Atəşkəsi pozmaqla sülh prosesini öldürmək cəhdi

post-img

Klaar Ermənistana belə dəstək verir

Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, şərti sərhəddə atəşkəsin pozulması halları qeydə alınmaqdadır. Atəşkəsi pozan isə erməni tərəfidir. Hərçənd, rəsmi İrəvanın bununla bağlı açıqlamaları onu deməyə əsas verir ki, haylar, həmişə olduğu kimi, yenə də insidentlərə görə məsuliyyəti öz boyunlarından atırlar. Nəinki atırlar, eyni zamanda, Azərbaycanı günahlandırmaq yolunu tuturlar. 

Heç şübhəsiz, atəş səsləri hələ kövrək olan sülh prosesinə ciddi zərbədir. Ancaq nə rəsmi İrəvan, nə də onun xaricdəki havadarları buna əhəmiyyət verir. Onların məqsədləri başqadır: Birincisi, sülh gündəliyinə Ermənistanın xeyrinə dəyişiklik etmək, ikincisi Azərbaycana qarşı beynəlxalq miqyasda antipatiya yaratmaq. Əlbəttə, ikinci məqsədin özü də birinci üçün vasitədir. Daha böyük məqsəd isə erməni avantürizmini toxunulmaz saxlamaqdır ki, bunu daha çox istəyən xarici qüvvələrdir. 

Xarici qüvvələr dedikdə, son dövrlər kollektiv Qərbin vacib ermənipərəst aləti rolunda daha əzmlə çıxış edən Avropa İttifaqıdır. Yeri gəlmişkən, qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da şərti sərhəd zonasında atəşkəsin pozulması hallarına münasibətini açıqlayıb. O deyib ki, rəsmi İrəvanın atəşkəsin pozulması hallarının araşdırılması üçün müştərək komissiya yaratmaq təklifini dəstəkləyir. Təsəvvür edin, Aİ-nin mülki müşahidə missiyası var, onlar əllərində durbinlər sərhəddə keşik çəkirlər, ancaq deyə bilmirlər ki, atəşkəsi pozan hansı tərəfdir. Görəsən nə üçün? Yoxsa, onların görmə problemləri var? 

Təbii ki, problem başqadır. Məlumdur ki, atəşkəsin pozulması hallarının araşdırılması manipulyativ gedişdir. Burada psixoloji baxımdan münasibətlərdəki trayektoriyanı geri çəkmək istəkləri var. Təsəvvür edin, tərəflər sülh gündəliyini müzakirəyə çıxardıqları, daha doğrusu, çıxarmalı olduqları bir zamanda xırda bir mətləbə köklənəcəklər. Olmazmı ki, Ermənistan bu kimi hallara yol verməsin? Görünür, olmazmış. Bunu T.Klaar da bilməmiş deyil. 

Ermənistan yeni aldığı silah-sursatı sınaqdan çıxarmaq üçün atəşkəsi pozmasın, bəs nə etsin? Sual ritorik, eyni zamanda, ironikdir. Bu ironiyada böyük hədəf elə həm də həmin Klaarın özüdür. Çünki Ermənistanın silahlandırılmasında onun çalışdığı qurum də bilavasitə olmasa da, bilvasitə iştirak edir. Hələ bu sıraya Klaarın təmsil olunduğu kollektiv Qərb düşərgəsinin ABŞ kimi nəhəngini də əlavə etsək, erməni silahlı qüvvələrinin nəyə görə ipə-sapa yatmadıqlarını anlamaq mümkündür. Nəzərə alaq ki, Birləşmiş Ştatların hərbçilərinin bir qrupu Ermənistandadır və bu qrup erməni xüsusi təyinatlılarına təlim keçirir, yeni silahlarla davranmaq vərdişləri aşılayırlar. Belə demək mümkünsə, real təlim poliqonu isə şərti sərhəddir, hədəflər Azərbaycan hərbçiləridir. 

Bəli, Ermənistanın atəşkəsi pozması planlıdır və düşünülmüş məqsədə hesablanıb. Bildirdiyimiz kimi, ölkə sülhün hazırkı şərtləri ilə razı deyil. İndiki durumda atəşkəsi pozmaqla ATƏT-in canını tapşırmış Minsk qrupunu bərpa etmək istəkləri, demək olar, eyni şeydir. Hər iki hal sülh gündəliyinə zərərdir. 

Minsk qrupundan söz düşmüşkən, həm bu məsələnin ortaya atılması, yəni Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yalnız kağız üzərində qalan bu təsisatın egidasına verilməsi cəhdləri, həm də rəsmi İrəvanın təklif etdiyi, Klaarın dəstəklədiyi atəşkəsin pozulması hallarının müştərək araşdırılması mexanizmi 2020-ci ildən indiyədək sülh yolunda əldə edilmiş bütün nailiyyətləri şübhələndirməkdir, prosesi ölü nöqtəyə qaytarmaq istəyidir.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət