II məqalə
Bizi prinsipsiz siyasətlər, vicdansız zövqlər... məhv edəcəkdir.
Mahatma Qandi
Geosiyasi risk
Siyasi-diplomatik səbatsızlıq və sərgərdanlığın regional miqyasda geosiyasi risklər yaratdığı nəzəriyyədə tam qəbul edilir. Praktikada isə bunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Mənzərəni dərk etməyi qəlizləşdirən siyasi sərgərədanlıqla (daxili məntiqə əsaslanmayan və xarici təsirlər atılan siyasi-diplomatik addımların bir-birini təkzib etməsi və regional maraqlara uyğun olmaması anlamında) meydana gələn risk faktoru arasında birbaşa əlaqənin görünməməsidir.
Bu, prinsipial bir məqamdır və çox zaman insanları çaşdırır. Məsələn, deyək ki, hər hansı hərbi təxribat və ya kütləvi etirazlar arasında rəsmi İrəvanın Zəngəzura xarici hərbi kontingent yerləşdirməsi və ya “3+3”-ə “alternativ” təklif verməsi arasında əlaqəni əksəriyyət görməyə bilər. Deməli, burada dövlətin atdığı siyasi-diplomatik addımın mövcud geosiyasi mühitə təsir mexanizmləri ilə cari mənzərənin formalaşması arasında daxili bağlantıları görmək gərəkdir. Bu da ayrıca elmi problemdir.
“Geosiyasi risk” anlayışının əlamətlərinə kompleks nəzər salsaq, həmin kontekstdə situasiya bir qədər aydın olar. Siyasi-elmi ədəbiyyatda geosiyasi riskin bir neçə tərkib hissələrini vurğulayırlar. Onlara dövlətin xarici qüvvə tərəfindən fəth edilməsi riski, daxili qüvvələrin təsiri ilə dövlətin dağılması riski, suverenliyin azalması riski (dövlətin öz maraqlarını beynəlxalq aləmdə müdafiə edə bilməsi dərəcəsinin azalması), siyasi risk... Onu da vurğulayırlar ki, geosiyasi risklər zərərvermə özəlliyinə görə strateji və qlobal xarakterlidir. Bu baxımdan geosiyasi riskləri bəzən “fundamental risklər” adlandırırlar. Buradan daha aktual bir faktorla geosiyasi riskin əlaqəsi meydana çıxır – “fors-major” situasiyalarla onun bağlantısı.
“Fors-major” vəziyyətlər
“Fors-major” latınca “vis maior” adlanır. Mənası “aşılmayan ali güc”dür. Yəni geosiyasi aspektdə fors-major hadisələrin məntiqi və gedişiatından asılı olmayan (buna görə də həmin anda izah edilə bilməyən), gözlənilmədən meydana çıxan (buna elmdə “spontan” deyirlər) və real zaman çərçivəsində həll edilmə üsulu aydın olmayan vəziyyətdir. O, özündə fövqəladəlilik, qarşısı alınmayan, aşıla bilinməyən və daha təhlükəlisi həmin vəziyyəti yaradanın ağlı və iradəsindən asılı olmayan xüsusiyyətləri ehtiva edir. Bu mənada da fors-major özündə risk faktoru daşıyır.
Bundan başqa, regional miqyasda fors-major vəziyyətinin müxtəlif təzahür formaları ola bilər. Məsələn, geniş miqyaslı yanğınlar, epidemiyalar, hər hansı strateji obyektin sıradan çıxması (məsələn, Metsamor AES-in sıradan çıxması və ya çıxarılması), müxtəlif iri qəzalar (su sistemində, enerji şəbəkəsində, nəqliyyat-daşıma və loqistikada və s.), havanın kəskin dəyişməsi ilə nəqliyyatda ciddi problemlərin yaranması, kütləvi xaos, hərbi əməliyyatlar, informasiya təxribatları və s.
Şişirtməsiz deyə bilərik ki, Ermənistanın II Qarabağ savaşından sonra atdığı-siyasi diplomatik addımlar yuxarıda vurğulanan hər bir risk faktorunun potensial qaynağıdır. Rəsmi İrəvan müəyyən müddətə Azərbaycanın böyük zərbələrindən sonra öz qınında büzüşsə də, havadarları onu “ayaq üstə qoymaq” işinə girişdilər. Və tədricən ona ürək-dirək verərək müəyyən təxribaçı addımlar atmağa və süni diplomatik manevrlər etməyə təhrik etdilər.
Erməni siyasi şüurunun tarixən və mahiyyətcə təxribatçı, səbatsız və sərgərdan olması, mentalitetlərində əsl müstəqilliyə nifrətin bəslənməsi, onlara bu yola asanlıqla düşməyə psixoloji və duyğusal əsas verdi. O zamandan aydın idi ki, rəsmi İrəvan danışıqlar salonunda bürüşə-bürüşə ağılının hiyləgər qatında olan məkrli planından imtina etməmişdir.
İndi Fransa, ABŞ, İran, qismən Almaniya və Hindistan şikəst erməni siyasi-diplomatik şüuruna müxtəlif “dayaqlar” verirlər. Nəticəsi isə Cənubi Qafqazda fors-major vəziyyətinin hər bir yerli ölkənin “qapısının ağzında peyda olmaq” ehtimalının artmasıdır. Məhz bu baxımdan rəsmi İrəvanın sərgərdən siyasəti bütövlükdə regionu yeni risklərin ağuşuna atmaq həddinə çatmışdır!
Erməni siyasi sərgərdanlığı
Erməni siyasi-diplomatik addımları həmişə öz primitivliyi və qondarmalığı ilə fərqlənmişdir. Bu, onların siyasi şüurunun, bir qayda olaraq, realpolitikadan uzaq olması ilə bağlıdır. Mahiyyətcə, erməni siyasi-diplomatik özəlliyi realpolitika sahəsində ola bilməz. Çünki, o, heç zaman real siyasi və geosiyasi mənzərənin məzmun və mahiyyətinə əsaslanmır. Əsasən özlərindən uydurduqları məntiqsiz, tarixsiz və perspektivsiz situasiyalara görə fəaliyyət göstərirlər. Lakin indi bu fəaliyyətin regional miqyasda daha ciddi təhlükələri meydana çıxır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistandan qaynaqlanan siyasi-diplomatik sərgərdanlığın ünvanı birdir – II Qarabağ savaşından sonra Cənubi Qafqazda yaranmış geosiyasi konstuktivizmi məhv etmək! Bu, faciə deyildir, lakin ona dəstək verən bir sıra güclü dövlətlərin (Qərb və Hindistan) və regiona yaxın böyük güclərin (Rusiya və İran) sona qədər konstruktiv qətiyyət nümayiş etdirməmələri “erməni sabununun köpüyünü şişirdir”! Faciəvilik və təhlükəlilik bununla bağlıdır! Əks halda, erməni siyasi-diplomatik sərgərdanlığı ancaq “ürək bulandırmaq” imkanındadır.
Deməli, erməni siyasi-diplomatik səbatsızlığı və sərgərdanlığı reallıqda bir sıra güclü dairələrin geosiyasi manipulyasiya sahəsində mövcuddur. Ayrıca, siyasi faktor kimi qara qəpik qədər təsiri yoxdur. Əgər xaricdən havadarlıq olmasa, rəsmi İrəvanın dedikləri heç erməni cəmiyyəti üçün təsirli deyildir. Onda müəyyən siyasi qənaətlər əldə etmək olar.
Hər şeydən öncə, erməni siyasi sərgərdanlığının fəaliyyət miqyası aydınlaşmalıdır. İndiki mərhələdə o fəaliyyət məzmunca Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinin sərhədlərini aşmır. Rəsmi İrəvanın zahirən müxtəlif sferalara aid olan gedişləri son nöqtədə sülh müqaviləsinin imzalanmasına maneə yaratmaq məqsədində birləşir. Bura Avropanın “mülki müşahidəçiləri”, ermənilərin haqları və təhlükəsizliyinin təmini, Rusiyaya qarşı müəyyən təzyiqlərə cəhd edilməsi, KTMT-nin qaralanması, Zəngəzur məsələsi ilə bağlı qondarma addımlar, “3+3”-ün həyata keçməsinə mane olan süni şərtlərin qoyulması, intensiv silahlanma və xarici hərbi kontingentin Ermənistan ərazisində mövcudluğunun təmin edilməsi daxildir.
Bu təzahür formalarının hər biri müəyyən reallaşma mexanizminə əsaslanır. Erməni siyasiləri öncə məsumluq görüntüsü yaratmağa çalışırlar. Bunu onlara Qərbdəki ağaları öyrətdilər. Yəni sözdə özünü demokratik və barışcıl kimi göstər.
Fikir verirsinizsə, son iki ildə N.Paşinyan “Ermənsitan sülh tərəfdarıdır” cümləsi ilə başlayır və sonra keçir ikinci addıma. İkinci addımın da mənbəyi Qərb “demokratik” və “liberal” diplomatiyasının fəndgirliyidir (Rusiya və İran bir qədər fərqli ritorika və fəaliyyət üsulundan istifadə edirlər, ona görə də İrəvanın siyasi-diplomatik xüsusiyyətlərindən “Qərb iyi” gəlir).
İkinci addımda, adətən, “Ermənistanın dövlətçiliyi, müstəqilliyi və suverenliyi” nağılı və eyni zamanda, “erməni hüquqları”nın təmin edilməsi zərurəti gəlir. Burada onlar bir məntiqi boşluğu doldura bilmirlər – qarşı tərəfin də eyni haqlara sahib olması və onların da mütləq surətdə ödənməsi zərurəti!
Bu iki addımın fonunda erməni siyasi-diplomatik riyakarlığı və absurd layihələr təklifləri başlayır. Absurd layihələr təkliflərinin də üç aspekti özünü göstərir.
Erməni layihələrinin absurdluğu
Bu mərhələ siyasi və geosiyai baxımdan həlledicidir. Çünki sözdə deyilənlərin “əməli təsdiqi” məqsədi daşıyır. Məsələn, Ermənistan rəhbərliyi regional miqyasda kommunikasiyaların açılması tərəfdarı kimi görünmək üçün zahirən pis görünməyən, amma praktiki və geosiyasi hədəfi zərərli olan layihə irəli sürmüşdür. Adını ya “yolların kəsşiməsi”, ya “dünyaların kəsişməsi”, ya da “sülhün kəsişməsi” qoymuşdur. Bu “dünyalar”, “yollar” və ya “sülh” harada kəsişir, bilirsinizmi? Bilirik, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizindən kənarda. Guya əsl “dünyalar”, “yollar” və “sülhlər” Zəngəzurdan kənarda mövcuddur və ona görə də hamı erməni layihəsini dəstəkləməlidir. Erməni “layihəsi”ndə digər qondarma məqam Hindistan və İranın da buna qoşulması gözləntisi ilə bağlıdır.
Başqa mexanizm regional geosiyasi konfiqurasiya məsələsi ilə əlaqəli özünü göstərir. Rəsmi İrəvan sözdə deməsə də, əməldə Azərbaycanın təklif etdiyi “3+3” formatını qəbul etmir. Orada Rusiya və Türkiyənin iştirakını istəmir. Əvəzində Qərbin iştirakını nəzərdə tutan hansısa formula üstünlük verir.
Nəhayət, üçüncü mexanizm son zamanlar daha ucadan bağırmaqla erməni hüquqlarının təmin edilməsi ilə əlaqəlidir. Bu istiqamətdə o dərəcədə həyasız, məntiqsiz və birtərəfli danışırlar ki, ciddi izaha belə ehtiyac qalmır. Guya, kimlərsə fəallaşmışdır və Qarabağdan könüllü köçən erməniləri geri qaytarmağa başlamışdır. “Ermənilər fəallaşmışlar”mış! Bunun fonunda Azərbaycan təmkinlə tam məntiqi, ədalətli, sivil arqument ortaya qoyur – Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları və öz yurdlarına qayıtmaları Bakı üçün prioritet məsələdir! Və tam əminəm ki, ermənilər dərhal səslərini kəsirlər. Ona görə ki, onlar tarixən haqq və ədalətdən qorxmuşlar!
Əgər vurğulanan məqamları geosiyasi risk kontekstində ümumiləşdirsək, görərik ki, erməni siyasi sərgərdanlığı Cənubi Qafqazda ən azı üç istiqamətdə riskləri meydana gətirməkdədir. Təsadüfi və kənar iradənin təsiri ilə atılan addımlara hansı donu geyindirsən də, real nəticəsi eynidir – regional miqyasda riskləri artırır! Bu da faktiki olaraq risk mənbəyi olan ölkənin ciddi zərər görməsi ilə nəticələnə bilər. Rəsmi İrəvan “oturduğu budağı” kəsməklə başqasına zərər verdiyini düşünürsə, çox yanılır. Hər kəsdən öncə dövlət kimi öz yolunu bağlayır.
Azərbaycanın xarici siyasəti indiyə qədər regional miqyasda konstruktiv rolunu yerinə yetirə bilmişdir. Bundan sonra da belə olacağına inam vardır. Lakin regionda geosiyasi risklərin artması ciddi fəsadları ola biləcək prosesdir. İndi onun qarşısı alınmalı və təhlükə neytrallaşmalıdır. Bu prosesdə regionun bütün dövlətlərinin fəal iştirakı şərtdir! Çünki söhbət bütövlükdə regional geosiyasi mənzərədən gedir. Burada dövlətlərin hər biri öncə bir suala cavab tapmalıdır: Biz sabit, təhlükəsiz və inkişaf edən regionda yaşamaq istəyirik, yoxsa, əsrlərdir davam edən qarşıdurmalar, təhdidlər, risklər mühitində qalmağa üstünlük veririk? Çox şey bu suala kimin hansı səmimiyyətlə cavab axtarışları ilə bağlıdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru