“İnsanlar anladılar  ki, Baqrat Qarabağ klanının adi marionetkasıdır”

post-img

Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan revanşist əməllərini davam etdirir. O, paytaxt İrəvanda, həmçinin ölkənin digər şəhər və rayonlarında görüşlər keçirir, tərəfdarlar toplamağa, payızda keçiriləcək etiraz aksiyalarında mütəşəkkilliyi təmin etməyə çalışır. Baqratın görüşlər zamanı səsləndirdiyi fikirlərlə tanışlıq zamanı onun xəstə təfəkkürlü erməni millətçiliyinin tipik nümayəndəsi olduğunu görmək mümkündür.

Məsələn, o, bir müddət öncə hayların “Ararat” adlandırdıqları tarixi Azərbaycan torpağı Zəngibasar mahalının inzibati mərkəzi olan Uluxanlı şəhərində (Ermənistan SSR Ali Sovetinin 1950-ci il iyulun 31-də qəbul etdiyi qərarla Uluxanlının adı dəyişdirilərək Masis adlandırılıb–S.H.) görüş zamanı irqçi fikirlər səsləndirib. Deyib ki, azərbaycanlılar 1988-ci ildə Masis rayonunda kütləvi zəhərlənmə (?) törədiblər. Sonra isə əlavə edib ki, 1988-ci ilə qədər buralar tamamilə azərbaycanlılarla dolu olduğu üçün heç kim sərbəst hərəkət edə bilmirdi. “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən Baqrat ağ yalan danışmağa bu cür davam edib: “Biz onları necə yola saldıq?! Çox sakit. Ev, yer, yastıq, yorğan... Maşınlara mindirdilər və dedilər ki, get. Getdikləri üçün bu adamların bəziləri ağladı. Bəs indi onlar nə deyirlər? Deyirlər ki, 300-400 min azərbaycanlı Qərbi Azərbaycana köçürüləcək”.

Ermənistan hakimiyyətini nüfuzdan salmaqdan ötrü hər cür şər-böhtandan istifadə etməyi özünə rəva görən B.Qalstanyan onu da bildirib ki, guya, Nikol Paşinyan hökuməti qərbi azərbaycanlıların geri qaytarılması üçün Azərbaycanla “gizli razılaşmaya” gedib: “Mən hətta, əminəm ki, onlar yerləri və ünvanları da bölüşüblər. Onlar azərbaycanlıların qayıdışından danışanda qeyd edirik ki, Masis və Vardenis (Basarkeçər) diqqət mərkəzində olan əsas bölgələrdir və biz buna dözəcəyikmi?”

Keşişin sözlərinə görə, guya, Azərbaycan rəsmi İrəvan qarşısında şərt qoyub ki, kommunikasiyalar yalnız Hayastan konstitusiyanı dəyişdikdə, azərbaycanlıları qəbul etdikdə açılacaq və Ermənistan Qərbi Azərbaycan adlandırılacaq.

Yeri gəlmişkən, qeyd edək ki, Qərbi Azərbaycan İcması hərəkat rəhbərinin təxribatçı, irqçi, xalqlararası ədavəti qızışdıran fikirləri ilə bağlı ayrıca bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob (ksenofobiya insanın başqa xalqlardan və hansısa formada özündən fərqli olan şəxslərdən qorxmasına və nifrət etməsinə verilən addır–S.H.) mövqedən çıxış edən bəyanat verib. Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, ona siyasi və ksenofob don geyindirməyə çalışıb”.

Qərbi Azərbaycan İcması B.Qalstanyanın məlum açıqlamasını qınayıb və arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırıb. Qeyd edilib ki, din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni qriqorian kilsəsində və cəmiyyətində irqçi yanaşmaların hakim olduğunu göstərir. İcma, həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyillərə imkan verməməyi tələb edib.

B.Qalstanyanın hərəkatının Azərbaycanla sülh prosesinə mənfi təsir göstərdiyi bir faktdır. Elə Ermənistanın özündə də xəstə təfəkkürdən az-çox arınmış ictimai xadimlər, siyasətçilər, elm, sənət adamları, jurnalistlər, eləcə də geniş xalq kütlələri “srbazan”a mənfi münasibət bəsləyirlər. B.Qalstanyanı ən kəskin tənqid atəşinə tutan informasiya resurslarından biri analitik yazılar üzrə ixtisaslaşmış “Armenian Report” saytıdır. Bugünlərdə saytda dərc olunan “Arxiyepiskop Baqrat, Yüksək Sərçə və xanım Karmodi” sərlövhəli təhlildə ABŞ istehsalı olan dünyaca məşhur “Taxt-tac oyunları” teleserialındakı personajlardan biri ilə B.Qalstanyan arasında maraqlı paralellər aparılıb: “Çoxlarınız, əziz oxucular, yəqin ki, məşhur “Taxt-tac oyunları” serialına baxmısınız. Orada belə bir personaj var idi – Yüksək Sərçə. O, Kral Torpağındakı dini fanatiklərin yaşlı lideri, həyatının böyük hissəsini acınacaqlı şəkildə, bir hissəsini isə sürgündə yaşamış baş kahin idi. Lakin o, sonda çox güclü bir liderə və kralın özünü marionetkaya çevirir. Heç kimi deyə bilmirəm, amma şəxsən məni serialdakı bu personaj çox qıcıqlandırırdı. Məni onun bizim siyasi çevrədəki solğun surəti də qıcıqlandırır. İndi mən son vaxtlar özünü “Ermənistanın xilaskarı” kimi təsəvvür edən arxiyepiskop Baqrat Qalstanyandan danışıram”.

Müəllif Tevos Arşakyan yazır ki, yay fəsli ilə əlaqədar ölkədə ümumi sakitliyə baxmayaraq, “xilaskar” istirahət etməyi özünə rəva görmür, fəal surətdə icmaları və bölgələri gəzir, gülməli çıxışlar edir: “Üstəlik, getdikcə onun çıxışlarında bir qədər də dini fanatizm görünür. O, hətta hərəkatını “Müqəddəs mübarizə” adlandırıb. Amma bu, ona kifayət etmir. Məsələn, onun Ararat vilayətinin kəndlərinin birində camaata dediklərinə siz də “heyran” olun: “Mən heç gizlətmirəm ki, bizim yolumuz, planımız, məqsədimiz antixristi (Dəccalı) ölkəmizdən çıxarmaq, aid olduğu yerə göndərməkdir. Onun həyatımıza gətirdiyi fəlakət, onunla yaşamaq, sadəcə olaraq, cinayətdir. Bu gün biz vətən itkisi ilə üz-üzəyik və insan həyatının, münasibətlərin məhvi ərəfəsindəyik. Bir müddətdir ki, düşmənçilik və yalan içində yaşayırıq. Bizim missiyamız daim bu barədə danışmaqdır. Biz belə deyildik. Heç kim heç kimə güvənmir. Bütün bunları həyatımızdan çıxarmalıyıq. Biz sevgi və həmrəylik içində yaşamalıyıq””.

Jurnalist qeyd edir ki, antixrist, fəlakət, missiya kimi sözlər son vaxtlar Qalstanyanın leksikonunda özünə möhkəm yer eləyib: “Bəs, antixrist adı altında Paşinyan nəzərdə tutulursa, o zaman Baqrat özünü kim hesab edir? İsa Məsih? Peyğəmbər? İnsanda elə bir hiss yaranır ki, Baqrat nəhayət, eyni ilə Yüksək Sərçə kimi dəli olub. Əgər əvvəllər Qalstanyan tələm-tələsik öyrəndiyi siyasi şüarlarla hansısa yolla öyünməyə çalışırdısa, bunun ona tərəfdar qazandırmadığını anlayaraq, erməni xalqının dinə bağlılığını yaxşı bildiyi üçün hazırda “ağır artilleriyadan” istifadə etmək qərarına gəlib. Ancaq bu, çətin ki, onun populyarlığını artırsın”.

Məqalədə, “Qalstanyanın, ümumiyyətlə, populyarlığı var idimi?” sualı qoyulur və buna belə cavab verilir: “Düşünürəm ki, Tavuşdan İrəvana pay-piyada gələndə var idi. Ancaq artıq paytaxtda olarkən, o, bir-birinin ardınca səhv etməyə başladı. Bunun nəticəsində baş verənlərlə bağlı cəmiyyətin gözləri açıldı. İnsanlar anladılar ki, onların qarşısında Qarabağ klanının adi bir marionetkası dayanıb. Bu isə Ermənistan şəraitində istənilən siyasətçinin karyerasına son qoyur. Ölkəni yoxsulluğa, hüquqsuzluğa aparan o əclafların 20 illik hakimiyyətlərinin acı xatirələri yaddaşlardan silinməyib”.

Təhlildə daha sonra deyilir: “Burada gülməli məqam odur ki, Paşinyana ultimatumlar verən, onun istefasını tələb edən Baqrat “heç kəsin kürsüyə, vəzifəyə, pula can atmadığını, onlara namus və vətəndən başqa heç nə lazım olmadığını” iddia edir. Ola bilsin ki, Qalstanyanı idarə edənlər artıq ona rolunun nə olduğunu və Paşinyan hökumətinin devrilməsi halında onun nəyə ümid edə biləcəyini izah ediblər. Təbii ki, heç kim onu yüksək vəzifələrlə mükafatlandırmayacaq. Yüksək vəzifələr öz hakimiyyətini bərpa etmək arzusunda olan Qarabağ klanının üzvləri arasında çoxdan bölünüb. Və burada Qarabağ klanı üçün, necə deyərlər, bütün vasitələr yaxşıdır, o cümlədən, Baqratın indiki hakimiyyətin siyasi rəqibindən bir növ övliyaya çevrilməsi, guya, təkcə ölkənin yox, həm də vətəndaşların ruhunun qayğısına qalması da...”

Müəllif sonda bildirib ki, Qalstanyanın öhdəsinə götürdüyü hər bir işin sonu pis qurtarır, bu, cəmiyyətdə daha böyük uçurumların yaranmasına səbəb olur. Baqratın hazırda üzərinə götürdüyü missiya da bu baxımdan istisna deyil.

Səxavət HƏMİD 
XQ

 

Siyasət