Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Son hesabatı dünya KİV-ləri tirajlamayıb
“Freedom House” hüquq müdafiə təşkilatı “Keçid dövründə olan ölkələrdə demokratiya” adlı hesabatını təqdim edib. İyulun 12-də açıqlanan hesabatda Mərkəzi Avropa və Mərkəzi Asiya regionlarının 29 ölkəsi üzrə demokratiyanın vəziyyəti qiymətləndirilib. Bu sırada qurum Cənubi Qafqaz ölkələrinə də yer ayırıb və ənənəsinə sadiq qalaraq, Azərbaycanın adını Ermənistanla Gürcüstandan geri sıralarda göstərməyə çalışıb. Ermənistan və Gürcüstanı “avtoritazmdən demokratiyaya keçid edən hibrid rejimli” ölkələr, Azərbaycanı isə “sabit avtoritar rejimli” ölkə adlandırıb.
Təşkilat internet azadlığının səviyyəsini qiymətləndirən digər hesabatında da Azərbaycanı neqativ tonda təsvir edib. “Azadlığın qlobal statusu” kateqoriyasında Azərbaycan qeyri-azad ölkə, Ermənistan və Gürcüstan isə qismən azad ölkələr adlandırılıb. Bir sözlə, “Freedom House” son 13 il ərzində yayımladığı hesabatlarda Cənubi Qafqaz ölkələri barədə nə yazıbsa, eynisini 2024-cü ilin 12 iyul açıqlamasında təkrarlayıb. 2013, 2015, 2018-ci illərdə üzə çıxan qərəz, konyuktura 2024-cü il hesabatının da ruhuna hopub. Tendensiya, üslub, hətta, cümlələr də dəyişməyib. Təqvimi yeniləməklə köhnə mətnləri yenidən dərc ediblər. Halbuki, qeyd edilən dövr ərzində regionda ciddi dəyişikliklər baş verib.
2018-ci ildə Ermənistanda hakimiyyətdə olan rejim xalq tərəfindən devrilib. Səbəb kimi devrilən rejimin mürtəce xarakteri, qeyri-insani rəftarları göstərilib. Ermənistan xalqı Serj Sarkisyana despot, avtoritar rejim başçısı, Paşinyana isə demokrat deyir. “Freedom House” isə bu ikisinin arasında bərabərlik işarəsi qoyur. Həm Sarkisyan rejimi dövründə olan Ermənistanı, həm də Paşinyanın idarəçiliyində olan Ermənistanı “demokratik, azad ölkə” adlandırır. Paradoksal yanaşma hesabatlardakı qeyri-obyektivliyi biruzə verir. Bir sözlə, ermənipərəst mövqe “Freedom House” təşkilatını gülünc, qeyri-ciddi duruma salır.
Belə qeyri-ciddiliyin nəticəsidir ki, dünyanın heç bir məşhur kütləvi informasiya vasitəsi təşkilatın son hesabatını tirajlamayıb, ona yer ayırmayıb. İndiki hesabat geniş diqqət qazanmayıb. İş o yerə çatıb ki, heç ABŞ-də fəaliyyət göstərən trans-milli KİV-lər də “Freedom House”un 12 iyul hesabatına diqqət ayırmayıb. İnternet axtarış sistemlərindən görünür ki, nə “Azadlıq” radiosu, nə “Amerikanın səsi”, nə də digər transmilli KİV-lər 12 iyul hesabatına istinad etməyib. Xatırladaq ki, adı çəkilən KİV-lər adəti üzrə Azərbaycana aid neqativ tonlu informasiyaları zərrəbbinlə axtarırlar. Ən elementar faktları qeydə alıb kontekstdən çıxarıb, ölkəmizə qarşı qara piar elementinə çevirirlər. Amma bu dəfə vəziyyətin qeyri-ciddiliyini fərq ediblər. Gülünc günə düşməmək üçün, “Freedom House” təşkilatının son hesabatını tirajlamayıblar.
12 iyul hesabatını yeganə olaraq Ermənistan KİV-ləri ciddiyə alıblar. News.am portalı “Freedom House” təşkilatına söykənərək, Azərbaycan haqqında qara fikir formalaşdırmaq istəyib (https://news.am/rus/news/833861.html#google_vignette).
“Freedom House” 15 gün öncə – iyulun 1-də ictimailəşdirdiyi “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlıqlı “xüsusi hesabatında” da eyni davranışı sərgiləmişdi. Həmin hesabata baxanda aydın görünürdü ki, “Freedom House” öz hesabatlarını erməni şəbəkəsinin təkcə sifarişi ilə deyil, həm də ermənilərin birbaşa iştirakı ilə hazırlayıb. Hesabatda Azərbaycanı təmsil edən heç bir quruma istinad edilmir.
“Freedom House” Azərbaycana qarşı həmişə qərəzli olub. Hətta Qarabağ torpaqları işğal altında olan vaxtlarda da Ermənistanın mövqeyindən çıxış edib. İşğalın bitməsindən sonra isə Azərbaycana qarşı bəyanatlarını sərtləşdirib və intensivləşdirib. Təkcə 2024-cü ilin 1-ci yarısında Qarabağ üzrə iki hesabat yayıb və hər birində faktları saxtalaşdırıb.