“İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən də Şuşada keçirilən beynəlxalq tədbirlər hər zaman məni sevindirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra nəinki beynəlxalq əhəmiyyətli tədbirlər, dövlətimizin təşkil etdiyi istənilən səfər, toplantı biz qarabağlıların könlünü açır. Çünki azad olunan ərazilərə həyatın qayıtmasını görürük. Seçki tədbirləri də belə təqdir olunası hadisələrdəndir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. O vurğulayıb ki, şuşalılar uzun illər sonra öz doğma yurdlarında seçdikləri deputatlara səs verə biləcəklər: “Bu tarixi hadisə bir şuşalı kimi məni də çox sevindirir. Şuşanın varlığı, əsl sahiblərinə qayıtması mənim üçün bir dünya deməkdir. Eləcə də Şuşada seçki tədbirlərinin keçirilməsinin özü mənə sanki dünyaları bəxş edir. Düzdür, hazırda Bakı qeydiyyatındayam, Şuşamızda səs verə bilməsəm də, azad olunan ərazilərdə yaşayan hər kəsi fəal səsverməyə çağırıram. Bu ilkdir, tarixi hadisədir. Ona görə də sentyabrın 1-də səsvermədə hamı fəal olmalıdır”.
XQ