Haylar Roma papasına “meydan oxuyurlar”

post-img

Onların cavabını 22 il əvvəl II İoann Pavel özü verib

Ermənilərin dünyanın “ən ali irqi” olmaları barədə iddialarının üfiqləri o qədər genişlənib ki, indi də Müqəddəs Taxt-Tacın sahibinə dil uzatmağa başlayıblar. Hayların “Le Mouvement Arménien” adlı saytı Roma papasını Vatikanın Azərbaycandakı “erməni kilsələrinin albanlaşdırılması” ilə bağlı yalan mövqeyinə aydınlıq gətirməyə çağırıb. 

Söhbətin hansı “yalan”dan getdiyinə aydınlıq gətirməkdən ötrü əvvəlcə oxu­cuları ermənilərin qıcığına səbəb olan məqalə ilə tanış edək. Deməli, bu günlərdə Vatikanın yeganə rəsmi mətbu orqanı olan “L’Osservatore Romano” qəzetində “Xris­tianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib. Azərbaycana səfər edən qəze­tin əməkdaşı Rozzella Fabiani məqaləsin­də Azərbaycanda xristianlıq, qədim alban irsi, burada yaşayan müxtəlif dini icma­ların vəziyyəti, eləcə də tarixi faktlara və həqiqətlərə söykənən fikirlərə geniş yer ayırıb. Müəllif 1836-cı ildə çar I Nikolayın Alban kilsəsini ləğv edib Erməni Qriqo­rian kilsəsinə tabe etmək barədə qərarını diqqətə çatdırıb.

Məqalədə Qafqazda Alban Apostol Kilsəsinin yaranmasının eramızın IV əs­rinə təsadüf etdiyi bildirilir. Vurğulanır ki, qədim Qafqaz Albaniyası şimalda dağlar­dan cənubda Araz çayına, şərqdə Xəzər də­nizindən qərbdə Gürcüstan (o zaman İbe­riya) sərhədlərinə qədər uzanırdı. “Bu gün ərazisində udi icması sayəsində hazırda da mövcud olan bu qədim kilsənin izlərini aşkarlamaq üçün üç min kilometrə yaxın məsafə qət etdiyimiz Azərbaycan yerləşir. Qafqaz Albaniyası dünyada həvari Fad­deyin şagirdi vaiz Yeliseyin yaydığı xris­tian dinini qəbul edən ilk ölkələrdən biri olub”,– yazan müəllif qeyd edir ki, Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey onun öz sözlə­ri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanın həyatından ilhamlanaraq, Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsi­nin “toxumlarını” səpib.

Bu məqləyə görə “Le Mouvement Arménien” Roma Papasını Vatikanın Azərbaycandakı erməni kilsələrinin al­banlaşdırılması ilə bağlı yalan mövqeyinə aydınlıq gətirməyə çağırıb. Sayt Vatikanın “L’Osservatore Romano” qəzetində dərc olunan “Vatikanın yalançı mövqeyini” qəti şəkildə pisləyib. Məqalə müəllifini ittiham tonunda yazılmış müraciətində Qafqaz Al­baniyasının tarixi ilə bağlı hər şeyin qədim erməni mənbələrindən götürüldüyü, Azər­baycanın nəzarəti altında olan ərazilərdə qədim erməni kilsələrinin “albanlaşması” fonunda nəşrin belə bir məqaləni çap et­məsi “sinizm” adlandırılır. 

Vatikanın hayların eyforiya və riyakar­lıqla dolu müraciətinə hansı cavabı verəcə­yini bilmirik. Amma “Xalq qəzeti” olaraq biz, öz növbəmizdə, cavab əvəzi olaraq, 22 il bundan əvvəl Azərbaycan Respublikası­nın Prezidenti Heydər Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlmiş Roma papası II İoann Pavelin məhz bu mövzuya birbaşa aidiyyatı olan çıxışını ermənilərin diqqə­tinə çatdırırıq:

“Mən bu çox qədim məmləkətə onun mədəniyyətinin zənginliyinə heyranlığı­mı qəlbimdə hifz edərək gəlmişəm. Rən­garəngliyi və Qafqaza xas xüsusiyyətləri ilə zəngin olan bu ölkə bir çox mədəniy­yətlərin, xüsusilə fars və Altay-Turan mə­dəniyyətlərinin sərvətlərini özündə ehtiva etmişdir. Bu torpaqda böyük dinlər olmuş­dur və indi də var: zərdüştilik qədimdə çox mühüm rol oynayan xristian Alban kilsəsi ilə yanaşı mövcud olmuşdur. Sonralar, İs­lam getdikcə daha böyük rol oynarmışdır və bizim günlərdə o, Azərbaycan xalqının çox böyük əksəriyyətinin dinidir. İndiyə­dək yüksək dəyərləndirilən iudaizm də çox qədim zamanlardan bəri özünün tək­rarolunmaz töhfəsini vermişdir. Xristianlar kilsənin ilkin yüksəlişi zəifləyəndən sonra da başqa dinlərə etiqad edənlərlə yan-yana yaşamaqda davam etmişlər. Bu, ölkənizin haqlı olaraq fəxr edə biləcəyi dini dözüm­lülük və qarşılıqlı rəğbət ruhu sayəsində mümkün olmuşdur. Allaha üz tutur və Ona yalvarıram ki, qalmaqda olan gərgin­lik ocaqları mümkün qədər tez sönsün və hamı haqq-ədalət və həqiqət şəraitində sül­hə qovuşsun”.

Sonda oxuculara onu da xatırladaq ki, II İoann Pavel katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın müddət ərzində Azərbaycana səfər edən ilk Roma papası olub. 

İ.HƏSƏNQALA
XQ

Siyasət