Seçki məntəqələri hazırlıq işlərini yekunlaşdırmaq üzrədir

post-img

Bu il sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə hazırlıq işləri davam edir. Hazırda depuatatlığa namizəd olmaq istəyənlər sənədlərini dairə seçki komissiyalarına təqdim edir, namizədlikləri təsdiqlənənlər isə imzatoplama kampaniyasına start veriblər. Seçkilərin mütəşəkkil keçirilməsində məntəqə seçki komissiyalarının da üzərinə müəyyən vəzifələr düşür. Hazırlıq işlərini davam etdirən seçki məntəqələrindən biri də 66 saylı Saatlı seçki dairəsinin 5 saylı məntəqə seçki komissiyasıdır. Məntəqəyə Çingiz Fətullayev sədrlik edir. Onun bu sahədə zəngin təcrübəsi var. 20 ilə yaxın müddət ərzində prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bütün seçkilər mütəşəkkil, aşkarlıq şəraitində keçirilib və heç bir qanun pozuntusu qeydə alınmayıb.

Seçki məntəqəsinin sədri söhbət əs­nasında dedi ki, bütün işlərimizi qanun çərçivəsində həyata keçiririk. Seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlər sistemli şəkildə və keyfiyyətlə icra edirik. Metodi­ki yardım göstərilməsi və fəaliyyətimizin səmərəliliyinin artırılması məqsədilə MSK tərəfindən hazırlanmış seçki prosesinin bütün mərhələlərini əhatə edən təqvim planı komissiyalara təqdim edilib. Artıq MSK tərəfindən hazırlanmış “Yaddaş ki­tabçaları” da komissiya üzvlərinə təqdim edilib. Belə metodiki vəsaitlər seçki zama­nı qarşıya çıxan problemlərin aradan qal­dırılmasında mühüm rol oynayır.

Sədr dedi ki, bu seçkilərdə də intensiv şəkildə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı ma­arifləndirmə kampaniyasına start verilib. MSK tərəfindən keçirilən treninqlər ko­missiya üzvlərinin bilik, bacarıq və peşə­karlıq səviyyəsinin daha da yüksəldilmə­sində mühüm rol oynayır.

Maarifləndirmə proqramlarında seçki məntəqələrinin səsverməyə hazırlanma­sı, səsvermə prosesi, seçki günü istisna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün pro­sedurlar barədə aydın və müfəssəl məlu­mat əldə edirik.

Növbədənkənar parlament seçkilərin­də 5 saylı seçki məntəqəsində 962 seçi­cinin səs verəcəyini bildirən Ç.Fətullayev seçici siyahılarının hazırlandığını bildir­di: “Artıq seçici siyahılarının asılacağı yerləri də müəyyənləşdirmişik. Bundan əlavə, məntəqənin yaxınlığında namizəd­liyi qeydə alınanların təbliğat-təşviqatının aparılması üçün dəmir lövhələr quraşdı­rılıb. Seçki keçiriləcək otaqda komissiya üzvləri və müşahidəçilər üçün müvafiq yerlər ayrılıb. Müşahidəçilərin seçkini sərbəst izləmələri üçün hər cür şərait ya­radılıb. Seçkilərin aşkarlıq şəraitində ke­çirilməsində müşahidəçilərin rolu böyük­dür. Seçicilər 8 kabinədə səs verəcəklər. Artıq kabinələr də quraşdırılaraq hazır vəziyyətə gətirilib. Daşınan və daşınmaz qutular seçki məntəqəsində saxlanılır. Hələlik evdə səs verəcək seçici müraciət etməyiblər. Hamı seçki məntəqəsinə gə­lib şəxsən səs vermək arzusundadır.

Ç.Fətullayev bu seçkilərdə də bar­maqların gözlə görünməyən mürəkkəblə işarələnməsi üsulundan istifadə oluna­cağını bildirdi. Dedi ki, əvvəlki seçkilər­də məntəqəmizdə müşahidə aparan beynəlxalq müşahidəçilər bu üsulu çox bəyəndilər. Bununla yanaşı, məntəqədə veb-kamera da quraşdırılıb. Həmin gün elektrik enerjisinin fasiləsiz təminatı üçün məntəqə yaxınlığında generator da qoyu­lub. Qalan bir işimiz isə bildirişlərin pay­lanılmasıdır. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşmalıdır. Artıq səs verəcək ən yaşlılar da müəy­yənləşib. Bizim 92 yaşdan yuxarı 4 seçi­cimiz var”. 

Məntəqə sədrinin köməyi ilə həmin seçicilərdən biri ilə əlaqə saxladıq. Firuzə Teymurova dedi ki, onun 92 yaşı var. Bu vaxta qədər keçirilən seçkilərdə həmişə seçki məntəqəsinə gedib və şəxsən səs verib: “Bu seçkilərdə də özüm səs verə­cəyəm. Seçki məntəqəsindən mənimlə bir neçə dəfə əlaqə saxlayıb deyiblər ki, əgər hər hansı bir narahatlığınız varsa, evinizə seçki qutusu gətirək və səsvermə­də iştirak et. Razı olmamışam. Demişəm ki, özüm seçki məntəqəsinə gələcəyəm və istədiyim namizədə səs verəcəyəm. İndi seçki ərəfəsində heç kimlə qabaq­cadan sövdələşmə aparmırlar və kiməsə səsvermə zamanı təzyiq göstərmirlər. Bu şəraiti yaradan dövlətimizə, onun başçısı­na minnətdarlığımı bildirirəm”.

Son xəbərlər