“Dünyanın kəsişməsi” Zəngəzur dəhlizinə qarşı

post-img

Qərb Ermənistanı mövqeyindən necə döndərmək istəyir?

Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan–Ermənistan sülh danışıqları gündəmindən çıxması, istər-istəməz suallar yaradır. Əslində, ölkəmiz buna hazır idi. Hələ bir neçə il əvvəl rəsmilərimiz bildirmişdilər ki, əgər İrəvan nəqliyyat əlaqələrinin Bakının şərtləri ilə blokdan çıxmasını qəbul etmirsə, o zaman sülh müqaviləsi bu müddəasız imzalanacaq. Nəticədə Ermənistan otuz ilə yaxın müddətdə olduğu kimi, yenə təcrid durumunda qalacaq. Təcridin ayaq səsləri eşidilir və bundan narahatlıq keçirənlər var.

Əlbəttə, hazırda durumun bir qədər fərqli olduğunu nəzərə almalıyıq. İndi söhbət Bakının və İrəvanın qarşılıqlı şəkildə sözügedən müddəadan imtinasından və məsələnin müzakirəsini gələcəyə daşımaq niyyətindən gedir. Yəni, bu, o deməkdir ki, tərəflər nəqliyyat kommunikasiyalarının açılması məsələsini geosiyasi rəqabətin cəngindən qurtarırlar. İlk baxışdan, maraqlı gedişdir. Amma hər şey bu qədər sadədirmi? Yox! Əslində, “Atlantic Council” nəşrinin yazdıqları da böyük ölçüdə sadəlikdən uzaq vəziyyətin təsviridir. 

Bəli, “Atlantic Council”da yayımlanmış məqalə onu göstərir ki, Qərbdə Azərbaycanın və Ermənistanın gəldikləri müştərək qərardan narazılıq var. Mövcud xüsusda bir neçə məqama diqqət yetirilir ki, yazımızda bu barədə söz açacağıq. 

Söz açacaq və mahiyyətcə ölkəmizin “Zəngəzur dəhlizi” ideyasına zidd təmayülləri diqqətə çatdıracağıq. Məlumdur ki, Ermənistan hakimiyyəti bu ideyaya qarşı “Dünyanın kəsişməsi” təşəbbüsünü irəli sürür. Görünür, elə buna görə “Atlantic Council” nəqliyyat kommunikasiyalarının açılmasının zəruriliyini əsaslandıran yazısında “Dünyanın kəsişməsi”nə, daha doğrusu, onun əlahiddəliyinə fokuslanır. Heç şübhəsiz, bu fokuslanma Ermənistan hakimiyyətini dəstəkləyən kollektiv Qərbin sifarişidir. Belə bir sifarişin isə konkret nəticələrinin olması ehtimalı var ki, məsələyə yazımızın sonunda nəzər salacağıq. 

Beləliklə, “Atlantic Council” yazır ki, Ermənistanın “Dünyanın kəsişməsi” ideyası ölkəni qonşuları – Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birləşdirməyə yönəlmiş iddialı regional nəqliyyat təklifidir. Bu təşəbbüs Xəzər dənizini Aralıq dənizinə, Fars körfəzini Qara dənizə birləşdirərək malların, enerjinin və insanların axınını asanlaşdırmaq üçün mühüm infrastrukturun - avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin canlandırılması və inkişafı məqsədini daşıyır. Məsələ həm də Ermənistanın Cənubi Qafqazda sülh gündəliyinin mühüm hissəsini təşkil edir. Rəsmi İrəvan bu marşrutu iştirakçı ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi və bununla da regionda uzunmüddətli sülh və sabitliyin təşviqi üçün vasitə sayır. Ən əsası isə nəşr vurğulayır ki, regiona iqtisadi fayda gətirmək, Cənubi Qafqazda sülh və əməkdaşlığı təşviq etmək və Ermənistanın Rusiyadan asılılığını azaltmaq potensialına malik olan Qərb diplomatik yardım və infrastruktur sərmayələri ilə “Kəsişmə” planını dəstəkləməlidir. Ancaq plan hazırda mühüm geosiyasi maneələrlə üzləşir, Azərbaycan Ermənistanın təşəbbüsünü dəstəkləməkdən boyun qaçırır.

Göründüyü kimi, Qərb dünyası mövcud durumdan narazıdır və “Atlantic Council”un məqaləsi fikrimizin təsdiqidir. Nəşr çalışır ki, yenidən məsələni Bakı-İrəvan sülh gündəminin tərkibinə qaytarsın. Ona görə də regiondan kənar, ancaq bölgə ilə bağlı ölkələrin maraqlarını qabardır. Məsələn, Türkiyənin. Media orqanı bildirir ki, Ankara üçün “Dünyanın kəsişməsi”ni dəstəkləmək onu strateji cəhətdən regionda sülh vasitəçisi statusuna yüksəldə bilər ki, bu da Türkiyənin təkcə yaxın qonşuları ilə deyil, bütün Avropa və Asiyada diplomatik əlaqələrini gücləndirər.

“Atlantic Council” məqaləsində Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsündən də söz açır. Nəşr yazır ki, Bakının tələbi Azərbaycanla vahid tranzit marşrutunun açılmasını nəzərdə tutduğu halda, Ermənistanın layihəsi həm Azərbaycan, həm də Türkiyə ilə bir neçə sərhəd keçidinin yaradılmasını əsas götürür. Bu deyim nə deməkdir? O deməkdir ki, Qərb dünyası “Dünyanın kəsişməsi”ni “Zəngəzur dəhlizi”ndən öndə tutur. Heç şübhəsiz, belə qoyuluş həm ölkəmizin mövqeyini mübahisələndirmək, həm də İrəvanın irəli sürdüyü ideyanı düşüncələrdə möhkəmləndirmək məqsədi daşıyır. Bu baxımdan prioritet sayılan məntiq də var. Söhbət Ermənistanın ərazi bütövlüyündən və suverenliyindən gedir.

Başlıca məqama keçid alaq. “Atlantic Council” onu da vurğulayır ki, Azərbaycanın Zəngəzurla bağlı planları Qərbin maraqlarına ziyan vurur: “Birincisi, bu, Qərbin enerji marşrutları, Avropa, Asiya və Yaxın Şərq arasında geosiyasi tarazlıq üçün mühüm əhəmiyyət daşıyan Cənubi Qafqazı sabitləşdirmək və iqtisadi cəhətdən inkişaf etdirməki kimi strateji hədəfini sarsıdacaq. Azərbaycan daha geniş regional inteqrasiya təşəbbüslərini dayandırmaqla, logistik maneələrlə üzləşən və xarici geosiyasi təsirlərə görə pozulmalara məruz qala bilən Gürcüstan ərazisindən keçən mövcud marşrutlardan asılılığı davam etdirir”.

“Atlantic Council”un yazdığına görə, davamlı gərginlik və bunun nəticəsində Cənubi Qafqazda hərtərəfli sülh və əməkdaşlığın olmaması, Rusiya və İrana Cənubi Qafqazda təsirini göstərməyə imkan verir. Ermənistanın təcridi isə onun Rusiyadan asılılığını saxlayacaq, Qərbin regionda demokratik idarəçiliyin və bazarın liberallaşdırılmasının təşviqi səylərini sarsıdacaq. Həmçinin, Ermənistanın iqtisadi və əlaqə imkanlarına maneə, Qərbin regiona cəlbi və investisiya imkanlarını məhdudlaşdıracaq. Bu isə Ermənistanı Rusiya ilə ticarətdən həddindən artıq asılı vəziyyətə salacaq. 

Yekunda “Atlantic Council” belə qənaətə gəlir ki, “Dünyanın kəsişməsi” təşəbbüsü daha perspektivli yoldur. Bu təşəbbüs Cənubi Qafqazda qarşılıqlı iqtisadi artım və əməkdaşlığın yeni erasına yol açmaqla, regional sabitlik və rifah üçün katalizator rolunu oynaya bilər. Nəşr, eyni zamanda, bu qənaətə gəlir ki, “Dünyanın kəsişməsi” iqtisadi stimulları geosiyasi imkanlarla uyğunlaşdırır. Mövcud səbəbdən Ermənistan Qərbin daha güclü dəstəyinə layiqdir. Qərb ölkələri  Transxəzər dəhlizinə inteqrasiya və bütün Cənubi Qafqazda əməkdaşlığı inkişaf etdirmək səylərini dəstəkləməklə, regionun Rusiyadan daha az asılı olan canlı iqtisadi mərkəzə çevrilməsinə kömək göstərə bilərlər. Buna görə də Türkiyəyə və Azərbaycana diplomatik təzyiqlər şərtdir ki, konstruktiv nəticə əldə olunsun, habelə Ermənistana təcavüzün qarşısı alınsın.

Göründüyü kimi, “Atlantic Council” “Dünyanın kəsişməsi” məntiqini qabartmaqla, Azərbaycan və Ermənistan arasındakı müştərək razılaşmanı heçə endirmək məqsədini güdür. Nəzərə alsaq ki, Ermənistan hakimiyyəti kənar təsirlər nəticəsində əldə olunmuş razılaşmalara çıxacaq qədər prinsipsizdir və belə məqalələr elə-belədən ortaya çıxmır, deməli, rəsmi İrəvanın yaxın perspektivdə sülhün hazırkı şərtlərindən uzaq dayanmasını da ehtimal etmək mümkündür. 

Ə.CAHANGİROĞLU
XQ

 





Siyasət