Liderlər və dünya nizamının arxitekturası

post-img

Yaxın 10 ildə dünyada xaos hökm sürəcək.

Bloomberg

Həqiqəti gizlədənlər

Əlbəttə, müasir dünyada dəqiq proq­noz vermək çox çətin, bəlkə də mümkün olmayan məsələdir. Lakin hadisələrin ümumi məntiqi baxımından bir sıra maraq­lı məqamları adyınlaşdırmaq olar. Bloom­berg də hansısa proqnozunda tam obyektiv mövqedə olmur. Buna baxmayaraq, onun 2018-ci ildə verdiyi və 2028-ci ilə qədər dünyada baş verə biləcək proseslərə aid olan proqnozu maraq doğurmuşdur. Orada D.Trampın ikinci dəfə prezident olacağı, Yaponiyanın nüvə silahı əldə edəcəyi və Putinin istefa verəcəyi yazılır. Proqnozda 2024-cü ildə Amerikanı böhran bürüyəcəyi də vurğulanmışdır. Facebook və Twitter-in çökəcəyi və yalan informasiyaların domi­nant olacağı fikri yer almışdır. Nəticədə in­sanlar həqiqətin harada olduğunu dərk edə bilməyəcəklər. 

Bu proqnozlardan hansının özünü doğruldacağı haqqında bəhs etmək fik­rindən uzağıq. Lakin insanların yalan in­formasiyalar əsasında həqiqəti dərk edə bilməyəcəkləri əsaslı ola bilər. İndi dünya miqyasında baş verən hadisələr göstərir ki, doğrudan da faktla onun izahı arasın­da məntiqi uyğunsuzluq vardır. Xüsusilə liderlərə qarşı sui-qəsdləri tamam fərqli arqumentlərlə izah etməyə çalışırlar. Hiss olunur ki, həqiqət gizlədilir və bu da çox təhlükəli tendensiyadır. Onun arxasında hansı məqsədlərin dayandığını araşdırmaq aktual məsələdir. 

Bu baxımdan “liderliyə sui-qəsdlər” bir qədər müəmmalı səslənir. Lakin son bir neçə, xüsusən son 1 ildə dünyanın müxtəlif qitələri, regionları və ölkələrində liderlərə qarşı törədilən sui-qəsdləri ümumilikdə li­derliyə olan qəsdlərin əlaməti kimi qəbul etmək olar. Nəzəri olaraq da elə bir baxış bucağı vardır ki, vurğulanan istiqamətdə baş verən hadisələrin hamısına liderliyə olan sui-qəsdlər kimi baxa bilərik. Yəni həmin yanaşmada liderlərə (kimliyindən və ölkəsindən asılı olmayaraq) olan sui– qəsdlər qlobal miqyasda özünü göstərən bir tendensiyanın – bütövlükdə, liderliyə qarşı hansısa münasibətlərin təzahürü ola­raq təsəvvür edilə bilər. Bu tezisin aydın olması üçün fikrimizi bir qədər də konk­retləşdirək.

Faktların işığında

2018-ci ildə eyni gündə Afrikanın iki ölkəsində, Zimbabve və Efiopiyada dövlət başçılarına qarşı sui-qəsd cəhdləri olmuş­dur. 2023-cü ildə isə Afrika və Latın Ame­rikasında liderlərə qarşı bir neçə sui-qəsd və ya dövlət çevrilişlərinə cəhdlər özünü göstərdi. Məsələn, Syerra-Leonada, Livi­yada, Venesuelada və başqa dövlətlərdə bu cür hadisələr baş verdi. Xüsusilə Af­rikada adəti üzrə silahlı qruplar maskalı halda liderin iqamətgahına hücum edir və sonra bəyanat verirlər. Onların kimliyini araşdıranda məlum olur ki, hansısa inkişaf etmiş ölkədə hərbi hazırlıq keçmiş xüsusi təyinatlılardır. 

Bu proses Afrika və Latın Amerikası ilə məhdudlaşmır. 2024-cü ildə Avropada Slovakiyanın Baş naziri Robert Fitsoya və bir neçə gün öncə ABŞ-da prezidentliyə namizəd D.Trampa qarşı sui-qəsd cəhdləri oldu. 

Nəhayət, hələlik “sonuncu” deyə bilə­cəyimiz “Həmas”ın siyasi qanadının lideri İsmayıl Haniyənin öldürülməsi faktı var­dır. İ.Haniyə barışıq danışıqlarında təşkilatı təmsil edirdi. Məhz “Həmas” (biz təşkila­tın terrorçu kateqoriyasına aid olub-olma­dığı məsələsinə baxmırıq, əsas olanı kimli­yindən asılı olmayaraq lider sayılan şəxsin öldürülməsi faktıdır) tərəfdən danışıqlara rəhbərlik edən insanın sui-qəsdlə öldürül­məsi bir sıra suallar yaratmışdır. Bundan əvvəl onun ailəsinə qarşı da sui-qəsd ol­muşdu.

Yaponiyanın keçmiş Baş naziri Abenin terror nəticəsində öldürülməsini, Gürcüs­tanın Baş naziri İ.Kobaxidzenin Avropa İttifaqı rəsmilərindən birinin “Fitosunun taleyini nəzər al” kimi hədə almasını və müxtəlif dövlət başçılarına qarşı baş tut­mayan sui-qəsdləri xatırlaya bilərik. Bun­ların fonunda İranın keçmiş prezidenti Rəisinin müəmmalı şəkildə həlak olması faktını vurğulamaq olar. 

Hər halda, qısa bir müddətdə, cəmi 2-3 il ərzində liderlərə qarşı (kateqoriyasın­dan asılı olmayaraq) sui-qəsdlərin artması hansısa tendensiyadan xəbər verirmi? Və ya bu prosesin səbəbləri mövcuddurmu? Çünki müasir dünyamız o qədər həssas və risklidir ki, hər yerdə hər şeyin baş verə biləcəyinə inananlar az deyil.

Liderlik və beynəlxalq hüquq

Məsələyə müxtəlif miqyaslardan bax­maq olar. Qlobal miqyasda özünü göstərən bir tendensiyanın prizmasında liderliklə bağlı maraqlı məqamları müəyyən etmək olar. Məsələ ondan ibarətdir ki, hələ keçən əsrin 90-cı illərindən dünyanın tanınmış si­yasiləri, alimləri, politoloqları və analitik­ləri bir geosiyasi xaosun yaranmaqda oldu­ğu barədə danışırdılar. Onlar bu vəziyyəti beynəlxalq miqyasda hüququn tapdanma­sına aparıb çıxardığı haqqında xəbərdarlıq edirdilər. Yəni dünyanın qlobal problemlə­rini qəbul edilmiş hüquq normaları çərçi­vəsində deyil, başqa üsullarla həll etmək meyli getdikcə artırdı. 

Düşündürücüdür ki, bu prosesin kö­kündə Qərbdə sosial, siyasi, geosiyasi ədalətsiziliyin dayandığı haqqında apa­rıcı elm adamları fikirlər söyləyirdilər. Məsələn, fransız sosioloq Mişel Turen XX əsrin 60-cı illərində Qərb siyasi düşüncə­sində ədalətsizliyin getdikcə daha çox yer aldığını və 70-80-ci illərdə “reyqanizm” və “tetçerizm” xətti ilə bunun sosial ədalətsiz­liyə transformasiya olunduğunu iddia edir. Sonrakı mərhələdə bu cür ədalətsizliklə beynəlxalq münasibətlərə sirayət etməyə və nəticədə dünya miqyasında geosiya­si maraqların ədalətsizlik əsasında təmin olunması üstünlük təşkil etməyə başladı. Dünyanın müxtəlif regionlarında yaradılan qanlı münaqişələr onun əlamətlərindən bi­ridir. 

Bunların fonunda “qeyri-sistem güc­lər” deyilən və əsasən terror təşkilatları­nın fəaliyyəti nəzərdə tutulan bir təhlükəli tendensiya gücləndi. Müxtəlif ölkələrdə sui-qəsdlər, terror aktları və onların bir-bi­rinə zidd məntiqlə izahı cəhdləri göstərirdi ki, dünya, bütövlükdə, daha təhlükəli bir duruma sürüklənir. Bu durumda sui-qəsd­lər, terrorlar, liderlər də daxil olmaqla kimlərinsə ölməsi və ya sağ qalması sse­narilərinin qurulması getdikcə bir qaydaya çevrildi. İndi adi insan üçün belə terror və ya sui-qəsd “olan şeydir” kateqoriyasında­dır. Bunların fonunda son bir neçə ildə ay­rıca liderlərə qarşı terror və ya zorakı üsulla dövlət çevrilişi cəhdləri sanki düşüncələrə bir “normallıq standartı” yeridir. Yəni adi insanlar öyrəşirlər ki, hansısa dövlətin baş­çısına qarşı sui-qəsd etmək olar. Və bəlkə də özlərindən süni arqumentlər quraşdırır­lar ki, inansınlar: “elə belə də lazımdır”!

Lakin daha dərinlərdən və ya qlobal miqyasdan bu prosesə baxanda olduqca təhlükəli bir tendensiyanın əlamətlərini görürük. Konkret olaraq, sanki hansısa tə­sirli dairələr problem saydıqları məsələləri hüquqla deyil, terrorla, sui-qəsdlərlə həll etməyə can atırlar. Bunun üçün şüurlarda liderlərə qarşı sui-qəsdləri adiləşdirməyə çalışırlar. Afrikanın dünya siyasətində elə də rolu olmayan ölkələrində liderlərə qarşı sui-qəsdlər törədiləndə düşünmək olardı ki, əsas hədəf onlar deyildir – dünya siyasi və geosiyasi düzəninə yeniliklər gətirməyə çalışan, yeni dünya nizamını, çoxqütblü dünyanı qurmağa cəhd edənlərdir. Buradan isə bir nəzəri sual yaranır: Məqsəd nədir?

Nəzəriyyə nə deyir?

II Dünya müharibəsindən sonra yara­dılan beynəlxalq hüquq keçən əsrin 90-cı illərindən daha güclü formada çökməyə başladı. Böyük dövlətlər öz maraqları­nı təmin etmək üçün haqsızlığa, süniliyə və güc hesabına məsələləri həll etməyə daha çox cəhdlər göstərdilər. BMT kimi təşkilat da öz vəzifəsinin öhdəsindən tam gələ bilmədi. 1994-cü və 1995-ci illərdə BMT-nin yüksək tribunasından bir sıra uzaqgörən siyasi liderlər bu barədə xəbər­darlıq edir və hüququn gözlənilməsinin təminatını tələb edirdilər. Onlar dünyanın xaosa sürükləndiyini əsaslandırırdılar. Eşitmədilər. 

Nəticədə müxtəlif regionlarda mü­naqişələr və onların haqsız tərəfini dəstək­ləyən böyük dövlətlər daha da fəallaşdı. Elə o dövrdən ortaya bir sual çıxdı: bey­nəlxalq hüquq işləmirsə, dünyanın nizamı­nı necə yeniləmək olar? Bu prosesdə hansı qüvvələr aparıcı rol oynaya bilər? Filosof­lar, politoloqlar, beyin mərkəzləri, anali­tiklər araşdırma sayəsində belə qənaətə gəldilər ki, xaosun artdığı bir dönəmdə li­derlik institutu aparıcı rol oynaya bilər. Bu da o demək idi ki, dünya miqyasında pro­seslərin məzmun və istiqamətində liderlər həlledici rol oynayacaqlar. 

Dünya üzrə hadisələrin gedişatı göstər­di ki, elmi araşdırmaların gəldiyi bu qənaət özünü doğruldur. Daha ünsiyyətcil, fəal, ədalətli və uzaqgörən siyasi liderlər dünya nizamının yenilənməsində ciddi rol oyna­ya bilərlər.

Liderliyin aparıcılığına fərqli reaksiyalar 

Təbii ki, bu gedişata hamı sevinmədi. Xüsusilə XX əsrin ikinci yarısından dünya­ya ağalıq edənlər imtiyazlarının əllərindən çıxması ilə barışmadılar. Hüquqla bunun qarşısını ala bilməzdilər, çünki tarix başqa tələbləri ortaya qoyurdu. Nəzəri desək, “dünya inforser sistemi” (dünya nizamını tənzimləyən və idarəedən dövlətlər qrupu) dərin böhran keçirirdi və bunun fonunda uduzanlar radikal müqavimət göstərməyə başladılar. Liderlərə sui-qəsd və terror bu sırada ön plana çıxmağa başladı. 

Yəni XXI əsrin başlanğıcından dünya miqyasında faktiki olaraq liderliyə qarşı qanunsuz və hüquqsuz savaşa başladılar. Rəqib saydıqları və yollarına çıxdıqlarını hesab edənlər, sadəcə, tətikçiyə arxalandı­lar. Afrika məsələsi isə, ümumiyyətlə hərbi düşüncədən “mülki liderliyə” keçidin bu qitədə bərqərar olmasını əngəlləmək və bü­tövlükdə, liderlərə sui-qəsdi adiləşdirmək, normaya çevirmək cəhdi kimi görünür. 

Daha riskli mərhələ

Belə görünür ki, bir sıra dairələr (açıq və ya gizli) dünyanın yenidən nizama sa­lınmasına qarşı daha kəskin addımlar at­maq mərhələsinə keçmişlər. Bir güclü döv­lət hansısa doktrina hazırlayır və yerləşdiyi regionda bütün dövlətləri ona tabe etməyə çalışır. Alınmayanda başlayır terrora. Yaxın Şərqdə bunu müşahidə edirik. Ora­da proseslərin məntiqi göstərir ki, kimlərsə daha çox sayda dövləti münaqişələrə çəkir. Bu zaman liderlərə qarşı yeni sui-qəsdlə­rin olması istisna deyildir. Özü də hazırkı mərhələdə kimsənin tam sığortası yoxdur. Atəşin haradan və kim tərəfindən açılaca­ğını öncədən bilmək xeyli çətindir. 

Cənubi Qafqazda da buna cəhdlər edir­lər. Lakin burada vəziyyəti sabit saxlaya biləcək geosiyasi güc olduğundan hələ­lik prosesləri müəyyən məcradan kənara çıxara bilmirlər. Mərkəzi Asiya və Uzaq Şərqin qarışması istisna deyildir. Burada hansısa münaqişə ocağı və ya liderə qəsd mümkündür. Qazaxıstan və Qırğızıstanda belə bir cəhd oldu, lakin nəticə vermədi. Prosesin dayandığı haqqında hələ elə bir arqument yoxdur. 

ABŞ-da eyni riskin mövcudluğunu demək lazımdır. Orada hansısa məqamda liderlərdən hansınasa, məsələn, D.Trampa qarşı sui-qəsd ola blər. Avropada belə bir təcrübə artıq vardır. Onun Cənubi Qafqaza transformasiyası istisna deyildir (Gürcüs­tanın baş nazirinin hədələnməsi). 

Necə yekun mənzərə alınır? Görünür ki, indi dünyanı qlobal miqyasda qarışıq­lığa və qeyri-müəyyənliyə sürükləyənlər daha da fəallaşmışlar. Bu, bir tərəfdən, beynəlxalq hüququn çöküşü deməkdir, digər tərəfdən isə bəzi liderlərin uğurlu olması ilə bağlıdır. Yeni uğurlu liderlər dünya nizamının arxitekturasını forma­laşdırırlar. Buna qarşı radikal addımlara üstünlük verənlər də passiv dayanmırlar. Deməli, “pərdəarxası savaş” yeni kəskin səviyyəyə yüksəlməkdədir. Sifarişçilərin kimləri harada və necə aktivləşdirəcəyi ay­dın deyildir. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



Siyasət