləri olacaq. Azərbaycanın dirçəlişinə və Cənubi Qafqaza qayıtmasına böyük ümidlər bəslədiyi Rusiya hazırda Ukraynaya qarşı müharibədə ciddi sınaqlarla üz-üzədir”.
Ananyanın Rusiyanı “2020-ci ildə anti-erməni sövdələşmələrə gedən dövlət” kimi görməsi də təəccüb doğurmamalıdır. Daha sonra hay bloger öz məntiqinə görə belə bir sual formalaşdırır: “Görəsən, Azərbaycan niyə Ermənistanla münasibətlərində Rusiyanın iştirakını təmin etməyə çalışır?” Bununla, guya, İrəvanın qərbyönlü, Bakının isə rusiyapərəst olduğuna işarə vuran Ananyan “Bakının İrəvanla sülh müqaviləsinin imzalanmasını gecikdirməsini, müqavilədən kommunikasiyaların açılması bəndinin çıxarılmasını, delimitasiya qaydalarının razılaşdırılmaması kimi süni tələblər irəli sürməsini”, az qala, Moskvadan asılılığa bağlamağa çalışır. Qoyduğu suala isə özü belə cavab verir: “44 günlük müharibə və 9/10 noyabr gerçəkliyi Rusiya–Türkiyə–Azərbaycan müqavilələri çərçivəsində baş verdi. Rusiya ilə razılaşma sayəsində Azərbaycan hərbi uğur qazandı. Rusiya müharibə zamanı Ermənistana lazımi sursatı vermədi və onun uğur qazanmasına mane oldu”.
Reallıqdan və məntiqdən uzaq ehtimallarını “üfürən” erməni blogerin nəzərinə çatdırmağı lazım bilirik ki, bu gün də onun ölkəsinin cənub qapılarına nəzarəti həyata keçirən Rusiya 44 günlük müharibədə İrəvana nəinki silah vermədi, əksinə, demək olar ki, onu pulsuz təmin elədi. Sadəcə, onların hökuməti Azərbaycanın daha müasir avadanlıqla və ordumuzun yeni döyüş taktikası ilə silahlandığını “yaddan çıxarmışdı”. Həm də, onlardan fərqli olaraq, Azərbaycan əsgəri öz torpağının azadlığı uğrunda qəhrəmancasına vuruşurdu. Məğlub olmaq acı hissdir, amma onu həzm etməyi bacarmaq lazımdır.
* * *
Azərbaycanın son danışıqlarda “Rusiyanın kommunikasiyaların açılmasında iştirakını” istəməsini, amma bununla bağlı İrəvanın kifayət qədər konstruktiv təkliflərini “nəzərə almadığını” yazan bloger əmindir ki, Rusiya Azərbaycandan Qərbin vasitəçiliyi ilə Ermənistanla saziş imzalamayacağına və “kollektiv Qərbin Cənubi Qafqazda güclənməsinə imkan verməyəcəyinə dair təminat aldıqdan sonra öz sülhməramlılarını Dağlıq Qarabağdan çıxarmağa razılaşıb”.
“Siyasi təhlil və proqnozlarında” bir az da irəli gedən Ananyan ərz edir ki, “əslində, bu məsələdə razılıq əldə olunmayıb, bundan sonra Bakı və İrəvan məlumat yaydılar ki, kommunikasiyaların açılması ilə bağlı bənd qarşılıqlı razılaşma əsasında sülh sazişinin mətnindən çıxarılıb”.
Bakı ona başqa seçim variantı buraxmayan İrəvanla necə davranmağın gərəkliyini, hər halda, kimdənsə soruşmalı deyildi. Bir də ki, sözünü çevirən, boynuna götürdüyü öhdəliyi yerinə yetirməkdən qaçan Bakı deyil, İrəvandır! Məgər ərazisindən keçəcək kommuniksiyalara nəzarətin Rusiya sərhədçilərinə və federal xidmətə həvalə edilməsinin qeyd olunduğu 10 noyabr Bəyanatını Paşinyan özü imzalamayıb?
Amma bir proqnozunda Ananyan tamamilə haqlıdır: “Çox güman ki, yaxın aylarda heç bir sülh müqaviləsi imzalanmayacaq. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələlərinin həlli yolları olmayacaq. Bakı Ermənistanı yarımblokadada saxlamaq istəyir”.
Sülh danışıqları prosesinə hər vasitə ilə əngəllər törədən, buraya Parisi, yaxud Vaşinqtonu şərik etməyə çalışan, xaricdən silah-sursat daşıyan və Bakının sülh sazişinin mətninə sayca onuncu təkliflər paketinə cavab verməyə tələsməyən İrəvanla hansı dildə danışmaq lazımdır? Hələ biz Avropa İttifaqının sərhədimizdə kəşfiyyat fəaliyyəti ilə məşğul olan “mülki missiyasını”, ABŞ-dan birbağa İrəvana hərbi yüklərin və heyətin daşınmasını demirik. Bütün bunların qarşılıqlı münasibətlərin normallaşmasına “badalaq vurmaq”dan, sülh danışıqlarına aparan yola “minalar düzmək”dən başqa adı yoxdur.
* * *
“Politoloq” Ananyan siyasi təxəyyülünün üfiqlərini bir qədər də genişləndirərək, bundan sonra bölgədə cərəyan edəcək hadisələrin istiqamətinin ABŞ-da prezident seçkilərinin nəticəsindən birbaşa asılı olduğunu qətiyyətlə bəyan edir: “Türkiyənin Ermənistanla münasibətlərini Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə şərtləndirməsini dayandıracağı istisna deyil. Problem ondadır ki, Azərbaycan süni tələblərlə müqavilənin imzalanmasına, Türkiyə ilə sərhədin açılmasına da mane olur. Onların ümid etdikləri kimi, Donald Trampın seçkilərdə qalib gələcəyi hələlik baş vermiş fakt deyil”.
Azərbaycan kollektiv Qərbin və Birləşmiş Ştatların son bir ildə bölgəyə yönəlik və ermənipərəst siyasətlərinin qarşısına sədd çəkməyi bacaran dövlətdir. Ananyan unutmasın ki, Fransanın casus şəbəkəsini ölkəsindən qovan, ABŞ Dövlət katibini dəfələrlə zəng etməyə məcbur edən Azərbaycan rəhbərliyi hay ekspertin yanlış interpretasiya etdiyi indiki vəziyyətdə də düzgün addımlar atacaq. Noyabrın əvvəlində okeanın o tayında keçiriləcək seçkilərin nəticələrinin isə Bakı üçün heç bir isti-soyuğu olmayacaq. Bütün hallarda nəticələrdən uğursuzluğa oradakı erməni lobbisi və daşnak-revanşist haylar düçar olacaq. Onlar artıq buna öyrəncəlidirlər...
İmran BƏDİRXANLI
XQ