Rusiya XİN-in erməni dərslikləri ilə bağlı narahatlığı
Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda yeni tarix dərsliklərində Rusiyanın rolunun təhrif edilməsinə diqqət yetirib, erməni iqtidarını buna “göz yummamağa” və məktəblərdə belə dərsliyin olmasına icazə verməməyə çağırıb.
Rusiya XİN Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə tabe strukturun rəsmi saytında mətni dərc olunmuş “erməni məktəblərinin 8-ci sinifləri üçün Tarix dərsliyinin son dərəcə şübhəli məzmununa” diqqət çəkib. Qeyd edək ki, yeni dərsliyin fəsillərindən birində “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fikri yer alıb.
Rəsmi Moskva bunu təxribat xarakterli təqdimat kimi qiymətləndirib. XİN bildirib ki, XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələr təhrif olunmuş formada göstərilib. Xüsusilə, 1826-1828-ci illər Rusiya–İran müharibəsinin nəticələri şübhə altına alınıb. “Belə təqdimat istənilən tarixçini çaşdıra bilər. Əgər siz ciddi mənbələri, o cümlədən erməni mənbələrini oxusanız, 1828-ci il sülh müqaviləsinə tamamilə fərqli yanaşmalar görə bilərsiniz”, – deyə Rusiya XİN Ermənistan hakimiyyətinin bu cür dərsliklərin məktəblərdə yayılmasına icazə verməməyə və gələcəkdə ümumi keçmişi təhrif etmək cəhdlərinə göz yummamağa çağırıb.
Dünən Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib ki, 8-ci sinif üçün yeni “Erməni tarixi” dərsliyində Şərqi Ermənistanın 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsini “ilhaq” kimi əks etdirən bölmə tezliklə dəyişdiriləcək. Bunun nə demək olduğu qeyri-müəyyəndir. Yəni Rusiya XİN-in narazılığı nəzərə alınacaq, ya yox? Məlum deyil. Ancaq məsələnin gündəmə gəlməsi maraqlıdır. “Şərqi Ermənistan” nə deməkdir? Axı bu ifadənin özü də tarixin təhrifidir.
Heç şübhəsiz, qeyd edilən məsələ Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı hər şeyi silmək əzminin növbəti təzahürüdür. Rəsmi İrəvan hər vasitə ilə anti-Rusiya ritorikasını genişləndirir. Görünür, indi növbə tarixin təhrifinə çatıb. Moskvanın isə mövcud xüsusdakı narahatlığı tam anlaşılandır. Məlumdur ki, 1826-1828-ci illərin Rusiya–İran müharibəsindən sonra Azərbaycan torpaqlarının ikiyə bölünməsi rəsmiləşdi. Yəni, işğala məruz qalan Azərbaycan oldu. Bu, Türkmənçay müqaviləsinin şərtlərində əksini tapdı.
1828-ci ildə Cənubi Qafqazda “erməni vilayəti” yaradıldı ki, sonradan, yəni 1830-cu ildən başlayaraq, həmin vilayətə ermənilərin kütləvi köçü reallaşdı. Müsəlmanlar arasına xristian “erməni pazı”nın yeridilməsi ilə türk dünyasının parçalanmasının əsası qoyuldu. Həm parçalanmanın, həm də gələcək bəlaların. Bunu edən çar Rusiyası idi.
Uzun sözün qısası, indi rəsmi Moskvaya yer edən çar Rusiyası tərəfindən yaradılmış “erməni vilayəti”nin Ermənistan kimi qiymətləndirilməsi və həmin vilayətin, guya, Rusiya tərəfindən işğal edilməsinin vurğulanması, bu cəfəngiyyatın erməni tarixi dərsliklərinə salınmasıdır.
Əslində, Rusiya XİN Ermənistan rəhbərliyinə tamam başqa məzmunlu müraciət də ünvanlaya bilərdi. Məsələn, Kremlin nankor olmamaq çağırışını səsləndirməsi tam mümkündür və yerinə düşür. Axı hazırkı Ermənistan dövlətinin mövcudluğu məhz Rusiyanın sayəsindədir. Bunu danmaq olmaz. Hərçənd rəsmi İrəvana olub-keçənlərin inkarının, eyni zamanda, tarixi təhrif etməyin heç bir çətinlik yaratmadığı gün kimi aydındır.
Ə.RÜSTƏMOV
XQ