“Səlibçilər”in Qafqaza növbəti “yürüşü”

post-img

Ermənistanda start götürən ABŞ–Ermənistan birgə hərbi təlimlərin ABŞ–Aİ–Ermənistan üçlüyünün 5 aprel Brüssel “tamaşasının” davamı olduğunu söyləyə bilərik. Bu təlimləri üçtərəfli separat anlaşmanın bir qolu kimi də dəyərləndirmək olar. Digər istiqamət isə həmin kollektiv Qərbin ermənilərin Qarabağa qayıtması məsələsini davamlı olaraq gündəmə gətirmək cəhdləridir. Azərbaycana qarşı düşünülmüş “böyük planın” tərkib hissəsi sayıla biləcək bu fəaliyyətlər bölgədə marağı olan Rusiya və İranın gözləri qarşısında həyata keçirilir. Kollektiv Qərbin, Fransanın, ABŞ-nin Ermənistan üzərindən Qafqaza çeşidli müdaxilələri fonunda Moskva ara-sıra etiraz bəyanatları səsləndirdiyi halda, rəsmi Tehran, ümumiyyətlə, səsini çıxarmır. ABŞ-nin timsalında NATO az qala qulağının dibinə qədər yerisə də, İran susur... Tehranın müşahidə olunan bu maraqlı mövqeyi həm də bəzi ehtimal və fərziyyələrə yol açır. 

* * * 

Son vaxtlar okeanın o tayından diplo­matların, missionerlərin İrəvana səfərləri bir-birini əvəzləyir. İyulun əvvəlində sena­tor Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti, onun ardınca USAID rəhbəri Saman­ta Pauer Ermənistanda olublar. Üç gün bun­dan əvvəl isə ABŞ Dövlət katibinin müavini Uzra Zeya İrəvanda maraqlı görüşlər keçirib. Rəsmi məlumata əsasən, İrəvanda hökumət rəsmiləri ilə görüşlərində “erməni-amerikan əməkdaşlığının gücləndirilməsi, Ermənista­nın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələ­rində nailiyyətlərinin təbliği” kimi məsələlə­ri müzakirə edib. Baş nazir Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında sülh danışıqları prosesini müzakirə edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ Dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitli­yin təmin olunmasına töhfə verməkdə davam edəcək”, – məlumatda deyilir. 

Kollektiv Qərbin emissarlarının bölgəyə səfərlərini Moskvada da diqqətlə izləyir və yeri gələndə buna reaksiya verirlər. “Ame­rikalıların Cənubi Qafqazda peyda olma­sı bölgədə mövcud münaqişə potensialını gücləndirəcək və ayırıcı xətlər yaradacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənis­tan–ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib. Birgə təlimlərin İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı səsləndirdiyi açıq bəyanatları fonunda keçirildiyinə diqqət çəkən M.Zaxarova bildi­rib ki, bu zaman Qərb ölkələri bölgədə sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsələr də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır. Rusiya XİN rəs­misinin sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif formatlara cəlb edir: “Əslində, bu fəaliyyət, ilk növbədə, Rusiya və İrana qarşı yönəlib”.

* * *

Qərbin Cənubi Qafqazda fəallaşma­sı prosesinə erməni cəmiyyətində müxtəlif yanaşmalar və dəyərləndirmələr var. Misal üçün, regional məsələlər üzrə ekspert Armen Poqosyan “NEWS.am”ın Qərbin bölgədə əsl maraqları barədə sualına belə cavab verib: “Qərbin marağı bir qədər fərqlidir. Qərb üçün vacib olan Orta dəhliz marşrutudur ki, bu da, əslində, Rusiyanın Şimal–Cənub layihəsinə alternativ olacaq. Çünki Ukraynadakı hərbi münaqişə sabah və ya o biri gün sona çata bilər. Ona görə Qərb üçün çox vacibdir ki, müharibədən sonrakı mərhələdə Avropaya enerji daşımalarının əsas həcmi Rusiyadan yan keçsin”.

Poqosyanın sözlərinə görə, bundan əlavə, Orta dəhliz postsovet məkanında bir sıra ölkələri də əhatə edir. “Bu halda həmin ölkələr də Rusiyanın təsirindən qurtulacaq­lar. Qərb bunun üzərində işləyir və ortada iki vacib amil var. Bunlardan birincisi, yolun heç bir halda İran ərazisindən keçməməsidir. İkincisi isə region ölkələrinin suverenliyi və ərazi bütövlüyü heç bir şəkildə pozulmama­lıdır”, – deyə erməni ekspert fikrini yekun­laşdırıb. 

Bəs, yerli ekspertlər Cənubi Qafqazda cərəyan edən prosesləri necə dəyərləndirir­lər? Bölgənin şimalında və cənubunda yer­ləşən Rusiya və İranın ABŞ başda olmaqla, Qərbin Qafqaz planlarına niyə dişli reaksiya verməmələrini nə ilə izah edirlər?

Mövzu ilə bağlı “XQ”-yə açıqla­ma verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov son vaxtlar xarici aktorların re­gionda fəallaşmasının səbəblərinə toxundu: “Bölgədə onların fəallığından irəli gələn hər hansı proses müşahidə olunmur. Ermənis­tanla Azərbaycan arasında davam edən sülh danışıqlarında da dəyişiklik yoxdur. ABŞ rəs­miləri sülh sazişinin qarşıdakı bir ayda, hətta həftələrdə imzalanacağını bəyan etsələr də, reallıq onu göstərir ki, yaxın gələcəkdə, bu, mümkün deyil. Birləşmiş Ştatlar həm daxil­də gözlənilən seçkilər ərəfəsində, həm də Ukraynaya yardımla bağlı fəallaşıb. Amma bir sıra dövlətlər gözləmə mövqeyindədir­lər. Hesab edirik ki, qarşıdakı üç ay ərzində bu proseslər gündəmdən düşməyəcək. Eyni zamanda, Ağ evin fəal xarici siyasət yürüt­məsinə imkanı olmayacaq. Region ölkələ­rinə gəldikdə isə Rusiya yaxın aylarda yeni silahlarla təchiz edilmiş Ukrayna ordusu ilə baş-başa qalacaq və hərbi eskalasiya özünün pik nöqtəsinə çatacaq. Əslində, qarşı duran tərəflər Ukraynada yeni reallığın formalaş­masını istəyirlər”.

Regionda baş verən hadisələrə Tehranın susqun qalmasına münasibət bildirən poli­toloq bunu İranda yeni hökumətin formalaş­ması ilə izah etdi: “Yaxın Şərqdə proseslərə diqqət yetirsək, deməliyik ki, İsrail Livana daxil ola, yaxud Hizbullaha qarşı birbaşa cə­bhə aça bilər. Yəni, Tehranın başı daha çox Yaxın Şərqdə cərəyan edəcək hadisələrə qa­rışacaq. Belə durumda regional məsələlərə diqqət ayırmaq bir qədər çətinləşir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan Qər­bə inteqrasiyası meyillərində Rusiyanın və İranın “qırmızı xətlərini” hələ keçməyib. Doğrudur, ABŞ–Ermənistan birgə hərbi tə­limləri İran üçün bir siqnaldır. İran səfirinin Ermənistanın müdafiə naziri ilə görüşü məhz bununla bağlı idi. Fəqət hələlik Ermənistan nə MDB və KTMT-dən, nə də Avrasiya İt­tifaqından çıxıb. Payızda bu platformalarda etirazların baş qaldıracağı istisna edilmir. Artıq bu barədə söhbətlər var. Sanki, indi hamı hazırlıq mövqeyindədir. Bu səbəbdən bölgədə hansısa radikal addımların atılacağı ağlabatan deyil” 

* * * 

Göründüyü kimi, sülh danışıqlarında vasitəçilik statusunu itirmiş Vaşinqton Er­mənistanla münasibətləri daha da dərinləş­dirmək, İrəvana təsirini artırmaq, Rusiyanın təzyiqlərini isə azaltmaq yönündə fəaliyyəti gücləndirməkdə israrlıdır. Okeanın o tayın­dan bölgəyə səfərlərin intensivləşməsinin əsas səbəbi də budur. ABŞ və Aİ Gürcüstanla bağlı “ssenarisi” pozulduqdan sonra Cənub Qafqazda özlərinin “forpostu” kimi Ermənis­tana “stavka” edirlər. “Səlibçilər” sülh prose­sinə dəstək bəhanəsi ilə Ermənistan üzərin­dən Qafqaza yeni “yürüşü” reallaşdırmağı hədəfləyirlər. Onların bu niyyətlərinə çatana qədər sülh prosesnə mane olacaqları şübhə doğurmur. Əlbəttə ki, sülh müqaviləsinin im­zalanması, Ermənistanla Azərbaycan arasın­da münasibətlərin normallaşması, ikitərəfli əməkdaşlığın bərpası regionda öz maraqları­nı güdən “böyük güclər”ə sərf eləmir. 

İndi Paşinyan hakimiyyəti özündə təpər tapıb Qərbin növbəti oyununda “piyada”ya çevrilmək riskindən qurtulmağı bacararsa, Azərbaycanla sülh prosesini davam etdirərsə, bu halda kənar aktorlar da prosesdə iştirak etməyə çalışacaqlar. Amma, deyəsən, Ermə­nistan rəhbərliyi regionda ABŞ (Qərb) ilə Rusiya arasında gedən qarşıdurmadan bəh­rələnmək barədə düşünür. Bu isə eyni vaxt­da “iki stulda əyləşmək” taktikasından da qorxulu və İrəvana yaxşı heç nə vəd etməyən perspektivdir.

“Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, ABŞ-nin Cənubi Qafqazda­kı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilmə­sini diktə edir: “Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraq­larına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir. Vaşinqton Azərbaycan­la Ermənistan arasında sülhün əldə olunma­sına çalışır, bu istiqamətdə fəallığını artırıb. Rəsmi Bakı Vaşinqtonun moderatorluğunun əleyhinə deyil, əməkdaşlığın inkişafında da maraqlıdır. Amma Azərbaycanın Vaşinqto­nun Qafqaz siyasəti ilə bağlı bir neçə cidd su­alı var. Birincisi, ABŞ-nin Ermənistanla birgə həyata keçirdiyi hərbi təlimlərin məqsədi nə­dir? İkincisi, Amerikada bəzi siyasi mərkəz­lərin Qarabağ mövzusunu hələ də “diqqətdə” saxlamağının arxasında nələr gizlənir? Ay­dındır ki, Vaşinqtonun Ermənistanla yaxın­laşmasının və bu ölkə ilə birgə hərbi təlim­lər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bu­nun qarşılığında Ağ evdən təhlükəsizlik təmi­natı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir”. 

E.Şahinoğlunun qənaətinə görə, ABŞ Er­mənistanla birgə təlimlər keçirəndə anlamalı idi ki, bu, Azərbaycanda haqlı narazılıq doğ­ruracaq: “Çünki Ermənistan hələ Azərbay­canla sülh sazişi imzalamayıb və bu durumda müharibə ehtimalı ortadan qalxmayıb. Belə çıxır ki, ABŞ-nin hədəfi Rusiya olsa da, Er­mənistan ordusuna təlimlər keçməklə qonşu ölkəni Azərbaycana qarşı gücləndirir. Vaşinq­ton nəzərə almalıdır ki, bu, Azərbaycan–ABŞ münasibətlərinə mənfi təsir edəcək. Məhz bu cür siyasətə görə rəsmı Bakı Brüsselin sülh moderatorluğundan imtina etdi. Aİ də bir ara İrəvanla Bakı arasında fəal moderator idi. Fəqət, elə ki, danışıqlar masasında Fransa prezidenti oturmağa çalışdı, proses pozuldu və Bakı haqlı olaraq Brüssel formatından müvəqqəti olaraq imtina etdi. İndi eyni səhvi Vaşinqton edir. ABŞ Azərbaycanla Ermənis­tan arasında həm moderatorluq etmək istəyir, həm də Ermənistan ordusunu gücləndirməyə çalışır”. 

* * *

Yaranmış durumda “bir əldə iki qarpız tutmağa” çalışan Vaşinqton, doğrudan da, tərəfsiz olduğunu əməldə sübut etməlidir. “Sülh göyərçini”ndən danışan rəsmi Vaşinq­tonun səmimiyyəti şübhə altına düşməmə­lidir. Axı, ötən otuz ildə Azərbaycan NA­TO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-a dəstək verib, onunla hə­mişə səmimi davranıb.

Rəsmi Moskva ABŞ–Ermənistan birgə hərbi təlimlərindən narahatlığını bir neçə dəfə bildirsə də, bu kontekstdə Tehranın susqunluğu diqqət çəkir. ABŞ-ni “şeytan” ad­landıran İran hakimiyyəti qulağının dibində NATO hərbçilərinin təlim keçirməsini hələlik sakitcə seyr edir. Əslində, bu mövqenin özü də ikili standarta nümunə sayılmalıdır. Əgər ABŞ-ylə birgə hərbi təlimləri Azərbaycan ke­çirsəydi, yəqin ki, Tehranın narazılığı aləmi bürümüşdü.

Sonda Ermənistan–Rusiya münasibətlə­rinin indiki durumuna bir daha nəzər yetir­mək istərdik. Bunu əvvəlki məqalələrimizdə də yazmışıq: Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox qazanan ölkə məhz Ermənistandır. İrəvan digər tərəfdən o qədər də “dərinə işləməyən” demarşları ilə özünü ABŞ və Qərb üçün cəlbedici etməyə, onlardan həm iqtisadi, həm diplomatik, həm də siyasi dəstək almağa çalışır. Bu, əsl ermə­ni siyasətidir. İntəhası, İrəvanın bu “buqələ­mun” siyasətini hara qədər davam etdirə biləcəyi, əks qütblərdə olan “divlərlə” müttə­fiqliyini hansı nöqtəyədək daşımağı bacara­cağı böyük sual işarəsi altındadır. Çox yaxın gələcəkdə Ermənistanın bu ikibaşlı siyasəti iflasa uğraya bilər. Vaşinqton, Brüssel, Paris, Moskva, əslində, İrəvanın bu manevrlərlə hərbi-siyasi, iqtisadi dividendlər əldə etməyə çalışdığını yaxşı anlayırlar. Fəqət, məqamı çatanda və seçim dilemması ilə üzləşəndə Er­mənistan hakimiyyəti başından böyük oyuna girdiyinin fərqinə varacaq. 

ABŞ və Qərbin regionda güclənməsi bu gün Rusiyanın diplomatik səviyyədə etiraz­larına tuş gəlir. Bu siyasətin yaxın gələcəkdə İranın da ciddi etirazı ilə üzləşəcəyi şübhə doğurmur. Müstəqil siyasət yürüdən suve­ren Azərbaycan isə regionda tezliklə sülhün bərqərar olmasında və bu zaman bölgəyə heç bir kənar aktorun müdaxiləsinə yol ver­məməkdə israrlıdır. 

İmran BƏDİRXANLI
XQ





Siyasət