Doğma yurda qayıdan seçicilərin sayı açıqlanıb
Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilər üzrə 42 mindən çox seçici səs verəcək.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, azad olunan ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək: “Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər”. Hazırda ölkə üzrə seçicilərin sayı 6 421 073 nəfərdir.
STM də “exit-poll” keçirəcək
MSK Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək niyyətində olan daha bir müraciətə baxıb.
“Seçki 2024” Müstəqil Media Mərkəzinin xəbərinə görə, komissiyanın iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Sosioloji Tədqiqatlar Mərkəzi seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə MSK-ya müraciət edib: “Bu təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində “exit-poll” keçirmək niyyətindədir. Onların sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və quruma “exit-poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.
Müşahidə müraciəti gələn həftə başa çatır
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4 – 40.6, 44-cü maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələri MSK-ya təqdim etməlidirlər.
Penitensiar xidmətdə seminar-müşavirə
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib. “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Penitensiar xidmətin rəhbərliyinin, MSK nümayəndələrinin, xidmətin baş idarəsinin məsul əməkdaşlarının, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının rəislərinin, mühafizə alayı və konvoy taboru komandirlərinin, habelə ərazi üzrə müvafiq seçki dairə komissiyaları sədrlərinin və media təmsilçilərinin iştirak etdikləri tədbir penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.