Ermənistanın KTMT-dən çıxması müşküldür

post-img

İrəvan bu “kartla” Qərb ilə Rusiya arasında oyununu davam etdirir 

“Avqustun 14-16-da Novosibirskdə elan olunmuş KTMT-nin “Kobalt-2024” kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələrinin təlimlərinin iştirakçıları arasında Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan var. Amma Ermənistan KTMT-nin bu təlimlərində yenə iştirak etməyəcək”.

TASS-ın Rusiya Milli Qvardiya Qoşunlarının mətbuat xidmətinə istinadən yaydığı xəbərini erməni mediası da təkrarlayıb. Məlumatda, həmçinin deyilir ki, avqustun 14-də Rusiya Milli Qvardiya Qoşunlarının Novosibirsk Vilayəti üzrə Federal Xidmətinin rəhbərliyi ilə idarənin təlim mərkəzinin bazasında komanda-nəzarət orqanları və xüsusi təyinatlılarla xüsusi təlimlərin təntənəli açılışı olmalıdır. Bu zaman KTMT-nin “Kobalt-2024” kollektiv çevik reaksiya qüvvələrinin birgə təliminə start veriləcək və tədbir avqustun 16-da başa çatacaq. Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın aidiyyatı nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər. 

* * *

Bu, xəbərin birinci hissəsi idi. ­KTMT-nin mətbuat xidmətinin yaydığı ikinci məlumatda isə deyilir ki, Ermənistan sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək KTMT-nin “Qarşılıqlı fəaliyyət - 2024” komanda-qərargah təlimlərində iştirak etməyəcəyi barədə təşkilata xəbər verib: “Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını bildirib”.

ARAYIŞ: Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikasının daxil olduğu KTMT 1992-ci il mayın 15-də yaradılan hökumətlərarası hərbi ittifaqdır. Rusiyanın söz sahibi olduğu KTMT nizamnaməsinə əsasən, üzv ölkələr güc tətbiq etməkdən çəkinməlidir. Onlar hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz. İttifaqdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il birgə hərbi təlimlər təşkil edirlər. Rusiyanın blokun digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın bütün üzvlərinin rəsmi razılığı olmalıdır.

Ermənistan bu dəfə də hərbi blokun irimiqyaslı tədbirlərində iştirakdan imtina edir. Bəs, onun bundan sonrakı addımı nə olacaq? Nəhayət, bloku birtərəfli qaydada tərk etməyə, qapını çırpıb getməyə cürəti çatmayan rəsmi İrəvanın qarşısını kəsən hüquqi prosedur da var. KTMT-dən çıxmağa blokun bütün üzvlərinin razılığı tələb olunur...

Mövzu ilə bağlı danışan qazaxıstanlı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Kazbek Beysebayev qeyd edib ki, həqiqətən də son vaxtlar Ermənistan KTMT-nin müxtəlif tədbirlərində iştirak etmək istəmədiyini açıq şəkildə dilə gətirir: “Buna görə də Ermənistanın Novosibirsk və Qırğızıstandakı təlimlərdə iştirakdan imtina etməsi təəccüblü olmadı. Burada qeyd etməliyik ki, son vaxtlar hamımız Moskva–İrəvan münasibətlərinin soyumasını müşahidə edirik. Ermənistan daha çox Qərbə üz tutmağa başlayıb və bu, Moskvanın xoşuna gəlmir. Amma onu da unutmayaq ki, Rusiya KTMT-də aparıcı rola malikdir. Bu baxımdan Ermənistanın tərəddüdləri başadüşüləndir”.

Ekspert İrəvanın bu cür mövqeyinin KTMT-nin fəaliyyətinə ciddi təsir edəcəyini düşünmür: “KTMT Ermənistanın bu hərbi manevrlərdə iştirak etməməsinə xüsusi diqqət yetirməyəcək, öz qrafikinə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Yəni birgə təlimlər və digər tədbirlər davam etdiriləcək”.

Ermənistanın MDB-nin NATO-su hesab edilən KTMT-ni tərk etməyəcəyi çoxlarına bəllidir. Ən azı ona görə ki, KTMT faktiki olaraq Rusiyanın diktəsi ilə yaranan və fəaliyyət göstərən təşkilatdır. Və onu tərk etmək üçün mütləq Kremlin razılığı olmalıdır ki, İrəvan isə bunu etmək iqtidarında deyil.

* * * 

Sankt-Peterburq Dövlət Univer-sitetinin professoru Stanislav Tkaçenko bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər istədiyi şəkildə deyil: “Ermənistanın indiki rəhbərliyi 2020-2023-cü illərdə Qarabağ hadisələrində İrəvanın məğlubiyyətinə görə Rusiyanın KTMT lideri kimi məsuliyyət daşıdığını aydınlaşdırmağa çalışır. Etiraf etmək lazımdır ki, bu səylər boşa getmədi, Ermənistanda ictimai rəy əksər hallarda Qarabağdakı işğalçılıq siyasətinin iflasa uğramasını Paşinyan və onun çevrəsi ilə əlaqələndirmir. Bütövlükdə, ölkədə anti-Rusiya əhval-ruhiyyəsi o qədər populyar olmasa da, rusofobiya və “Qərb bizə kömək edəcək” kor-koranə inamı getdikcə İrəvandakı rəhbərliyin ofislərinə daxil ola bilir. Eyni zamanda, “Qərb” dedikdə ABŞ, Aİ, həm də Avropanın ayrı-ayrı dövlətləri nəzərdə tutulur”.  

S.Tkaçenko hesab edir ki, Ermənistan 1992-ci ildən postsovet məkanında mövcud olan əsas hərbi blokdan və 2002-ci ildən indiki təşkilati-hüquqi statusundan getdikcə uzaqlaşır: “Aydındır ki, Ermənistan siyasətçilərinin indiki nəslinin məqsədi ölkələrini KTMT-dən tədricən çıxarmaq, eyni zamanda, Aİİ üzvlüyünü saxlamaq və Rusiya ilə geniş ticarət və investisiya əlaqələrini inkişaf etdirməkdir”. 

Reallıq ondan ibarətdir ki, Moskva İrəvanın əsas iqtisadi tərəfdaşı olaraq qalmaqdadır. Son iki ildə Ermənistan iqtisadiyyatının artım tempi heyrətamizdir. Bu isə daha çox erməni mallarının Rusiya bazarına çıxışı və sanksiyaya düşən məhsulların qeyri-rəsmi şəkildə şimala ötürməsi və bundan qazanması ilə izah olunur. Kreml bugünədək İrəvanın şıltaqlığına dözüb, diplomatik səbr nümayiş etdirib. Fəqət Rusiyanın əsas prioritetləri təhlükəsizlik, o cümlədən Qafqaz regionunda mövqeyini qorumaqdır ki, bu da ali rəhbərlik tərəfindən dəfələrlə səsləndirilib.

“Ermənistan heç Rusiyanın nə müttəfiqidir, nə də partnyoru. O, sadəcə olaraq, Moskvanın əlaltısıdır. Əgər Paşinyan komandası elə düşünürsə ki, onu Avropada səbirsizliklə gözləyirlər, yanılır. O, bunu ancaq yuxusunda görə bilər”. 

Bu fikirləri “XQ” ilə bölüşən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Kremlin İrəvanı cəzalandıra biləcəyini də istisna etmədi: “Reallıq odur ki, Rusiyanın Ermənistana kifayət qədər təsir göstərmək resursları var. Rusiyanın bu ölkənin ərazisində hərbi bazası var, Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyurlar. Eyni zamanda, bütün nəqliyyat, dəmir yolu şəbəkəsi, demək olar ki, iqtisadiyyatı Rusiyanın nəzarətindədir. İrəvanın bu cür siyasi manevrləri, yəni, həm KTMT-də qalması, həm Avropa İttifaqına qoşulması, həm də ABŞ və Fransadan silah-sursat alması uzun müddət çəkə bilməz. Paşinyan KTMT-dən çıxmaq xülyalarından əl çəkməlidir, yoxsa özünü daha çətin labirintə salacaq. Oradan isə çıxış yolunu tapmaq müşküldür”.

* * * 

Belə ehtimal etmək olar ki, ­Moskva və İrəvan hazırda bir-birinin addımlarını  diqqətlə izləməkdədir. Paşinyan KTMT-dən çıxmaq üçün Brüssel və Vaşinqtondakı tərəfdaşlarla təhlükəsizlik sazişlərinin bağlanmasının nisbətən ağrısız keçəcəyi anı müəyyənləşdirməyə çalışır. Kreml isə, onun, guya, “strateji məğlubiyyəti”ni gözləyən, Rusiyanın əleyhdarları ilə birləşən İrəvandan hansı məqamdan sonra qəti addım atmağı tələb edəcəyi barədə düşünür. 

Ermənistan, sadəcə, KTMT ilə “alverini” davam etdirmək niyyətindədir. Ölkənin qərbyönümlü müxalifətinin arzusu kimi dövriyyəyə buraxılan bu iddialar bəzi məqamlarda iqtidarı üçün əlverişli yön alır. Doğrudur, bu iddialara hələlik heç kim ciddi yanaşmır, çünki Ermənistanın KTMT-dən ayrılmaq perspektivinə inanmırlar. Axı İrəvan rəsmi səviyyədə belə bir məsələ qaldırmayıb. Elə Moskva isteblişmenti  də Paşinyanın bu diplomatik jestlərini ciddi qəbul etmir. İrəvanın KTMT-yə həm də Azərbaycana təsir göstərmək aləti kimi baxdığını hamı yaxşı bilirdi. 

Amma bu gün Ermənistan nə KTMT, nə də digər amillər vasitəsilə Azərbaycana təsir göstərmək gücündədir. Bunun əsas səbəblərindən biri isə Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərdir. Strateji müttəfiqliyə söykənən bu münasibətlər elə statusa malikdir ki, Ermənistanın ona nəinki toxunması, heç yaxınlaşması mümkün deyil.

İmran BƏDİRXANLI 
XQ

 







Siyasət