Yanvar-iyun aylarında ölkəmizə 1 milyon 231 min 104 nəfər qonaq gəlib. Bu, ötənilki göstəricilərlə müqayisədə 34 faiz artım deməkdir.
Dövlət Turizm Agentliyindən XQ-yə verilən məlumatda bildirilir ki, ilin əvvəlindən ölkəmizə ən çox turist Rusiyadan gəlib. Növbəti yerlərdə isə Türkiyə, Hindistan, İran və Gürcüstan qərarlaşır. Ümumilikdə, bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı 850 min 288 nəfər təşkil edir. Rusiyadan 359 min 938, Türkiyədən 213 min 617, Hindistandan 118 min 985, İrandan 106 min 833, Gürcüstandan isə 50 min 915 turist qəbul edilib.
Bundan başqa, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, Oman, BƏƏ, Çin, İsrail, Özbəkistan, Küveyt və Ukrayna vətəndaşları da turizm imkanlarımızla maraqlanan səyyahətçilər sırasında yer alırlar. 6 ayda Azərbaycana səyahətçi axını 15 ölkəni əhatə edir. Qonaqların gəliş ünvanları isə belədir: Qərbi Avropa 3,49 faiz, Şərqi Avropa 3,62 faiz, Mərkəzi Asiya 6,3 faiz, Cənubi Asiya 11, 32 faiz, Yaxın Şərq 18, 07 faiz.
Statistik mənzərədən aydın olur ki, Azərbaycanın mövcud turizm potensialı daha çox Yaxın Şərq, Cənubi və Mərkəzi Asiya ölkələrindən olan səyahətçiləri özünə cəlb edir.
Bəs ölkəmizin zəngin turizm marşurutlarına digər ölkələrin marağını necə artıra bilərik? Gəlmə turizmini necə inkişaf etdirmək olar?
XQ-nin bu mövzuda sorğusunu şərh edən turizm üzrə ekspert Ruslan Quliyev bildirdi ki, bu gün turistlərin gəlişi baxımından üstünlük təşkil edən regionlarla sıx əlaqə saxlayırıq. Bu sahədə uyğun inkişafa nail olmaq üçün bir çox məsələlər nəzərdən keçirilməlidir:
– Biz hələ də pandemiyadan əvvəlki 2019-cü ilin nəticələrini yeniləyə bilmirik. Bunun da bir neçə səbəbi var. Viza məsələlərinin mərhələli şəkildə həlli, bir sıra istiqamətlərdə aviauçuşların artırılması bu işə mənfi təsiri göstərir. Daxili bazarda da turizm imkanlarının təklif olunması Azərbaycan turizmini daha maraqlı edə bilər. Tematik turların təbliğ edilməsi də önəmlidir. Nəzərdə tutulan regionlardan ölkəyə səyahətçi sayı ilin sonunadək arta bilər. Bunun üçün müvafiq kampaniyalar həyata keçirilməlidir. Hava yollarında qrup qiymətlərində endirimlərə nail olmaq lazımdır. Müxtəlif çeşidli proqramlarla qatıldığımız sərgilərdə sistemli reklam kampaniyaları aparılmalıdır. Azərbaycanın destinasiyasını rəqabətqabiliyyətli bazara çevirmək üçün turpaketin maya dəyərinə təsir edən bəzi amillər də nəzərə alınmalıdır. Yəni turizm bazarında canlanma yaratmaq üçün sistemli fəaliyyət və turoperatorların dəstəklənməsi zəruridir.
Turizm üzrə digər ekspert Samir Dübəndi də qeyd etdi ki, gəlmə turizm statistikasında Asiya və Yaxın Şərq ölkələri Avropa ölkələrini üstələyir:
– Ötən illərdə dövlət qurumları gəlmə turizmində bir neçə proritet destinasiyaları seçməklə, həmin ölkələrdə informasiya və marketinq işlərini nümayəndə şirkətlərə tapşırmışdı. Bu ölkələr sırasında Avropa ölkələri də var. Avropanın ölkəmizə qarşı ikili standartlar və ədalətsizlik nümayiş etdirdiyi göz qabağındadır, lakin turist mübadiləsini Avropa destinasiyaları ilə artırmaq şansımız var.
Turizm xarici amillərə məruz qalan, həssas iqtisadi fəaliyyət sahəsidir. Siyasi, iqtisadi, hərbi amillər turizmin istiqamətlərini dəyişir, bəzi hallarda onu, hətta məhv edə bilir. Qitədə Azərbaycana dost ölkələr kifayət qədərdir. İlk növbədə, bu ölkələrlə daha sıx əməkdaşlıq etməyə zərurət görürəm. Digər tərəfdən ölkə turizminə rəhbərlik edən şəxslər sırasında avropalı mütəxəssislər də var. Onlar əlaqələrin möhkəmləndirilməsi, genişlənməsi yollarını daha yaxşı bilirlər. Bu potensialdan biz daha səmərəli istifadə etməliyik.
ABŞ və Latın Amerikası ölkələri ilə turist mübadiləsinin artırılmasına daha diqqətlə yanaşmalıyıq. Gəlmə turizmin coğrafiyası nə qədər geniş olarsa, biz beynəlxalq aləmdə bir o qədər tanınacağıq. Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, milli dəyərlərini və irsini məhz turizm vasitəsilə tanıtmağa çalışmalıyıq. Hazırda ÜDM-də turizmin payı arzuolunandan aşağıdır.
Ekspert əlavə etdi ki, turistlərin sayı ilə yanaşı, onların ölkədə orta qalma müddəti, adambaşına xərclədikləri vəsaitin və istifadə etdikləri xidmətlərin çeşidi də əsas götürülməlidir:
– Yüksək ekoloji mədəniyyətə, sosial duruma, iqtisadi imkanlara sahib olan ölkələrin vətəndaşları daha maraqlı və “faydalı” turist olurlar. Onlar ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olur, buna görə əlavə xidmətlər sifariş edirlər. Belə ölkələrin turistləri əldə etdikləri xidmətlərə daha tələbkar və məsuliyyətlə yanaşır, yüksək servis və komfort tələb edirlər.
Təşviqat məsələsinə gəlincə, biz qonşu turizm bazarlarında tələb olunan səviyyədə, mütəşəkkil formada işlər aparmırıq. Qonşularla viza yoxdur, nəqliyyat daha əlçatandır, dil baryeri yoxdur. Lənkəran Meksikanın Monterrey şəhəri, Bakı Fransanın Bordo şəhəri ilə qardaşlaşıb. Bu konsepti uğurla davam etdirə bilərik.
Ekspert rəylərindən görünür ki, Azərbaycanın turizm imkanlarını arzuolunan səviyyəyə çatdırmaq, ölkəmizi daha maraqlı səfər ünvanına çevirmək üçün imkan və vasitələr diqqətdə saxlanılmalıdır. Təbliğat işini düzgün aparmaq, uğurlu ölkələrin təcrübəsindən yararlanmaq, forma və məzmun baxımından xüsusi yanaşmalara keçmək Azərbaycan turizimini inkişaf etdirəcək amillər sırasındadır.
Ceyhun ALIŞLI
XQ