Millerin kompromis və çətin qərarlar məntiqi

post-img

ABŞ-nin məqsədi nədir?

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı açıqlaması maraqlıdır. Cənab Millerin nədən danışdığına diqqət yetirəcəyik. Amma əvvəlcə bir məqamı vurğulayaq. 

***

Artıq neçə müddətdir ki, Birləşmiş Ştatlar Bakı–İrəvan münasibətlərində, bir növ, vasitəçiliyə can atır. Daha doğrusu, vasitəçilik məsələsini diriltməyə çalışır. Əlbəttə, burada konkret məqsəd var: Rusiyanı Cənubi Qafqazdan sıxışdır­maq. Belə başa düşmək olar ki, Cənubi Qafqazda sülh mühitinin formalaşması təkcə Kremli bölgədən uzaq tutmağa he­sablanıb. Vaşinqtonda başqa təfərrüatlar üzərində dayanılmır. Bu isə qeyri-səmimi ab-hava yaradır. 

Əslində, ABŞ Azərbaycan–Ermənis­tan sülh gündəminin təfərrüatlarına bir o qədər önəm vermir. Çünki bir sıra açıq qalan məsələlər var ki, onlardan ümu­miyyətlə söz açılmır. Məsələn, götürək elə Azərbaycanın Naxçıvana maneəsiz yol tələbini. Ermənistan rəhbərliyi hə­min yolda sərhəd və gömrük nəzarəti həyata keçirməkdən dəm vurur. İstəyini ölkənin ərazi bütövlüyü və suverenliyi kontekstində əsaslandırıb spekulyasiya yolu tutur. Rəsmi Bakı isə tələbinin ye­rinə yetməyəcəyi təqdirdə, Naxçıvana yolun İran ərazisindən keçəcəyini bildirir. Bu variant isə Birləşmiş Ştatların heç xo­şuna gəlmir. Ölkə ötən il mövzu ilə bağlı sərt münasibət də ortaya qoymuşdu. Elə təəssürat yaranmışdı ki, Naxçıvana yol İrandan keçsə, Vaşinqton Azərbaycana təzyiq göstərməyə başlayacaq, sanksiya tətbiqinə start verəcək. 

Vaşinqtonda yaxşı anlayırlar ki, Nax­çıvana yolun İrandan keçməsi Ermənis­tanın təcriddə qalması deməkdir. Ölkə təcriddə qalacaqsa, deməli, özü özünü dolandırmaq imkanından məhrum du­ruma düşəcək. Quyuya isə su tökməklə sulu olmur. Nəticə etibarilə təcrid duru­mu Ermənistanda 2018-ci il inqilabı ilə formalaşmış Qərbyönümlü düzəni riskə atacaq. Deməli, sülh həm də buna görə lazımdır. 

Bəli, ABŞ-nin son bir neçə ayda­kı vasitəçilik trayektoriyasında bu kimi məsələlərin üzərində dayanılmır və bir­başa elə rəy formalaşır ki, sanki Azərbay­canla Ermənistan arasında sülh müqa­viləsinin imzalanması an məsələsidir. Bu məsələdə ölkəmizin rəhbərliyinin Er­mənistan konstitusiyasının dəyişdirilmə­si tələbi ilə əldə etməyə cəhd göstərdiyi maksimum təminat istəyi də sükutla qar­şılanır. Elə isə keçək Millerin indi nələr­dən söz açmasına.

Bəli, ABŞ Dövlət Depar­tamentinin sözçüsü, digər həmkarları kimi bildirir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıq­larda əhəmiyyətli proqres var. Miller keçirdiyi ənənəvi brifinqdə onu da deyib ki, Vaşinqton tərəfləri sülh sa­zişi bağlamağa çağırmaqda davam edir. 

“İki ölkə arasında sülh sazişi onlar üçün, eləcə də regionda sülh, sabitlik və təhlükəsizlik baxımından bö­yük əhəmiyyət daşıyacaq”. Cənab Miller bunu da bə­yan edib. Yenə də təkrarçılıq olsa da, ABŞ rəsmisinin nə isə deməli olduğu reallığını nəzərə alaq. Yəni, onu başa düşək. Millerin tərəflərin ra­zılığa gəlməsinin mümkünlü­yü ilə bağlı dilə gətirdiklərini də həmçinin. 

Ancaq departament sözçüsünün bildirdiklərində son vaxtlar ABŞ rəsmiləri tərəfindən səsləndirilməyən bir məsələ də var. Bu, onu deməyə əsas verir ki, sülh danışıqları heç də rəvan müstəvidə getmir. Belə ki, Miller Bakı ilə İrəvanın ra­zılığa gəlməsinin mümkün­lüyünə inandığını açıqlasa da, bunun üçün hər iki tərəf­dən çətin qərarlar və ciddi kompromislər tələb olundu­ğunu vurğulayır. 

Mövcud durumda belə nəticəyə gəlmək mümkün­dür ki, Millerin təbirincə desək, tərəflər Vaşinqtonda keçirilmiş son danışıqlar za­manı irəliləyiş əldə etsələr də, bu irəliləyişin detalları qeyri-müəyyəndir. Elə söz­çü də həmin detalları açıq­lamır. Daha doğrusu, açıq­lamaqdan çəkinir, yaxud imtina edir. Deməli, irəlilə­yişlərin məzmunu kom­promislərin və çətin hesab edilən qərarların mahiyyə­tindən daha az əhəmiyyətli­dir. Belə qənaətə gəlirik ki, obrazlı desək, neçə vaxtdır haqqında söz açılan arı bal arısı deyilmiş. 

Bəs kompromis və qə­rarların çətinliyi necə ara­dan qalxacaq? M.Miller mövcud istiqamətdə də de­talları açıqlamır. Yalnız onu bildirir ki, Vaşinqton yekun razılaşmanın əldə olunma­sına və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdə davam edəcək. Onun vurğuladığı başlıca məqamlardan biri isə budur: “Razılaşma hələ əldə olun­mayıb və biz razılaşma əldə olunanadək dayanmayaca­ğıq”.

***

Göründüyü kimi, orta­da konkret heç nə yoxdur. Yaxud da açıqlanası olan yenilik istisnadır. Bu, o deməkdir ki, qeyri-müəy­yənlik mühiti ömrünü sür­dürməkdədir. Halbuki, Bir­ləşmiş Ştatlar rəsmilərinin əvvəlki açıqlamalarındakı nikbinlik tonu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən yaxın zamanda imzalanacağını söyləməyə əsas verirdi. O zaman belə düşünə bilərik ki, Millerin açıqlaması yalnız ABŞ-nin vasitəçilik missiya­sından geri durmayacağına, mövcud istiqamətdə inad göstərəcəyinə dair mesaj­dan başqa bir şey deyil. Bu mesajdan daha çox vasitə­çilik adı ilə qlobal rəqabət müstəvisindən qaçmamaq əzmi nəzərə çarpır, nəinki gerçək sülh uğrunda müba­rizə aparmaq istəyi. Çünki sülhün olmasını istəyən tərəf indiyədək təfərrüatla­rı açıqlayar, əslində, kimin, hansı tərəfin prosesdən ya­yındığını bəyan edərdi. 

Yeri gəlmişkən, sülhdən yayınan tərəf Ermənistan və bu ölkənin rəhbərliyidir. Nəzərə alaq ki, rəsmi İrə­van və ona yaxın dairələr barış gündəminə yeni ele­ment daxil etmək istəyirlər. Söhbət Qarabağ ermə­nilərinin bölgəyə qayıtma­ları məsələsindən gedir. Məlumdur ki, məsələ za­man-zaman manipulyasiya predmetinə çevrilib. Mani­pulyasiyanın isə Ermənista­na yeni reallıqlar formalaş­dırmaq, vaxt udmaq üçün lazım olduğu heç kəsə sirr deyil. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət