Qərb İrəvanı “3+3” formatında iştirakdan yayındırır

post-img

Cənubi Qafqaz regionu ilə bağlı məsələlərin bölgə ölkələrinin özləri tərəfindən “3+3” formatında həll edilməsinin zəruri olduğu növbəti dəfə təsdiqləndi. Avqustun 6-da Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun səfərdən sonra media nümayəndələrinə verdiyi açıqlama belə deməyə əsas verir.

Rusiyanın dövlət informasiya agentliyi – TASS-ın yaydığı xəbərə görə, S.Şoyqu qeyd edib ki, Bakıdakı görüşlər zamanı nəqliyyat layihələri, xüsusilə Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər müzakirə olunub: “Əlbəttə ki, toxunduğumuz mövzulardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin “3+3” formatında danışıqlar ideyası idi. Biz bu ideyanı dəstəkləyirik və onu müzakirə etdik. Əlbəttə, bu işi davam etdirmək lazımdır. Xüsusən də ona görə ki, “3+3 formulu təkcə bir konkret hal üçün nəzərdə tutulmayıb, həm də gələcəkdə burada, bütövlükdə, Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün münasibdir”.

Rusiya Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, Bakıya səfəri zamanı keçirilən görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması prosesinə müdaxilə cəhdləri də müzakirə olunub: “Məsələlərin geniş spektri müzakirə edilib. Bunlar, ilk növbədə, Cənubi Qafqazda təhlükəsizliklə bağlı olan məsələlərdir. Bu, Ermənistanla sülh müqaviləsi ilə bağlı məsələdir. Sülh müqaviləsinin onuncu variantı İrəvana verilib. Təbii ki, Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə çox fəal müdaxilə cəhdləri var”.

Qeyd edək ki, Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 44 günlük Vətən müharibəsinin başa çatmasından az sonra – 2020-ci ilin sonunda Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Az sonra bu əməkdaşlıq təşəbbüsü “3+3” adını alıb. Türkiyə, Rusiya və İran bu ideyanı alqışlayıblar. Həmçinin Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiya ilə münasibətlərinin pis olmasını əsas gətirərərk təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məşvərətçi regional platformanın ilk iclası keçirilmişdi. İkinci görüş isə beş ölkənin xarici siyasət idarəsi başçılarının iştirakı ilə 2023-cü ilin oktyabrında İranda baş tutmuşdu. Gürcüstan 2021 və 2023-cü ildə keçirilən görüşlərdən kənarda qalıb.

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyi gözlənilir. Bunu bir müddət öncə İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirmişdi. Ancaq Azərbaycanla sülhün əldə olunmasında maraqlı olmayan rəsmi İrəvan bu formatda baş tutacaq görüşdə iştiraka razılıq verməyib. Ermənistan xarici siyasət idarəsinin bununla bağlı yaydığı açıqlamada deyilir ki, “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Diplomatik dillə ifadə olunan bu açıqlama o deməkdir ki, hələlik rəsmi İrəvan növbəti görüşdə iştiraka razılıq verməyib. Hayastan rəhbərliyinin bu davranışı isə onların gerçək mahiyyətini aşkara çıxaran məqamdır. Rəsmi İrəvan bir daha öz xislətinə sadiq qalaraq, bütövlükdə, bölgədə sülhdə, sabitlikdə, əmin-amanlıqda və əməkdaşlıqda maraqlı olmadıdığını ortaya qoyur.

Gürcüstanın “3+3” formatında iştirakdan imtinası anlaşılandır. 2008-ci ilin avqustunda Rusiya–Gürcüstan müharibəsi baş vermişdir. BMT-yə üzv ölkələrin əksəriyyətinin Gürcüstanın tərkib hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri Rusiyanın müstəqil respublika kimi tanımasından bir qədər sonra – sentyabrın 3-də Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsmişdir. Bu baxımdan Gürcüstan hazırda Rusiya ilə hansısa formatda əməkdaşlığa ehtiyac duymur.

Ölkənin sabiq Xarici işlər naziri David Zalkaliani bildirmişdir ki, Gürcüstan ərazilərini öz nəzarəti altında saxladığı müddət ərzində Rusiya ilə əməkdaşlıq formatında iştirak etməyəcək. O qeyd etmişdi ki, bu formatda əməkdaşlıq, iştirakçı ölkələrin beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınmasına hörmət göstərmələrini tələb edir. Zalkaliani onu bildirmişdi ki, ölkəsi üçtərəfli formatda (Gürcüstan, Azərbaycan və Türkiyə) əməkdaşlığı uğurlu sayır.

Ermənistanla bağlı isə vəziyyət tamamilə fərqlidir. İrəvan torpaqlarımızı uzun illər işğalda saxlasa da, işğal faktı aradan qaldırıldıqdan az sonra Azərbaycan Ermənistana beynəlxalq hüquqa uyğun olan 5 maddədən ibarət prinsipləri təqdim etmişdir. Bu gün ölkəmiz qalib tərəf kimi qarşı tərəfə sülh əlini uzadır. Bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “3+3” formatı region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutur. Platforma təkcə region ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Bu barədə fikir yürüdən hər kəs onun üstünlüklərini vurğulayır. Ekspertlər onu da bildirirlər ki, əməkdaşlıq formatında iştirak Ermənistanın özünün də maraqlarına uyğundur.

Buna baxmayaraq, İrəvanın mövqeyi “3+3” formatında əməkdaşlığın inkişafına maneə kimi qalır. Düzdür, Ermənistan rəsmən formata qarşı çıxmır. Hətta, qeyd etdiyimiz kimi, 2021-ci il dekabrın 10-da Moskvada keçirilən görüşdə xarici işlər nazirinin müavini, 2023-cü ildə Tehranda keçirilən görüşdə isə xarici işlər naziri səviyyəsində təmsil olunub. Ancaq Ermənistanla Azərbaycan arasında bir sıra problemlərin hələ də həllini tapmaması, o cümlədən sülh müqaviləsinin imzalanmaması, İrəvanın regional kommunikasiyaların açılmasına imkan verməməsi iki ölkənin əməkdaşlıq imkanlarına mənfi təsir göstərir.

Diqqət yetirilməli məqamlardan biri də Fransa başda olmaqla bəzi Qərb ölkələrinin Ermənistanı “3+3” formatında əməkdaşlıqdan yayındıra biləcəyi ehtimalıdır. Heç kəsə sirr deyil ki, son vaxtlar Ermənistan–Rusiya münasibətlərində, necə deyərlər, soyuq yellər əsir. Buna paralel olaraq, İrəvanın Qərb ölkələri ilə münasibətləri daha da istiləşir. Ehtimal etmək olar ki, Qərb Rusiya–Ermənistan münasibətlərindəki çatları dərinləşdirmək üçün İrəvanı “3+3” platformasında iştirakdan yayındırır.

Bir müddət öncə isə ABŞ Senatının Xarici əlaqələr komitəsində dinləmələr zamanı dövlət katibinin müavini Ceyms O’Brayn Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə və bu məsələdə Moskvanın roluna toxunmuşdu. O qeyd etmişdi ki, Vaşinqton Azərbaycan Prezidenti və Ermənistan baş naziri tərəfindən sülhə nail olunması istiqamətində göstərilən səyləri qətiyyətlə dəstəkləyir. Ceyms O’Brayn onu da bildirmişdi ki, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi Rusiyadan üz döndərmək istəyir və ABŞ buna şərait yaradır. Ermənistan baş nazirinin “Rusiyadan ayrılmaq üçün cəsarətli addımlarını” alqışlayan amerikalı diplomat demişdi ki, ötən ilin sentyabrında Qarabağ ətrafında baş verən hadisələr Ermənistan–Rusiya münasibətlərində ciddi qırılmaya səbəb olub və Hayastan əhalisinin əhəmiyyətli hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. “Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq”, – deyə O’Brayn bildirmişdi. O qeyd etmişdi ki, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın aprel görüşündə Ermənistanın Rusiyadan asılılığını azaltmağa kömək etmək üçün yeni platforma yaradılıb.

ABŞ diplomatının açıqlamalarına münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Qərb Cənubi Qafqazda dağıdıcı gündəmi təbliğ edir. Onun əsas məqsədi Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini məhv etməklə regionun ərazisini parçalamaqdır.

İrəvanın regionda yaranmış yeni geosiyasi reallıqları dərk etməyərək, fərqli ünvanlara üz tutması, necə deyərlər, fərqli qapılar döyməsi onların düşdükləri dalanda hələ uzun müddət qalacaqları deməkdir. Ermənistan rəhbərliyi regiondakı məsələləri bölgə dövlətlərinin özlərinin həll etməsi yanaşmasını gec-tez qəbul etməlidir. Onlar başa düşməlidirlər ki, “3+3 formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, İrəvan xarici emissarların fikirlərini əsas götürməkdənsə, “3+3” formatına qoşulmalı, regionda yaranmış yeni geosiyasi və geostrateji imkanlardan yararlanmalıdır. Bu imkanların əsas təşəbbüskarı isə Azərbaycan dövlətidir: “Azərbaycan hər zaman regional inteqrasiyaya öz töhfəsini verib. Ölkəmiz hər zaman əməkdaşlıq platformasının yaradılmasında maraqlı olub. “3+3” formatı xalqların rifahına xidmət etməklə yanaşı, həm də sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Burada bütün dövlətlərin maraqları nəzərə alınır. Yəni, Cənubi Qafqazın 3 ölkəsi ilə yanaşı, Ankara, Moskva və Tehran da burada öz potensiallarını genişləndirə, geostrateji imkanlarını artıra bilərlər. Rəsmi İrəvan da rasional addım atmalı, “3+3” formatının Cənubi Qafqazın və bütövlükdə, regionun möhkəm, dayanıqlı təhlükəsizliyinə, ilk növbədə, bölgə xalqlarının inkişafına və tərəqqisinə xidmət edəcəyini anlamalıdır”.

Səxavət HƏMİD 
XQ

 



Siyasət