Dünən Azərbaycanın qeyri-hökumət təşkilatları ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar. Sənəddə 535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyətinin (100 nəfərlik Senatdan 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə 23 nümayəndə ) mayın 13-də ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd göstərməsi kəskin pislənilir.
QHT-lərin məktubunda qeyd edilir ki, konqresmenlərin həmin müraciətinin cəfəng mahiyyətinin Ağ evdə dərhal başa düşülməsini onu oxuduqdan sonra həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur: “ Dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib”.
Azərbaycan QHT-ləri bildirir ki, əslində, ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında liderlik edir. İqlim dəyişmələri ilə mübarizəyə dair ən böyük tədbir olan COP indiyədək bir dəfə də olsun ABŞ-da keçirilməyib: “ABŞ digər inkişaf etmiş ölkələrlə birlikdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə üçün maliyyə və texniki dəstək göstərilməsi üzrə beynəlxalq öhdəliklər götürüb. Lakin ABŞ tərəfindən bu öhdəliklərin heç 10 faizi yerinə yetirilmir”.
Daha sonra qeyd edilir ki, “Azərbaycan neft və qazı zəngin ölkələrin iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olması ilə bağlı dünyaya nümunə göstərir: “Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə edib, bu, həm də Azərbaycanın yaşıl enerji siyasətinə dünyanın münasibəti və rəğbətidir. Siz qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələr barədə formalaşmış mövcud çərçivəni gizlətmək, manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmaq və əsas günahın neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoyulması kimi uğursuz cəhdlər edirsiniz”.
Məktubun sonunda deyilir ki, Azərbaycanın COP29 üçün şüarı “Yaşıl dünya naminə həmrəy olaq!”dır. Sizi COP29-a dəvət edirik, gəlin, hər şeyi öz gözlərinizlə görün: “Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsini alqışlayan yüzlərlə xarici QHT-lər, vətəndaş cəmiyyəti təsisatları bu günlərdə silsilə bəyanatlar verirlər. Onlar qısa müddətdə COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əldə etdiyi uğurlara qiymət verir və təqdir edir. Elə Sizin müraciət etdiyiniz Blinken və Bayden kimi!”.
XQ