COP marafonunun 29-cu Bakı finişi

post-img

Planetdə sənayeləşmənin sürətlənməsi, iqtisadi artımın baş verməsi və əhalinin artması istixana qazları emissiyalarının artmasına gətirib çıxarıb ki, bu da iqlim dəyişikliyini şərtləndirib. Belə bir şərait isə təbii ki, qlobal səviyyədə ciddi narahatlıq yaradaraq aktual problemə çevrilib. 

Bəs vəziyyətdən çıxış yolu barədə nə demək olar? Ekspertlərin fikrincə, mövcud təhlükəni inkişaf etməkdə və inkişaf edən ölkələrin birgə səyi ilə aradan qaldırmaq və dövlətlərin bu sahədə öhdəliklərinin icra­sına ciddi nəzarət mexanizmləri hazırlayıb hərəkətə gətirməkdir. 

Mütəxəssislərin fikrincə, bu məsələdə müəyyən təməl prinsipləri var və həmin prinsiplərə sadiqlik nümayiş etdirilməsi zə­ruri şərtlərdən biridir. Bu fikri bildirərkən, ilk növbədə, 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qəbul edilən Paris sazişi xa­tırlanır. Paris sazişində qlobal istiləşmənin 2°C-dən aşağı saxlanılması və 1,5°C ilə məhdudlaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulur. Ekspertlərə görə, adıçəkilən saziş çərçivəsində davamlı təşəbbüslər göstərilməsə, emissiyaların azaldılması üzrə hazırlanan planların icrasına səmərəli nəzarət mexanizmi yaradılmasa, məqsədin reallaşması qeyri-mümkündür. 

Yeri gəlmişkən, ekspertlər tərəfin­dən iqlim öhdəliklərinin icrasına nəzarət mexanizmlərinə monitorinq, hesabatlılıq və yoxlama sistemləri, maliyyə- texniki dəstək, eləcə də öhdəliklərin qiymətləndi­rilməsi, onların diqqətlə nəzərdən keçiril­məsi kimi prinsiplər daxidir. Bu sadalanan amillərin yüksək səviyyədə gerçəkləşdi­rilməsi şəffaflığın, hesabatlılığın mövcud­luğunu şərtləndirir, eyni zamanda, ölkələr arasında etimad, inam səviyyəsini artırır. 

Onu da qeyd edək ki, 2015-ci ildən ötən müddətdə – Paris sazişi qəbul edildiyi vaxtdan indiyədək adıçəkilən sənəddə qar­şıya mühüm vəzifə kimi qoyulan qlobal istiləşmənin 2°C-dən aşağı saxlanılması və 1,5°C ilə məhdudlaşdırılması məqsədinə lazımı səviyyədə yanaşılmayıb. Bu, İq­tisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) iqlim sahəsində tədbirlərinin moni­torinqi Beynəlxalq İqlim Fəaliyyəti Proq­ramının (IPAC) əhatə etdiyi və 51 ölkəyə yönəlmiş iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin icmalında diqqətə çatdırılıb. 

COP29-un müəyyən olunmuş prezi­denti, Azərbaycan Respublikasının eko­logiya və təbii sərvətlər naziri Muxtar Babayevin Tərəflərə və Həmfikir Qruplara ünvanladığı məktubda da Paris sazişinin qlobal istiləşmənin 2°C-dən aşağı saxla­nılması və 1,5°C ilə məhdudlaşdırılması öhdəliyi ilə bağlı məsələyə xüsusi önəm verilib: “Biz 1,5°C hədəfinə hamılıqla nail olmaq və heç kimi geridə saxlamamaq üçün bir çox kəsişən müstəvilərdə birgə və ahəngdar iş nümayiş etdirməliyik. Həm­çinin biz iqlimlə bağlı bütün istiqamətlər üzrə irəliləməklə yanaşı, qlobal, regional, milli və sub-milli qrupları da bu prosesə cəlb etməli, dayanıqlı inkişafı hərtərəfli nəzərdən keçirməli və inklüziv nəticələri təmin edən inklüziv proses çərçivəsində bütün demoqrafik qrupları ehtiva etməli­yik. Ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi ilə bağlı COP29-un pers­pektiv baxışının əsasında məhz bu məqsəd dayanır”.

Yuxarıda adıçəkilən İƏİT-in həmin he­sabatı da göstərir ki, iqlim dəyişmələrinin nəticələrinin azaldılması üzrə öhdəliklər Paris sazişinin məqsədlərini gerçəkləşdir­mək üçün lazımi səviyyəyə çatmır. Belə ki, Paris sazişinin yüzilliyin sonuna qədər temperaturu 1,5°C-ə qədər məhdudlaşdır­maq hədəfinə nail olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını qlobal şəkildə 2019-cu illə müqayisədə 43 faiz azaltmaq nəzərdə tutulur. Lakin İƏİT dövlətləri və bu quruma tərəfdaş ölkələr tərəfindən 2020-ci il emissiyaları ilə müqa­yisədə tullantıları müvafiq olaraq 28 faiz və 5 faiz azaltmaq öhdəlik kimi qəbul edi­lir. 

Yuxarıda adıçəkilən hesabatda vurğu­lanır ki, Paris sazişinin hədəfini reallaş­dırmaq üçün proqnozlaşdırmaya əsaslan­maqla İƏİT və təşkilatın tərəfdaşı ölkələr emissiyaların azaldılması üzrə çəqsədləri, ümumilikdə, ən azı daha 30 faiz artırma­lıdır.

İcmalda, həmçinin bildirilir ki, qəbul olunan və İƏİT-in riayət etdiyi iqlim qə­rarlarının artım sürəti 2022-ci ildə ləngiyib. Həm adıçəkilan təşkilat, həm də bu qurum­la tərəfdaş ölkələrin keçirdikləri milli iqlim tədbirlərinin artım sürəti 2022-ci ildə yal­nız 1 faiz artıb. 2000-2021-ci illər ərzində qəbul edilən qərarların orta artım sürəti isə 10 faiz olub.

Ekspertlərin bununla bağlı rəylərində İƏİT-in diqqət mərkəzində saxladığı iqlim qərarlarındakı artım sürətində nəzərə çar­pan ləngimənin qarşısını almaq üçün, ilk növbədə, ölkələrin mövcud siyasətlərini sərtləşdirmək və ya hazırda geniş istifadə olunmayan yeni strategiyalar qəbul etmək zəruri sayılır. Eləcə də bu zaman tikinti və nəqliyyat sektorlarında karbon qiymətləri­nin müəyyənləşdirilməsi, qadağalar və qa­zıntı yanacağı hasilatı və ya yaxud qazıntı yanacağına əsaslanan infrastrukturdan mərhələli imtina problemin həllində önəm­li amillər hesab edilir. 

İƏİT-in iqlim sahəsində tədbirlərin monitorinqi icmalında, eyni zamanda, 14 ölkənin 2010-2020-ci illər ərzində emis­siyalarının artması, Braziliya, Çin Xalq Respublikası, İndoneziya və Hindistan kimi ölkələrdə emissiyaların hələ də yük­səldiyi, amma gözlənilən pik həddə çat­madığı vurğulanır. Yeri gəlmişkən, icmal­da 2020-ci ildə emissiyaların artımının 2010-cu il səviyyəsi ilə müqayisədə Çin­də 34 faiz, Hindistanda isə 37 faiz olaraq qiymətləndirilir. 

Bu məqamda Ümumdünya Səhiyyə Təşkilatının məlumatına da diqqət yetir­mək yerinə düşər. Bildirilir ki, hər il 8 mil­yon insan ekoloji təsirlər üzündən həyatı­nı itirir. Hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Ya­poniya isə 1,170 milyard ton CO2 emissi­yası buraxır.

Mütəxəssislərin məlumatına əsasən, qlobal istixana qazı emissiyalarının 29 fa­izini təşkil edən 22 İƏİT dövlətində və 8 İƏİT tərəfdaş ölkəsində 2022-ci ildə iqlim dəyişmələri ilə mübarizə tədbirləri aktiv­ləşdirilib. Bu, ilk növbədə, sıfır emissiya­lar üzrə yeni və ya gücləndirilən öhdəliklər hesabına reallaşdırılıb. 

Bildirilir ki, iqlim öhdəliklərinin icra­sına səmərəli nəzarət mexanizmləri Paris sazişinin məqsədlərinə və qlobal iqlim da­yanıqlılığına nail olmaq üçün əsasdır. Moni­torinq, hesabatlılıq və yoxlama ölkələrə və beynəlxalq ictimaiyyətə irəliləyişi izləmək, problemləri aşkarlamaq və iqlim dəyişikliyi ilə daha səmərəli mübarizə üçün strategiya­ları tənzimləmək şəraiti yaradır. 

Texniki və maliyyə potensialının inki­şafı, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək iqlim öhdəliklərinin uğurla həyata keçirilməsində əsas rol oynayır. Bundan başqa, qiymətləndirmə və nəzərdən keçir­mə mexanizmləri ölkələrin öz planlarını təkmilləşdirməsinə və əldə edilmiş təcrü­bəyə, habelə yeni elmi sübutlara əsasla­naraq ambisiyalarını yüksəltməyə imkan verir.

Gələcəkdə dəyişən iqlim çağırışları­na adekvat cavab verilməsi üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və tək­milləşdirilməsi davam etdirilməlidir. Bey­nəlxalq ictimaiyyət iqlim hədəflərinə nail olmağa və ortaq gələcəyi qorumağa kömək edəcək daha ədalətli və dayanıqlı sistemin qurulması üzərində aktiv şəkildə çalışma­lıdır.

Ekologiya