2024-cü il sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı gündən-günə artır. Artıq 22 siyasi partiya seçkilərdə iştirak etmək istəyini bildirib və səlahiyyətli nümayəndələrinin adlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçkilərə qatılmaq istəyən siyasi partiya nümayəndələrinin sayı 168 nəfərə çatıb. Ümumiyətlə, hansı siyasi partiya neçə namizədlə növbədənkənar parlament seçkilərinə qatılacaq?
Bu sualla bir neçə siyasi partiya funksionerlərinə müraciət etdik.
Demokratik İslahatlar Partiyası Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib və seçkiyə 17 namizədlə qatılır. Partiyanın sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi–Yasamal Seçki Dairəsindən irəli sürüb. DİP artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Ümid Partiyasının sədr müavini Taleh Əliyev partiyanın seçki hazırlığının çoxdan başlandığını qeyd edib: “Partiyamız seçkidə75 namizədlə iştirak etmək niyyətindədir. Bu namizədlərdən artıq 60 nəfərin dairəsi müəyyən olunub, qalan 15 nəfərin də dairəsinin müəyyən olunması işləri aparılır. Ola bilər ki, seçkidə dəstəkləyəcəyimiz müstəqil namizədlər olsun, amma heç bir partiya ilə ittifaq məsələsi yoxdur. Sədrimiz İqbal Ağazadə 36 saylı Xətai–Suraxanı seçki dairəsindən namizəd olacaq”.
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərlinin dediyinə görə, partiya ötən prezident seçkisindən başlayaraq, seçki qərargahı yaradıb. Hələ ki namizədlərin sayı 13 olsa da, proses yekunlaşmadığı üçün bu rəqəm arta bilər. Sayın az olmasının əsas səbəbi maddiyyatdır, çünki seçki böyük resurs tələb edən bir prosesdir.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar parlament seçkilərinə fəal hazırlaşdıqlarını deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya parlament seçkilərində iştirak edəcək: “Hələlik namizədlərin sayı ilə bağlı qərar yoxdur, amma iş gedir”.
Azad Vətən Partiyasının sədri Akif Nağı bu seçkilərin xüsusi önəmi olduğunu vurğulayıb. Ona görə də seçkidə iştirak etməyi qərara alıblar. O, namizədlərin müəyyənləşdirilməsi barədə yaxın günlərdə qərar qəbul ediləcəyini bildirib.
Sərdar Cəlaloğlu, Azərbaycan Demokrat Partiyasının sədri: “ Seçkilərdə maksimum namizədlə iştirak edəcəyik”.
Azərbaycan Xalq Partiyasının sədr müavini Qiyas Sadıqov təşkilatın seçkidə iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, AXP-nin seçkilərdə təxminən 20 namizədinin olacağı planlaşdırılıb. Partiyanın sədri Pənah Hüseyn də seçkilərə namizəd kimi qatılacaq.
Yeni Zaman Partiyasının sədri Musa Ağayev seçkilərə yaxşı hazırlaşdıqlarını, partiyanın ən azı 50 dairədən namizədlə iştirak edəciyini deyib.
Ədalət, Hüquq, Demokratiya Partiyasından verilən məlumata görə, təşkilat növbədənkənar parlament seçkilərində fəal iştirak edəcək. Artıq hazırlıq prosesinə başlanılıb: “Qanunvericiliklə ən azı 60 dairədən namizəd olmalıdır ki, ödənişsiz efir vaxtından istifadə edək. ƏHD partiyasının buna potensial imkanı var. Bu baxımdan növbədənkənar parlament seçkilərində çoxlu namizədlə iştirak edəcəyik.
Ağ Partiyanın başqanı Tural Abbaslı seçkidə maksimum mandat hədəflədiklərini deyib. Partiya sədri vurğulayıb ki, artıq 80-dən yuxarı namizəd müəyyən olunub: “Biz çalışırıq ki, 125 dairəni də əhatə edək. Artıq təşkilat şöbəsi mümkün namizədlər və onların imza toplayan komandası, təbliğat-təşviqat, piar işləri ilə bağlı addımlar atır. Seçki qərargahımız aktiv şəkildə fəaliyyətdədir. Özüm isə 25 saylı dairədən namizəd olacağam”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi partiyanın bu seçkilərdə təxminən 35-40 nəfərlə iştirak edəcəyini bildirib. O, ötən dəfəki kimi, İmişli rayonundan namizəd olacağını bildirib.
VHP-nin sədr müavini Samir Əsədlinin sözlərinə görə, Vətəndaş Həmrəyliyi Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək: “Hələ ki 50 dairədə namizədlərimiz dəqiqləşib, amma ümumən 80 namizədlə iştirak etməyi düşünürük”.
Hazırladı:
Əliqismət BƏDƏLOV
XQ