Regional təhlükəsizlik Azərbaycan multilateralizmi kontekstində

post-img

IV MƏQALƏ

Abenin “təhlükəsizlik incisi”

Azərbaycanın multilaterallıq format­larının hansı şəraitdə ciddi sınaqlardan keçdiyini aydın dərk etmək üçün Asiya multilaterallığı ilə əlaqəli bir müqayisəyə də ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, rəsmi Bakının 1993-cü ildən həyata keçirmyə başladığı möhtəşəm multilate­ral modelin Azərbaycan fəlsəfi və polito­loji fikrində geniş təhlilinə rast gəlmirik. Ancaq bu problemi fəlsəfi ilə yanaşı, si­yasi-nəzəri olaraq dərindən anlamasaq, Azərbaycan Respublikasının müstəqil dövlət kimi dünya geosiyasətində yeri və rolunu adekvat dərk edə bilmərik. Söh­bət ondan getmir ki, biz hansısa nəzəri kəşf etməliyik – tam əksinə, Vətən və müstəqil dövlət dediyimiz məhfumların adekvat obrazını həm yaratmalı, həm də onu təşviq etməliyik. Bu baxımdan polito­logiyada Yaponiyanın keçmiş baş naziri S.Abenin adı ilə bağlı olan “Abenin “təh­lükəsizlik incisi” modeli fonunda Cənubi Qafqaz multilateralizminə bir daha bax­mağa ehtiyac vardır. 

S.Abenin “təhlükəsizlik incisi” Asi­ya–Sakit okean regionu üçün nəzərdə tutulmuş və birbaşa Çinə qarşı olan bir neçə dövlətin əməkdaşlıq modelini ifadə edir. Hər şeydən öncə, söhbət QUAD və AUKUS-dan gedir. QUAD təhlükəsizlik üzrə dördtərəfli dialoq formatıdır. 2007-ci ildə yaradılmışdır. Üzvləri ABŞ, Avstrali­ya, Hindistan və Yaponiyadır. Hind–Sakit okean regionunda təhlükəsizliklə bağlı formalaşdırılmışdır. Onlar “təhlükəsizlik” deyəndə Çinin aparıcı olmadığı sabitliyin və inkişafın təminini nəzərdə tuturlar. La­kin QUAD dərhal fəal ola bilmədi. Yalnız XXI əsrin ikinci onilliyində fəallaşdırıldı və QUAD 2.0 formatı meydana gəldi. Bu, 2017-ci ildə D.Trampın Asiya turnesi zamanı baş verdi. QUAD 2.0 QUAD-ın genişlənməsini nəzərdə tutur. Ona yeni üzvlərin qəbulu arzu edilir. Yəni faktiki olaraq Vaşinqtonun liderliyi ilə Çin ətra­fında güclü bir koalisiya-əməkdaşlıq qru­pu yaradılır. Bu, həm də Çinin yaratdığı regional əməkdaşlıq formatlarına qarşı­dır. 

Faktiki olaraq, Asiya–Sakit okeanda iki alternativ təhlükəsizlik və əməkdaşlıq formatları arasında güzəştsiz mübarizə gedir. Hələlik qalib yoxdur, yalnız gərgin mübarizə vardır. Ona görə də həmin re­gionun sabit təhlükəsizliyi və inkişaf kur­sundan danışmaq tezdir. Bu baxımdan dünyanın iki güclü dövlətinin rəhbərliyi ilə formalaşdırılan və başqa qlobal güc­ləri də əhatə edən multilaterallığın uğurlu olduğu haqqında fikir söyləmək çətindir. Bu tezis 2019-2020-ci illərdə QUAD-ı ya­radanların görüşlərindən sonra da aydın olmamışdır. 

Buna görədir ki, 2021-ci ildə yeni bir əməkdaşlıq formatı – AUKUS meydana gəlmişdir. Bu təşkilatda Avstraliya, Böyük Britaniya və ABŞ birləşmişlər. Məqsədləri QUAD-dan fərqli deyildir. Güclü antiçin koalisiyası yaradaraq, regionun digər dövlətlərini də (məsələn, Vyetnamı) ora üzv edərək üstünlüyü ələ almağa çalışır­lar. 

Bunlardan başqa, digər formatlar və mövcud olan formatların bu və ya digər dərəcədə kombinasiyaları kimi proseslər müşahidə edilir. Formal olaraq onların hər biri multilateral modelə uyğundur, la­kin real fəaliyyət və funksional səmərəli­lik aspektində kifayət qədər effektli deyil. Nəzərə alsaq ki, Uzaq Şərq üçün ASE­AN, ATEC, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi təşkilatlar və Rusiya kimi güclər də əhəmiyyətlidir, onda ümumi mənzərə daha aydın olar. Yəni, hətta, dünyanın ən güclü dövlətlərinin iştirak etdiyi və Abenin “təhlükəsizlik incisi” ad­landırılan modellər belə həqiqi mənada multilateral nümunə ola bilmirlər. Onlar “təhlükəsizliyin incisi” və “brilyantı” deyil, xeyli mənada gərginliyi artıra bilən və qeyri-sağlam rəqabəti, bloklaşmanı, hər­bi düşərgələrə parçalanmanı körükləyən formatlar təsiri bağışlayırlar. 

Ən təhlükəli cəhətlərindən biri on­dan ibarətdir ki, bu formatların təşəbbüs­karları həmin bloklaşma və qarşıdurma fəlsəfəsini qonşu regionlara – Mərkəzi Asiyaya, Cənubi Asiyaya və Qafqaza da yaymağı planlayırlar. Mərkəzi Asiya və Qafqazda ABŞ və Çinin liderlik etdikləri təhlükəsizlik və əməkdaşlıq formatla­rının kəskin rəqabəti bu əsasda özünü göstərir. Deməli, ayrıca Cənubi Qafqaz üçün miltilateral model məsələsi strateji aspektdə belə olduqca aktual məsələyə çevrilmişdir. 

Multilaterallıqların rəqabət meydanı 

Beləliklə, QUAD, QUAD 2.0, QUA­D+AUKUS və digər Asiya multilaterallıq modelləri başqa regionlar üçün yaradılan analoji nümunələrlə birlikdə dünya üzrə faktiki olaraq “multilaterallıq şəbəkəsi”nin yarandığı anlamını verirlər. Politoloji ter­minlə deyə bilərik ki, indi multilaterallığın əsas təzahür forması regional təşkilatlar, yəni dövlətlər qrupu vasitəsilə praktiki gerçəkləşmə mexanizminə sahib olma­sı ilə fərqlənir. Bu da Azərbaycan kimi dövlətləri güclü və mürəkkəb rəqabətlə üz-üzə qoyur. Çünki Cənubi Qafqazın təhlükəsizlik məsuliyyətini daşıyan lider dövlət və kənar modelləri arxa plana at­malı olan güclü geosiyasi oyunçu kimi Bakı digərlərindən fərqlənməlidir. Bu çə­tin regional lider rolunu ədalətli multila­teral nümunə çərçivəsində həyata keçir­mək çox böyük liderlik keyfiyyətləri tələb edir. Azərbaycanın multilateral nümunə­sinin və onun lideri İlham Əliyevin siya­si-diplomatik məharəti məhz bu prizmada bütün üstünlükləri ilə özünü göstərir!

Yeni multilaterallığa iddialı olan təşəbbüslər yalnız Uzaq Şərqdən gəlmir. Doğrudur, Avropanın Böyük Britaniya və Fransa kimi böyük dövlətləri Amerikanın Asiya planlarına daxil olurlar. Lakin bu­nunla yanaşı, sırf Qərbdən qaynaqlanan modellər də təklif edilir. Bu, əsasən Aİ-nin Yeni Qonşuluq Siyasəti çərçivəsində müxtəlif formatlarda özünü göstərir. On­ların sırasında, məsələn, “Üç dəniz sis­temi”ni, Şərq Tərəfdaşlığı Proqramını və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatı (GUAM) göstərə bilərik. Onlar­la yanaşı, müxtəlif enerji əməkdaşlıq for­matları da mövcuddur. 

Nəzəri olaraq, bu, multilaterallığın re­gional təşkilatlar müstəvisində reallaşma­sı mərhələsinə transformasiya deməkdir. Diqqət etsək, görərik ki, həmin dəyişmə əsas olaraq 2004-2007-ci illərdən başla­yaraq, XXI əsrin ikinci onilliyində daha da intensivləşmiş və son bir neçə ildə yeni gərginlik səviyyəsinə yüksəlmişdir. İndi bu ümumi dinamikanın daxilində Azər­baycanın multilaterallıqda əldə etdiyi konkret uğurlardan danışmaq olar.

Cənubi Qafqaza içvə kənar baxış 

İndi yuxarıda vurğulanan məqamları Azərbaycan multilateral numunəsi fonun­da ümumiləşdirə bilərik. 

Birincisi, Cənubi Qafqaz 2000-ci ildən bu yana əvvəlki mərhələdə olduğu kimi güclü geosiyasi təsirlər məkanı olmuş­dur. 

İkincisi, həm Asiya, həm də Avro­pa istiqamətindən multilateral xarakterli (yəni çoxtərəfli beynəlxalq əlaqələr yarat­maq iddiası ilə) formatlar təklif edilmişdir. 

Üçüncüsü, onların heç birində Cə­nubi Qafqaz dövlətlərinin milli maraqları əsas yerdə sayılmamışdır. Əksinə, kə­nardan olan regional multilateral təşkilat­ları yaradanların maraqlarına daha çox xidmət etmək şərti qoyulmuşdur. Bu za­man həmin şərtlər abstrakt, əməkdaşlıq, demokratiya, təhükəsizlik, liberallıq, azad ticarət, insan haqları və digər gəlişigözəl terminlərlə ibarələnmişdir. 

Dördüncüsü, multilaterallığı təşkil edən kənar qüvvələrin hər biri gerçək­dən Cənubi Qafqaz dövlətlərindən güclü və nüfuzludurlar. Üstəlik, bütün Cənubi Qafqaz dövlətləri bir yerdə belə onlar qədər imkana malik deyil. Yəni öncədən qeyri-bərabər rəqabət meydanı yaran­mışdır.

Məsələnin başqa mühüm tərəfi Cə­nubi Qafqazın region kimi vahid geo­siyasi və siyasi-iqtisadi mövqeyə malik olmaması ilə bağlıdır. Bunun başlıca səbəbkarı Ermənistandır. O, qonşu döv­lətlərə qarşı təcavüzkar xislətindən əl çəkmir və özünün absurd tarixi uydur­malarını gerçəklik kimi qəbul etdirmək xəstəliyinə düçar olmuşdur. Ancaq real vəziyyət Emənistana heç bir şans bu­raxmır. Erməni siyasi şüuru isə gerçək­liyi qəbul etmək istəmir. Bu səbəbdən, Cənubi Qafqaz kənardan olan güclü təsirlərə qarşı hardasa, müdafiəsizdir – geosiyasi təxribatlara region daxilindən dəstək verənlər mövcuddurlar! 

Bütün bunlara görə, regionda geosi­yasi mənzərəni multilateral kontekstdə kökündən dəyişmək üçün öncə bir sıra regional problemi həll etmək çox vacib idi. Bunu Azərbaycan edə bildi. Bakı onu üç istiqamətin sintezində reallaşdırmağı bacardı. 

Birincisi, Azərbaycan konkret enerji layihələri ilə multilaterallığı “qazan-qa­zan” prinsipi üzrə enerji proyektlərinə (neft və qaz bura daxildir) transformasiya etdi. Bu proses enerji strategiyasının I və II mərhələlərinin yekunu oldu. Onun fak­tiki və feili təsdiqi XXI əsrin əvvəllərindən neftlə yanaşı, bir neçə qaz layihəsinin həyata keçirilməsində özünü tapmışdır. Bakı–Ceyhan və Bakı–Supsa neft nəq­letmə marşrutu ilə yanaşı, Cənub Qaz Dəhlizi, TAP, TANAP və digər nümunələr meydana gəldi. Bunlara Azərbaycan Pre­zidenti bir neçə il gərgin siyasi-diplomatik fəaliyyət və maneələri bacarıqla aradan qaldırmaqla nail olmuşdur. 

İkincisi, Azərbaycan müstəqil surətdə və sırf milli maraqları çərçivəsində regio­nal təşkilatlanma xətti yeritmişdir. Həmin kurs Cənubi Qafqazda “Qafqaz evi” mo­deli ilə yanaşı, üç əlavə istiqaməti özün­də ehtiva etmişdir. 

Onlardan biri XXI əsrin əvvəllərində GUAM-ın aktuallaşdırılmasından ibarət idi. Bu ideya bir neçə il gündəmdə aktiv surətdə qaldı, lakin müəyyən səbəblər­dən sonra praktiki effektini itirdi. Bizcə, bunun başlıca səbəbi ideyanın kənardan verilməsi və məsələnin çox ümumi qo­yulması ilə bağlı idi. Həm də GUAM-da vahid mövqedən “demokratiya və iqtisadi inkişaf” mexanizmlərinin izahı mövcud deyildir. 

Digər istiqamət türk dövlətlərinin re­gional təşkilatlanması ilə bağlıdır. Bu prosesin əsasını Ulu öndər qoymuşdu. 2009-cu il Naxçıvan Bəyannaməsi ilə özünün yeni səviyyəsinə yüksəldi. XXI əsrin üçüncü onilliyində isə artıq güclü və eyniməqsədli regional bir təşkilat kimi fəaliyyət göstərir. Türk Dövlətləri Təş­kilatı (TDT) faktiki olaraq Azərbaycan Respublikası dövlətinin dövlət qurucu­luğu kursunun “Naxçıvan sinerjisi”nin “Ümumazərbaycan sinerjisi”nə və ondan da “Ümumtürk sinerji”sinə birbaşa ruhsal, ideyaca və feili siyasi-diplomatik keçid­lərinin sinergetik yekunudur. Bu proses Azərbaycan multilateraliziminin aparıcı xəttini təşkil etməkdədir. Təməlində isə Ulu öndərin “bir millət, iki dövlət” kəla­mının yaradıcı və təminedici potensialı durur. 

Nəhayət, üçüncü istiqamət Azərbay­canın Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin (mərkəzində milli təhlükəsizliyin dayanması şərti ilə) regi­onun üç böyük dövləti – Rusiya, Türkiyə və İranın iştirakı ilə təmin olunması ilə əlaqəlidir. Buna “3+3” formatı deyirlər. “3+3”-ün hüquqi və siyasi sütunlarını isə Azərbaycan–Türkiyə və Azərbaycan–Rusiya strateji müttəfiqlikləri təşkil edir. İranla konstruktiv və tarixi, mədəni ortaq­lıq müstəvisində qarşılıqlı faydalı əmək­daşlıq modeli üzrə münasibətləri inkişaf etdirmək xətti getdikcə daha konkret məzmun alır. 

Əslində, Azərbaycan Prezidenti bir neçə ildir ki, Cənubi Qafqaz miqyasında yeni ikitərəfli və üçtərəfli əməkdaşlıq for­matları təklif edir və onların hər biri real məzmun alır. Həmin prosesdə İranın da geniş şəkildə iştirakını Azərbaycan hər zaman nəzərdə tutmuşdur (məsələn, Azərbaycan–İran–Rusiya formatı, o cüm­lədən, Şimal–Cənub nəqliyyat dəhlizi daxilində və s). 

Bütün bunların fonunda II Qarabağ savaşının multilaterallıqda həlledici rolu üzərində düşünmək olar. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət