Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə inkişaf edir. Şübhəsiz ki, bu dinamikanı, ilk növbədə, Prezident İlham Əliyevin mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, eləcə də həmin regionda yerləşən ölkələrin başçılarının isə respublikamıza davamlı səfərləri şərtləndirir. Eyni zamanda, bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Qeyd edək ki, sözügedən əməkdaşlığın möhkəmlənməsinə dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi islahatlar müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, respublikamızın Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında böyük həcmdə daşımaları şərtləndirib. Bu isə Azərbaycanın tranzit imkanlarını gücləndirib, Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafını daha da sürətləndirib.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən respublikamız Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
Bütün bunlar Prezidenti İlham Əliyevin avqustun 8-də Qazaxıstana səfəri zamanı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında da öz ifadəsini tapıb. Dövlətimizin başçısı deyib: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir”.
Ölkə rəhbəri çıxışında Ermənistan tərəfindən, təxminən, 30 illik işğal dövründə Qarabağda 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevirildiyini, qəsbkardan təmizlənən ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparıldığını və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışının reallaşdığını, həmçinin cari il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildiyini və bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirib.
Bəli, bu yaxınlıq və doğmalıq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdalığının getdikcə möhkəmlənməsini şərtləndirir. Münasibətlər demək olar ki, həyatın bütün sahələrində özünü qabarıq büruzə verir. Məsələn, dövlətimizin başçısı nitqində vurğuladığı kimi, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” “yaşıl enerji” sahəsində əməkdaşlıqda ilk addımdır.
Bundan başqa, qarşılıqlı fəaliyyət nəqliyyat-tranzit sahəsində də diqqət çəkir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəminin daha da artırılması bunun bariz ifadəsidir.
Qeyd edilib ki, Azərbaycan Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması da bunun təsdiqidir. Həyata keçirilən “Rəqəmsal ipək yolu” layihəsinin rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəyi əminliyi də əməkdaşlığın dinamik inkişafından xəbər verir.
2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirakı respublikamızla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır. Görüşdə müzakirə olunan məsələləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, ekspert Vüsalə Cəfərovanın sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya xalqlarının tarixi qardaşlıq və strateji tərəfdaşlığı geoiqtisadi əməkdaşlığın inkişafına zəmin yaradır. Son dövrlər müşahidə olunan müntəzəm yüksək səviyyəli səfərlər də ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Dost və qardaş ölkələrlə ticarət əlaqələri də getdikcə genişlənir. Təkcə Azərbaycanla Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi, təxminən, 467 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir artım kimi diqqət çəkib. Əsas ixrac məhsulları arasında Qazaxıstanın taxılı və Azərbaycanın nefti yer alır. 2023-cü ildə kənd təsərrüfatı sahəsində Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz artım deməkdir. Bu ticarət Azərbaycanın ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın “SOCAR” və Qazaxıstanın “KazMunayGas” şirkətləri arasında genişləndirilməkdə olan birgə müəssisələr Xəzər dənizi vasitəsilə neft ixracını artırmağı hədəfləyir və enerji təhlükəsizliyinin təminatı baxımından önəm kəsb edir.
Ekspert bildirir ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə həyata keçirilən investisiya layihələri, Azərbaycan–Qazaxıstan, Azərbaycan–Qırğızıstan və Azərbaycan–Özbəkistan birgə investisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə “yaşıl enerji” sahəsində əlaqələrin daha da möhkəmlənəcəyini şərtləndirir.
Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən “Rəqəmsal ipək yolu” layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib.
Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədi ilə güclü iqtisadi blok yaratmağa xidmət edir.
V.BAYRAMOV
XQ