Səbəb Azərbaycandır
Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı hücuma keçib. Qurumun yaydığı geniş bəyanatı yalnız belə qiymətləndirmək mümkündür. Sənəddə bir sıra məqamlara toxunulub ki, yazımızda onlardan söz açacağıq.
Ancaq əvvəlcə onu bildirək ki, ANCA belə bir bəyanat yaymaqla, Birləşmiş Ştatların seçki mühitinə təsir etməyə çalışır. Digər tərəfdən, sənəd onu göstərir ki, Amerika erməniləri Trampın prezidentliyindən qəti şəkildə çəkinirlər və onunla bağlı hansısa ümidləri yoxdur. Ona görə də necə deyərlər, bütün körpüləri yandırmaq qərarına gəliblər.
Beləliklə, ANCA-nın bəyanatında bildirilib ki, Tramp administrasiyası Azərbaycanın 2020-ci ildə Qarabağın yerli ermənilərinə hücumunu təşviq edib, “erməni soyqırımı”nı tanımaqdan uzaq durub, Azərbaycanın məsuliyyətə cəlb olunması üçün, ümumən 44 günlük müharibə zamanı törədilmiş hərbi cinayətlərə görə əməli addımlar atmayıb.
Bundan başqa, Tramp və komandası Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin səlahiyyət müddətini dörd illiyinə ləğv edərək, ABŞ-nin Azərbaycana yardımına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Habelə, Trampın prezidentliyi dönəmində Birləşmiş Ştatların Ermənistana və Azərbaycana hərbi yardımında müəyyən edilmiş paritet presedenti pozulub və Vaşinqton Bakıya hərbi yardımı kəskin şəkildə artırıb ki, 120 milyon dollardan çox olan vəsait, sən demə, Azərbaycanı 2020-ci ilin müharibəsinə həvəsləndiribmiş.
Göründüyü kimi, ANCA D.Trampı ABŞ ermənilərinin gözündən salmaq, onun seçilməsinə maneçilik törətmək üçün ən sərsəm üsullara əl atmaqdadır. Qurumun bəyanatında vurğulananlar da fikrimizin təsdiqidir. Nəzərə alaq ki, sənəddə bilavasitə 44 günlük müharibə dönəminə də fokuslanma var. Orada bildirilib ki, Tramp administrasiyası savaş zamanı yaşanmış hərbi cinayətlərə, o cümlədən mülki şəxslərin edamına, onlara qarşı qadağan olunmuş silahların tətbiqinə, ermənilərin özbaşına saxlanmalarına və işgəncələrə məruz qalmalarına göz yumdu, “Azərbaycanın əsassız təcavüzünü dayandırmaq istiqamətində heç bir mənalı addım atmadı”, müharibə əsirlərinə və Qarabağın qədim xristian irsinin dağıdılmasına laqeyd yanaşdı.
Bəyanatın sərsəmliyini sübuta yetirən məqamlardan biri də diqqətə çatdırdığımız sonuncu cümlədir. Məsələ ondadır ki, Ermənistan üçün Qarabağın mədəni irsinin dağıdılması ritorikası 2023-cü ilin lokal xarakterli antiterror tərdbirlərindən, yəni ölkəmizin özünün bütün ərazilərində suverenliyini bərpa eməsindən sonranın siyasi məhsuludur. ANCA isə nədənsə məsələni Tramp administrasiyası ilə əlaqələndirir. Halbuki, həmin vaxt Tramp hakimiyyətdə deyildi. Digər tərəfdən, ANCA elə təəssürat yaradır ki, sanki Azərbaycan öz torpaqlarını işğaldan qurtarmamalı imiş və mövcud istiqamətdəki fəaliyyət işğalçılıqdır. Bu kimi fikirlərin bir adı var – həyasızlıq.
ANCA-nın bəyanatında o da bildirilib ki, “Azərbaycanın 2020-ci il hücumundan sonra” 50 mindən çox dinc erməni məcburi köçkünə çevrildi. Nəticədə regionun 70 faizi etnik təmizləməyə məruz qaldı. Burada da təzad var. 50 minlik sayın regionun 70 faizində etnik təmizləmənin həyata keçirilməsi üçün əsas götürülməsi absurddur. Görəsən, söhbət hansı regiondan gedir. Trampın dövründə Azərbaycan özünün ərazi bütövlüyünü tam bərpa etməmişdi. Yəni, Qarabağa sahiblənməmişdi. Belə çıxır ki, ANCA-nın başbilənləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yaşayan erməniləri nəzərdə tuturlar. Hələ həmin ərazilərin vilayətə daxil olmadığını və onsuz da oradakı ermənilərin çıxmalı olduqlarını, işğal faktının interpretasiyasını bir kənara qoyuruq. Görəsən, Ermənistan rəhbərliyi 150 minlik sayı nə zamansa gündəmə gətiribmi? Yox! Yəni ki, rəsmi İrəvan və onun xaricdəki havadarları Qarabağı tərk edən 100 min ermənidən söz açırdılar və etnik təmizləmə cəfəngiyyatı məhz onlara nəzərən ortaya atılırdı. Belədə elementar sual yaranır: necə olur ki, regionun 70 faizində 50 min, yerdə qalan 30 faizində 100 min erməni yaşayıb?
Əlqərəz, ANCA bildirir ki, Tramp administrasiyasının heç bir tədbir görməməsi səbəbindən, Azərbaycan 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistana hərbi müdaxiləsini daha da gücləndirdi, yekunda isə 2023-cü ilin sentyabrında Qarabağın blokadası və bölgənin etnik təmizlənməsi yaşandı. Göründüyü kimi, təşkilat nəyə etnik təmizləmə deməyi də düz əməlli müəyyənləşdirə bilmir. Bu da onun yaydığı sənədin məntiqsizliyini təsdiqləyən növbəti məqamdır. Üstəlik, Ermənistana təcavüzdən söz açmaqla Qarabağın blokadasını eyni müstəviyə gətirmək də ortaya absurd mənzərə çıxarır. Məlumdur ki, Azərbaycan tərəfindən nə Ermənistana təcavüz olub, nə də Qarabağ blokadada saxlanılıb.
Qeyd edək ki, ANCA-nın bəyanatında Türkiyədən də söz açılıb və bildirilib ki, Tramp administrasiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qucaq açdı və guya, bu, “regionda sabitliyi pozan hərəkətləri fonunda etibarsız NATO müttəfiqinə kart-blanş verdi”. Ardınca isə sənəddə Ankaranın 2020-ci il müharibəsinə dəstək verdiyi, NATO-ya məxsus “F-16” qırıcılarını Azərbaycanda yerləşdirdiyi vurğulanıb.
Sən demə, Türkiyə “Ermənistanın mülki əhalisinə və infrastrukturuna hücum etmək üçün” Azərbaycana verdiyi pilotsuz uçuş aparatlarda ABŞ-nin ikili təyinatlı texnologiyasını yerləşdirməklə, Birləşmiş Ştatların silah ixracına dair qanununu pozubmuş və Tramp administrasiyası həm buna, həm də Türkiyənin, guya, münaqişə bögəsinə muzdlular göndərməsinə göz yumubmuş.
“Tramp administrasiyasının Azərbaycanın 2020-ci ildə Qarabağa qarşı soyqırımı hücumuna kömək etmək qərarı və onun Azərbaycanın hərbi cinayətləri qarşısında hərəkətsizliyi bu ilin noyabrında amerikalı erməni seçicilərə ağır yük yaradacaq” kimi fikirlərin yer aldığı bəyanatın siyasi şantaj məqsədi daşıdığı ortadadır. Heç şübhəsiz, belə şantajlar ABŞ-nin siyasi həyatına əhəmiyyətli təsir göstərə bilməz. Eyni zamanda, ANCA-nın bəyanatının namizəd D.Trampın mövqeyinə əsaslı təsirindən də söz açmağa dəyməz. Necə deyərlər, milçək bir şey deyil, könül bulandırır.
Amma ANCA-nın bəyanatının ardınca ABŞ-dəki ermənipərəst Konqres və senatorların “hərəkətə keçmələri” proqnozlaşdırılandır. Çox güman, onlar Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarına yalmanmaq üçün çeşidli məsələləri gündəmə gətirəcək, anti-Azərbaycan ritorikasını gücləndirəcək, ölkəmizə qarşı hədyanları sıralayacaqlar. Bu isə heç narahatlıq doğurmur. Çünki belə hədyanlara öyrəşikliyik. Həm də ona görə ki, itin hürməsi karvanın keçməsinə maneəçilik törətmir. 2020-ci ildən sonra Cənubi Qafqazda yaşananlar da bu deyimin təsdiqidir.
Ə.RÜSTƏMOV
XQ