Minsk qrupu – İrəvan üçün “saman çöpü”

post-img

Haylar Bakının arxivə göndərdiyi bu təsisatla bağlı hələ də xəyallar qururlar

Xeyli müddətdir ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olan səbəblərdən biri kimi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yaratdığı Minsk qrupunun mövcudluğuna son qoymağı zəruri hesab edir. Rəsmi Bakı iki ay bundan əvvəl İrəvana Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə birgə müraciət etmək təklifini irəli sürüb.

Bu təklif əvvəlcə Prezident İlham Əliyev tərəfindən Minsk qrupu həmsədrlərinin üzünə deyilib, dəfələrlə ictimaiyyətin qarşısında səsləndirilib. Sonuncu dəfə bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq” radiosunun Vaşinqton redaksiyasına müsahibəsində bildirib. O, müsahibəsində deyib ki, sülh müqaviləsini imzalamaqdan ötrü Ermənistan öz konstitusiyasına düzəlişlər etməli, ondan keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul olunmuş qərara istinadı aradan qaldırmalı, eləcə də Azərbaycanla  birlikdə Minsk qrupunun buraxılmasını ATƏT-dən tələb etməlidir.

* * *

İrəvan Bakının ATƏT-ə birgə müraciət təklifinə hələ də rəsmi münasibət bildirməyib. Belə görünür ki, o, müharibənin qızğın çağında – 1992-ci ildə beynəlxalq güclərin (ABŞ, Fransa və Rusiya) təkidi ilə yaradılmış Minsk qrupunun ləğvində maraqlı deyil. Bu, təbii olaraq, Azərbaycan rəhbərliyində İrəvanın hələ də Qarabağ məsələsinin gələcəkdə ATƏT səviyyəsində müzakirəsinə ümid etdiyinə əsaslı şübhələr yaradır. “Azadlıq” radiosunun erməni xidməti İrəvanın Bakının məlum çağırışına reaksiyasına aydınlıq gətirmək və onun MQ-nı ləğv etməkdə niyə maraqlı olmadığını öyrənmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. XİN-in radioya rəsmi açıqlaması belə olub:  “Ermənistan tərəfi Minsk qrupu çərçivəsində prosesinin davam etdirilməsi məsələsini münasibətlərin hərtərəfli tənzimlənməsi və hər şeydən, əvvəl sülh müqaviləsinin bağlanması kontekstində nəzərdən keçirə bilər”.

Yəni aşkar görünən odur ki, İrəvan sülh müqaviləsi imzalanana qədər Minsk qrupunun buraxılmasını təxirə salmaq niyyətindədir. Bu mövqe, aydın məsələdir ki, sülh danışıqları prosesinin gedişatını ləngidir. İlk baxışda bu təsisatın ləğvi ilə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi arasında birbaşa əlaqə yoxdur. Amma Ermənistanın bu məsələdə gözləmə mövqeyinə keçməsi, Azərbaycanın təklifinə müsbət yanaşmaması onun başqa niyyətdə olmasından xəbər verir. Bu məsələ erməni mediasının da müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Hayastanın bir sıra siyasi və ictimai xadimləri öz mövqelərini aydın şəkildə ifadə edirlər. Misal üçün, hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan bildirib ki, Minsk qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxılmalıdır: “Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yarananda, bütün məsələlər həllini tapanda və sülh sazişi imzalananda ATƏT-in Minsk qrupu buraxıla bilər. Yalnız bunlar baş verəndən sonra biz bu məsələni müzakirə edə bilərik. Amma indiki vəziyyətdə  onun müzakirəsi qətiyyən yolverilməzdir”.

* * *

“Ermənistan hökuməti 4 ildir ki, fəaliyyəti donmuş vəziyyətdə olan ATƏT-in Minsk qrupunun buraxılmasında niyə maraqlı deyil? Paşinyan iqtidarı doğrudanmı “anadan şikəst doğulmuş” bu təsisatı saxlamaqla sülh danışıqlarında Bakıdan hansısa güzəşti qoparacağına ümid edir? Bu məqamda keçək məsələyə Ermənistan rəsmilərinin münasibətinə. Hayların spikeri Alen Simonyan bildirib ki, Minsk qrupunun buraxılması tələbi ilə bu formada ATƏT-ə müraciət etməyə ehtiyac qalmır. O, bunu belə izah edib: “Sülh sazişi imzalanandan sonra Minsk qrupunun aqibəti barədə danışmaq mümkün olacaq. Onsuz da sülh müqaviləsi imzalanandan sonra bu formatın mənası qalmır. Biz sülh sazişi imzalayanda məsələ avtomatik olaraq öz həllini tapacaq”.

Amma parlamentin müxalifətçi deputatı Qeqam Manukyan məsələ ilə bağlı rəsmi İrəvanın da altniyyətini ifadə edən açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu gələcəkdə “Qarabağ problemi”ni beynəlxalq gündəmə qaytarmaqdan ötrü Ermənistan üçün faydalı mexanizm ola bilər. “Minsk qrupu qorunub saxlanmalıdır. Bu, bizim üçün beynəlxalq səviyyədə unikal legitim platformadır. Onun vəzifəsi, yeri gəlmişkən, Minsk qrupunun mandatına daxil olan “Qarabağ münaqişəsinin” həlli məsələsidir. Bu mandat qaldığı üçün problem də durur. Regionda baş verə biləcək geosiyasi dəyişiklikləri, Rusiya – ABŞ/Qərb münasibətlərində mümkün korrekturaları nəzərə alsaq, gələcəkdə vəziyyətin kəskin surətdə dəyişə biləcəyi də istisna edilmir. Yəni, Ermənistan əlində olan bu qanuni mandatdan əl çəkməməlidir”, – deyə müxalifətçi deputat qeyd edib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “XQ”yə açıqlamasında bildirdi ki, Bakının ATƏT-n Minsk qrupunun ləğvi ilə bağlı qaldırdığı məsələ Ermənistan üçün, bir növ, test sayılmalıdır: “Əgər İrəvan, doğrudan da, Qarabağ iddialarından əl çəkibsə və bu məsələnin beynəlxalq gündəlikdən çıxarılmasına razıdırsa, təklifə müsbət cavab verməlidir. Əks-təqdirdə, Paşinyan iqtidarı ya hoqqabazlıqla məşğuldur, ya da sülh sazişi imzalanandan sonra Minsk qrupundan istifadə etməklə Qarabağ məsələsini yenidən gündəmə gətirmək xəyalı ilə yaşayır. Onlar deyirlər ki, ATƏT-ə sülh müqaviləsi imzalanandan sonra müraciət edə bilərik. Xeyr! Müraciət məhz indi olunmalıdır. Bu olmadığı halda sülh müqaviləsini də unutsunlar. Əslində, Minsk qrupu Bakı üçün elə də maneə sayılmır. Bu qrupun həmsədrlərini Azərbaycandan yola salmışıq və Minsk qrupunun adından heç kəs ərazimizə ayaq basmaq iqtidarında deyil. Azərbaycan Qarabağ məsələsini daha kiminləsə müzakirə etməyəcək. Axı, münaqişə sırf Azərbaycanın ərazisində olmuşdu və indi lüzumsuz vasitəçiliyi bizə kim təklif edə bilər?”.

Ermənistanın Minsk qrupu dedikdə onun üç ölkədən olan həmsədrlərini nəzərdə tutduğunu nəzərə çatdıran politoloq həmin qrupda Türkiyə, Belarus və Azərbaycanın da olduğunu xatırlatdı: “Bakı bu formatda xoşuna gəlməyən istənilən təşəbbüsü bloklamaq ixtiyarına malikdir. Doğrudur, biz məsələni münaqişə, qalmaqal səviyyəsinə gətirib çıxarmaq ­istəmirik. ­Sadəcə olaraq, Azərbaycan öz büdcəsindən Minsk qrupunun “diplomatik turizminə” milyonlarla avro vəsait ödəyir. İndiki məqamda ermənilər hiylə işlədərək sülh müqaviləsinin imzalanmasını qabağa salmağa çalışırlar. Amma sonra qrupun ləğvi ilə bağlı müxtəlif güzəştlərə getməyimizi gözləmək planlarını güdürlər. Guya, yalnız o halda Minsk qrupunun ləğvi barədə düşünə bilərik. Belə köhnəlmiş “nömrələrin” heç bir faydası olmayacaq. Müraciətə qoşulmayacaqları təqdirdə sülh müqaviləsini görməyəcəklər və yenə iki, üçtərəfli təzyiq altında qalacaqlar. İkitərəfli münasibətlər də qurulmayacaq. Onların bu müraciətdən imtina etməklə danışıqlarda Azərbaycandan güzəşt qoparmağa heç bir şansları yoxdur”.           

 * * *         

Yenidən qayıdaq müxalifətçi deputat Qeqam Manukyanın açıqlamasına. Onun mövzu ilə bağlı çıxışından açıq-aydın revanşizm qoxusu gəlir. Bir daha vurğulamaq istərdik ki, Manukyanın bəyanatı özündə Ermənistandakı daşnak-revanşist qüvvələrin niyyət və mövqeyini tam əks etdirir. Bəli, erməni cəmiyyətinin bu kəsimi gələcəkdə geosiyasi vəziyyət dəyişərsə və Ermənistan silahlanma yarışı yolu ilə bölgədə “hərbi balansı təmin edə bilərsə” yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürə biləcəklərinə ümid edir. Bu mövqe Ermənistan iqtidarını Azərbaycana qarşı heç bir ərazi iddiasının olmaması və Qarabağ məsələsini bağlanmış hesab etməsi barədə bəyanatları ilə daban-dabana ziddir.

Beləliklə, Ermənistan XİN-in “Azadlıq” radiosunun erməni xidmətinin Bakının məlum çağırışına reaksiyası barədə sorğusuna cavabı məsələnin üzərinə müəyyən qədər işıq saldı. Artıq mənzərə tam aydınlaşdı. ATƏT-in 32 il bundan əvvəl “Qarabağ problemi”nin həlli üçün yaratdığı həmsədrlər institutu – Minsk qrupunun yarıtmaz format olaraq ləğvinin sülh danışıqları ilə əlaqələndirilməsi İrəvanın növbəti “sülh oyunu”dur. Onun bu niyyətinin lobbiçi-revanşist dairələrin  quyusundan “su içdiyi” şübhəsizdir.

İmran BƏDİRXANLI
XQ

 





Siyasət